05 oktyabr 2026 14:21
129

Milli iradə, siyasi qətiyyət, şanlı Qələbə

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilməsi bu mötəbər tədbirin siyasi əhəmiyyətini daha da artırır. Bu baxımdan VIII Qurultay təkcə partiyanın fəaliyyətinin növbəti mərhələsinin müəyyənləşdirilməsi deyil, həm də ölkəmizin yeni reallıqlar fonunda qarşıya qoyduğu hədəflərin nəzərdən keçirilməsi baxımından diqqət çəkir.

Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən dövlətçilik maraqlarının müdafiəsini özünün əsas siyasi xətti kimi müəyyənləşdirib. 1992-ci il noyabrın 21-də Azərbaycanın ağır siyasi, iqtisadi və hərbi böhranla üzləşdiyi bir vaxtda Ulu Öndər Heydər Əliyevin ətrafında birləşən insanların təşəbbüsü ilə yaradılan partiya xalqın sabitlik və dövlətçilik istəyinin siyasi ifadəsinə çevrildi. 1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkənin parçalanması təhlükəsinin qarşısı alındı, dövlətçilik əsasları möhkəmləndirildi, iqtisadi və beynəlxalq mövqelərin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Həmin dövrdə həyata keçirilən ardıcıl siyasət Azərbaycanın müstəqil dövlət kimi gələcək inkişafının möhkəm təməlini formalaşdırdı.

Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirildi. Müstəqilliyin möhkəmləndirilməsi, iqtisadi dayanıqlığın təmin olunması, hərbi qüdrətin artırılması və milli maraqlara əsaslanan xarici siyasət nəticəsində Azərbaycan qarşıya qoyduğu strateji məqsədlərə mərhələli şəkildə nail oldu. Ölkənin iqtisadi imkanlarının genişlənməsi, müdafiə potensialının gücləndirilməsi, beynəlxalq mövqelərin möhkəmlənməsi dövlətimizin qarşısında duran əsas məsələlərin həlli üçün geniş imkanlar yaratdı. 2020-ci il Vətən müharibəsində qazanılan Zəfər, 2023-cü ildə suverenliyin tam bərpası bu siyasətin ən böyük nəticələri sırasında yer aldı.

Şanlı Zəfər Azərbaycanın tarixində yeni reallıq yaratmaqla yanaşı, dövlət qarşısında yeni vəzifələr də müəyyənləşdirdi. İşğaldan azad edilmiş ərazilərin bərpası, şəhər və kəndlərin yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi hazırda həyata keçirilən genişmiqyaslı işlərin əsas istiqamətlərindəndir. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq prosesi həmin ərazilərin müasir və dayanıqlı yaşayış məkanlarına çevrilməsi baxımından böyük əhəmiyyət daşıyır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bizim qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir: “İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir. VII qurultayımız da o vaxt üçün yeni mühitdə keçirilmişdir. Çünki o şanlı Zəfərimizdən cəmi bir neçə ay keçmişdir və bütün dünya bizim Zəfərimizdən danışırdı. Azərbaycan özü təkbaşına həm işğala son qoymuşdur, eyni zamanda, bölgədə yeni reallıqlar yaratmışdır. O vaxtdan - İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir. Halbuki bu, asan başa gəlmədi”.

Bu gün qarşıda duran vəzifələrdən biri əldə edilmiş nailiyyətləri etibarlı şəkildə qorumaqdır. Dünyada təhlükəsizlik mühitinin sürətlə dəyişdiyi bir şəraitdə hərbi gücün artırılması, müdafiə imkanlarının daim təkmilləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Müstəqil siyasətin əsas dayaqlarından biri də məhz güclü dövlət və güclü ordu amilidir. Azərbaycanın son illərdə əldə etdiyi nəticələr milli maraqlara əsaslanan siyasətin davamlılığının dövlətin təhlükəsizliyinin və gələcək inkişafının mühüm şərti olduğunu nümayiş etdirir.

Qurultayda ideoloji təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirilməsi də müasir dövrün reallıqları ilə bağlıdır. İnformasiya texnologiyalarının sürətli inkişafı, sosial şəbəkələr, kiber məkan və müxtəlif informasiya resursları yeni çağırışlar yaradır. Bu şəraitdə Azərbaycanın həqiqətlərinin cəmiyyətə düzgün çatdırılması, milli birliyin və dövlətçilik düşüncəsinin qorunması mühüm vəzifəyə çevrilir. Təhsil, vətənpərvərlik və sağlam informasiya mühiti ideoloji təxribatlara qarşı əsas dayaqlardır. Xüsusilə gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığı, dövlətçilik prinsiplərinə sədaqəti bu istiqamətdə mühüm amillərdəndir. Bu istiqamətdə Yeni Azərbaycan Partiyasının üzərinə xüsusi məsuliyyət düşür. Partiya üzvləri müasir informasiya imkanlarından istifadə etməklə ölkəmizin reallıqlarının, Zəfərimizin mahiyyətinin və dövlətçilik dəyərlərinin daha geniş auditoriyaya çatdırılmasında fəal rol oynamalıdırlar. YAP-ın cəmiyyətdəki mövqeyi və geniş üzv potensialı bu fəaliyyətin daha sistemli şəkildə həyata keçirilməsi üçün mühüm imkanlar yaradır.

VIII Qurultay bir həqiqəti bir daha nümayiş etdirdi: dəyişən zaman və reallıqlar fonunda Azərbaycanın milli maraqlara əsaslanan siyasi xətti öz mahiyyətini qoruyur. Zəfər bu yolun mühüm nəticəsidirsə, onun qorunması və daha da möhkəmləndirilməsi qarşıdakı mərhələnin başlıca məsuliyyətidir. Yeni mərhələ Azərbaycanın qazandığı uğurların davam etdirilməsi, dövlətçilik əsaslarının daha da möhkəmləndirilməsi, cəmiyyətin həmrəyliyinin qorunması və ölkəmizin qarşısında dayanan strateji hədəflərin ardıcıl şəkildə reallaşdırılması ilə xarakterizə olunur. Bu baxımdan VIII Qurultayda dövlətimizin başçısının vurğuladığı fikirlər Azərbaycanın gələcəyə baxışının aydın ifadəsidir. Ötən illərdə formalaşmış möhkəm siyasi-iqtisadi və hərbi potensial qarşıdakı məqsədlərin həyata keçirilməsi üçün etibarlı zəmin yaradır. Əsas məsələ əldə olunan nəticələri qorumaqla yanaşı, yeni imkanları düzgün qiymətləndirmək, qarşıdakı çağırışlara vaxtında və çevik reaksiya verməkdir. Azərbaycanın postmüharibə dövründə də milli maraqlarına əsaslanan siyasətini davam etdirməsi ölkəmizin daha güclü və təhlükəsiz gələcəyinə xidmət edir.

Bədəl Bədəlov,
Milli Məclisin deputatı