05 oktyabr 2026 12:18
91

Müəllimlik, həqiqətən də, müqəddəs peşədir

Müəllim auditoriyada özünü əsl pedaqoq kimi təqdim edə bilirsə, tələbələr də ona hörmətlə yanaşırlar

Bu gün 5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür. Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun “Keçid metal birləşmələri əsasında funksional materiallar” laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Faiq Məmmədov elmi fəaliyyətlə yanaşı, 14 ildir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) pedaqoji fəaliyyətlə məşğuldur. O, ümumilikdə 150-dən çox elmi əsər, “Scopus” və “Ross” elmi jurnallarında 60 məqalənin, o cümlədən 1 ixtiranın müəllifidir. 

“İki Sahil” elmi araşdırmaları müəllimlik fəaliyyəti ilə birləşdirən alimlə müsahibəni təqdim edir.

- Faiq müəllim, kimyanı seçməyinizə nə və ya kim təsir edib? Müəllim olmağa necə qərar verdiniz?

- Mən ziyalı ailəsində dünyaya göz açmışam. Atam 45 il Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. Yəqin ki, müəllim peşəsini seçməyimdə onun da təsiri olub.

Kimya sahəsinə yönəlməyimdə isə xüsusilə orta məktəbdəki kimya müəllimim Becan Fərzəliyevin böyük rolu var. Kimyanı sevməyimə səbəb olan məhz o idi. Çox savadlı olmaqla yanaşı, həm də gözəl insan idi. Kimyanın əsaslarını mənə o öyrədib.

- Kimya müəllimi ilə yanaşı, elmi fəaliyyətlə də məşğulsunuz. Alimlik və müəllimlik bir-birini necə tamamlayır? 

- Mən əsasən elmi-tədqiqatla məşğulam. ADPU-da təhsil alarkən elmi tədqiqatlara yönəlməyimdə böyük rolu olan bir neçə müəllimim olub. Universiteti fərqlənmə diplomu ilə bitirmişəm. Məzun olduqdan sonra Kimya İnstitutunda aspiranturaya qəbul olub, dissertasiya müdafiə edərək elmi fəaliyyətimi davam etdirdim.

Mənə elə gəlir ki, elmi tədqiqatla məşğul olan alimin ali məktəbdə müəllim işləməsi müəyyən üstünlüklər yaradır. Çünki tədqiqatçı alim öz sahəsindəki nailiyyətləri və ən son elmi yenilikləri yaxından izləyir. Bu biliklərin tələbələrlə bölüşülməsi onların həm şəxsiyyət, həm kimyaçı, həm də gələcək tədqiqatçı kimi yetişməsində mühüm rol oynaya bilər.

- Sizcə, gənclərin kimyaya marağını artırmaq üçün dərslərdə hansı yanaşmalardan istifadə edilməlidir?

- Bu, bir qədər mürəkkəb məsələdir. İlk növbədə, kimya həyatla əlaqəli şəkildə, praktik nümunələr əsasında tədris edilməlidir. Kimya haqqında danışarkən bəzən insanların ağlına yalnız zərərli maddələr və ətraf mühitin çirklənməsi gəlir. Halbuki kimya təkcə zərərli maddələrin yaranması ilə bağlı deyil, həm də onların təsirindən qorunma yollarının öyrənilməsində mühüm rol oynayır. Kimyanın gündəlik həyat və ətraf mühitlə əlaqəli şəkildə tədrisi həm məktəblilərdə, həm də tələbələrdə bu elmə marağı artıra bilər.

Digər mühüm məsələ şagird və tələbələrdə ekoloji bilik və bacarıqların formalaşdırılmasıdır. Bu gün bəşəriyyət qlobal istiləşmə, ozon qatının nazilməsi, meşələrin kütləvi şəkildə qırılması və digər qlobal ekoloji problemlərlə üz-üzədir. Bu problemlərin qarşısının alınması üçün uşaqlarda hələ orta məktəb yaşlarından etibarən ekoloji biliklərin formalaşdırılması, onlara ətraf mühitə məsuliyyətli münasibətin aşılanması vacibdir. Uşaqlara təbiəti sevdirmək, onu qorumağın yollarını öyrətmək lazımdır.

Bu məsələdə təbiət elmlərinin, xüsusilə kimya və biologiyanın üzərinə mühüm vəzifələr düşür. Məktəblilərə kimyanı ətraf mühitlə əlaqəli şəkildə öyrətməklə həm onların bu elmə marağını artıra, həm də ekoloji düşüncə və məsuliyyət hissini formalaşdıra bilərik.

