05 oktyabr 2026 21:50
115

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil verilib

Muxtar respublikada özünüməşğulluq proqramı çərçivəsində 2017–2026-cı illərdə 3362 nəfər aktivlərlə təmin olunub.

“İki sahil” xəbər verir ki, bunu AZƏRTAC-a və AZTV-yə eksklüziv müsahibəsində Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov bildirib. Onun sözlərinə görə, muxtar respublikada bu gün artıq özəl sektorda muzdla çalışanların sayı 3 il əvvəlki 13 min nəfərdən 17 min nəfərə yüksəlib: “Hesab edirik ki, biznesin inkişafı nəticəsində bu göstərici dəfələrlə artmalıdır. Çünki muxtar respublikada dövlət sektorunda çalışanlarla özəl sektorda çalışanlar arasında ciddi disbalans mövcuddur. Bunun da əsas səbəbi uzun illər davam edən məhdudiyyətlər nəticəsində sahibkarlığın zəif inkişaf etməsi olub. Məhz buna görə dövlətin əsas prioriteti aqrar sahənin, sahibkarlığın, sənayenin inkişafı və biznes mühitinin cəlbediciliyini artırmaqla yeni iş yerlərinin açılmasına nail olmaqdır”.

Həssas əhali qrupundan olan sakinlərə dövlət qayğısından da söz açan C.Cəlilov qeyd edib ki, bu günə qədər muxtar respublikada 400-dən artıq imtiyazlı şəxsə mənzil təqdim edilib. “Qanunvericiliklə mənzil təminatı hüququna malik olan imtiyazlı şəxslər arasında, demək olar ki, artıq növbədə qalan yoxdur. Eləcə də avtomobil təminatı ilə bağlı müvafiq kateqoriyadan olan şəxslərə bu günədək 635 avtomobil verilib və qanunvericiliklə bu hüququ müəyyən edilmiş şəxslər üzrə növbədə heç kim yoxdur”, - deyə o əlavə edib.