Sadə bir misal çəkim, ətraf mühitin qorunması yalnız zavodlardan başlamır. Tutaq ki, insan parkda istirahət edərkən plastik butulkanı yerə atır. Əgər onda ekoloji məsuliyyət hissi formalaşıbsa, belə davranışın düzgün olmadığını anlayacaq. Plastik tullantılar ətraf mühitin estetik görünüşünü pozmaqla yanaşı, su hövzələrinə düşərək orada yaşayan canlılara da zərər verə bilər. Dənizlərdə və dünya okeanında toplanan plastik tullantılar ciddi ekoloji problemlər yaradır. Su canlıları bu tullantıları qida ilə səhv sala və nəticədə tələf ola bilərlər.

Ona görə də hesab edirəm ki, kimyanın ətraf mühitlə əlaqəli şəkildə tədrisi xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma gənclərin kimyaya marağını artırmaqla yanaşı, onlarda ekoloji dünyagörüşünün və məsuliyyət hissinin formalaşmasına, təbiətin qorunmasına töhfə verir.

- Sizcə, müəllim-tələbə münasibətlərinin düzgün qurulması üçün ən vacib məqamlar hansılardır?

- Müəllim-tələbə münasibətlərinin düzgün qurulması, ilk növbədə, müəllimin özündən asılıdır. Müəllimin səmimi olması, auditoriyanı idarə etməyi bacarması və dərsə hazırlıqlı gəlməsi vacib şərtlərdir. Bu amillər qarşılıqlı hörmətin formalaşmasına zəmin yaradır. Problemlər adətən, müəllim dərsə kifayət qədər hazırlaşmadıqda, auditoriyanı idarə etməkdə çətinlik çəkdikdə və ya tələbələrlə səmimi ünsiyyət qura bilmədikdə ortaya çıxır. Belə hallarda tədris prosesini səmərəli təşkil etmək də çətinləşir.

Müəllimlik, həqiqətən də, müqəddəs peşədir. Ancaq bu peşəni ürəkdən sevmək, ona bağlı olmaq və məsuliyyətini daşımağa hazır olmaq lazımdır. İnsan müəllimlik peşəsini sevmirsə, yaxşı müəllim olması da çətinləşir. Müəllim cəmiyyətin aynasıdır. Müəllim auditoriyada özünü əsl pedaqoq kimi təqdim edə bilirsə, tələbələr də ona hörmətlə yanaşırlar.

- Süni intellekt və yeni texnologiyalar təhsilin bütün sahələrinə təsir edir. Kimyanın tədrisində bu imkanlardan necə istifadə etmək olar?

- Süni intellekt alətlərindən hazırda geniş istifadə olunur. Mən özüm də müəyyən məsələlərdə onlardan faydalanıram. Lakin bəzi hallarda verdiyim suallara alınan cavablar məni tam qane etmir.

Kimyanın tədrisində də süni intellekt imkanlarından faydalanmaq olar. Ancaq ümumi yanaşsaq, düşünürəm ki, süni intellekt müəllimi əvəz edə bilməz. Müəllim şagird və tələbə ilə canlı ünsiyyətdə olmalıdır. Şagirdi danışdırmalı, onunla fikir mübadiləsi aparmalıdır. Tədris prosesində eyni zamanda sosiallaşma baş verir. Məncə, süni intellekt nə qədər inkişaf etsə də, müəllimin canlı ünsiyyətini və pedaqoji rolunu tam əvəz edə bilməz.

- Müəllimlik fəaliyyətinizdə sizi ən çox sevindirən və yadda qalan hadisə hansı olub?

- Bir dəfə dərsim Müəllimlər Gününə təsadüf etmişdi. Auditoriyada təxminən 80 tələbə var idi. Mən içəri daxil oldum. Jurnalı yazarkən birdən gördüm ki, tələbələrin hamısı ayağa qalxaraq mənə yaxınlaşır və məni alqışlamağa başlayır. Üzərində adım yazılmış qələm və dəftər hədiyyə etmişdilər. Onları hələ də saxlayıram. Bu, mənə ən çox təsir edən və yadda qalan anlardan biri idi.

 

Faiq müəllim, dəyərli fikirləriniz və səmimi müsahibəniz üçün təşəkkür edirik. Sizi Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edir, elmi və pedaqoji fəaliyyətinizdə yeni uğurlar, tələbələrinizin nailiyyətlərindən daim qürur duymağı arzulayırıq. Qoy müəllim əməyinizin ən böyük mükafatı yetişdirdiyiniz savadlı, düşünən və cəmiyyətə faydalı gənclərin uğurları olsun.

Yaqut Ağaşahqızı, "İki sahil"