Azərbaycanın müasir dövlətçilik tarixinin siyasi hadisələrinə nəzərə salanda kifayət qədər aydın görünən xətlər mövcuddur. Bu tarix, ilk növbədə, dövlətin böhrandan sabitliyə, zəiflikdən gücə, asılılıqdan müstəqil qərarvermə imkanına doğru keçdiyi mürəkkəb və çoxmərhələli proseslərlə müşayət olunur. Müstəqil Azərbaycanın siyasi memarlığına diqqət edəndə Ulu Öndər Heydər Əliyevin yeri xüsusi diqqət çəkir.
1990-cı illərin əvvəllərində Azərbaycan faktiki olaraq dövlətçilik sınağının ən ağır mərhələsini yaşayırdı. Müstəqillik yenicə bərpa edilmişdi, ölkə müharibə şəraitində idi, iqtisadi sistem dağılır, siyasi idarəetmə zəifləyir, dövlət institutları öz funksiyalarını tam yerinə yetirə bilmirdi. Qarabağda ərazilərin bir-birinin ardınca işğal olunması, daxildə siyasi qarşıdurmanın dərinləşməsi və vətəndaş müharibəsi təhlükəsi müstəqil dövlətin gələcəyini ciddi sual qarşısında qoymuşdu. Məhz belə bir tarixi şəraitdə Yeni Azərbaycan Partiyasının yaranması sıradan siyasi hadisə deyildi. 91 nəfər ziyalının Ulu öndər Heydər Əliyevə müraciəti ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda YAP-ın təsis olunması Azərbaycan cəmiyyətində dövlətçilik, sabitlik və milli maraqlar ətrafında yeni siyasi birləşmənin başlanğıcını qoydu. Prezident İlham Əliyev 2012-ci ildə YAP-ın 20 illiyinə həsr olunmuş mərasimdə bu hadisəni belə adlandırmışdı: “İyirmi il əvvəl – 1992-ci il noyabrın 21-də gənc respublikamızda çox əlamətdar hadisə baş vermişdir. Tarixi hadisə baş vermişdir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi və sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Bu, doğrudan da tarixi hadisə idi. Deyə bilərəm ki, gənc dövlətimiz üçün dönüş nöqtəsi idi.”
Bu baxımdan YAP-ın tarixini Azərbaycanın müasir dövlətçilik tarixindən ayırmaq düzgün olmazdı. Çünki partiyanın siyasi meydana çıxdığı dövr dövlətin mövcudluğunun özü üçün təhlükələrin artdığı bir mərhələ idi. YAP-ın əsas siyasi xətti də məhz həmin şəraitin doğurduğu tələbdən formalaşdı: dövlətçilik, milli maraqlar, müstəqillik, sabitlik və inkişaf.
Dövlət quruculuğunun başlanğıcı
Yeni Azərbaycan Partiyasının təsis qurultayının Naxçıvanda keçirilməsi də təsadüfi deyildi. Naxçıvan həmin dövrdə həm Azərbaycanın milli dövlətçilik düşüncəsinin, həm də siyasi müqavimətin mühüm mərkəzinə çevrilmişdi. Ulu Öndər Heydər Əliyevin Naxçıvanda həyata keçirdiyi siyasi addımlar sonrakı müstəqil dövlətçilik xəttinin mühüm elementlərini özündə ehtiva edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Ali Məclisinin qərarı ilə dövlət bayrağı kimi qəbul edilməsi, muxtar respublikanın adından sovet ideologiyasını ifadə edən sözlərin çıxarılması, Sovet İttifaqının saxlanılması ilə bağlı referendumun Naxçıvanda keçirilməməsi və digər addımlar milli dövlətçilik ideyasının praktik ifadəsi idi. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycanın müstəqilliyə gedən yolunda Naxçıvan xüsusi rol oynayıb. Bu siyasi xəttin davamı kimi 1992-ci ildə YAP-ın yaradılması Azərbaycanın siyasi sisteminin formalaşması baxımından yeni mərhələ yaratdı.
“Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanda əslində siyasi sistemin yaradılması demək idi. Çünki o vaxta qədər bizdə siyasi sistem mövcud deyildi. Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyəti, siyasi mübarizə qaydalarının təbliği, ümumiyyətlə, siyasətin sivil yollarla aparılması ideyaları da cəmiyyətdə böyük əks-səda yaratdı və cəmiyyət tərəfindən dərhal dəstəkləndi. Biz bu ideyalara bu gün də sadiqik.”- Prezident İlham Əliyev YAP ilə dövlətçilik ənənələrimizi belə xatırlayırdı.
Bu fikir YAP-ın mahiyyətini anlamaq üçün mühüm açardır. Çünki partiya yalnız hakimiyyət uğrunda mübarizə aparan siyasi təşkilat kimi meydana çıxmamışdı. Onun əsas iddiası dövlətin xilas edilməsi, siyasi sabitliyin təmin olunması və Azərbaycanın inkişaf edə biləcəyi siyasi mühitin yaradılması idi. 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı bu prosesin növbəti mərhələsi oldu. Artıq qarşıda təkcə siyasi hakimiyyət məsələsi deyil, dövlətin parçalanmasının qarşısının alınması, iqtisadiyyatın bərpası, ordunun formalaşdırılması və beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi kimi həyati vəzifələr dayanırdı.
Güclü dövlət
Heydər Əliyevin siyasi irsinin əsas xüsusiyyəti ondan ibarət idi ki, dövlətçilik onun üçün yalnız idarəetmə mexanizmi deyildi. Dövlət milli iradənin, təhlükəsizliyin, iqtisadi müstəqilliyin və gələcək inkişafın əsas təminatı kimi qəbul edilirdi. 1993-cü ildən sonra Azərbaycanın qarşısında duran əsas məsələ dövlətin sabitliyinin təmin edilməsi idi. Ölkə vətəndaş müharibəsi təhlükəsindən çıxmalı, separatizm meyilləri aradan qaldırılmalı, qanunsuz silahlı birləşmələr zərərsizləşdirilməli və vahid siyasi hakimiyyət formalaşdırılmalı idi. Ulu öndərin siyasi kursu bu mərhələdə dövlət institutlarının möhkəmləndirilməsinə yönəlmişdi. Atəşkəsin əldə olunması ilə Azərbaycan həm nəfəs almaq, həm də uzunmüddətli inkişaf strategiyası qurmaq imkanı qazanırdı.
1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması bu strategiyanın iqtisadi dayaqlarından birinə çevrildi. Xarici sərmayənin cəlb olunması Azərbaycanın enerji potensialını dövlətin inkişafına xidmət edən strateji resursa çevirmək üçün imkan yaratdı. Eyni zamanda, Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirildi.
Beləliklə, Heydər Əliyev siyasi irsinin əsas xətti üç mühüm istiqamətdə özünü göstərdi: siyasi sabitlik, iqtisadi müstəqillik və milli təhlükəsizlik. Bu xəttin mühüm xüsusiyyəti ondan ibarət idi ki, Qarabağ məsələsi də dövlət siyasətinin uzunmüddətli prioriteti olaraq qorunub saxlanıldı. Hərbi imkanların artırılması, diplomatik mövqelərin gücləndirilməsi və iqtisadi potensialın formalaşdırılması gələcəkdə Azərbaycanın daha güclü mövqedən çıxış etməsinə şərait yaratdı.
2003-cü ildən sonra bu siyasi kurs yeni mərhələdə davam etdirildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi, ordu quruculuğu, beynəlxalq əlaqələrin genişləndirilməsi, enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi Azərbaycanın dövlət potensialını daha da artırdı. Bu mərhələdə ən mühüm strateji məqsədlərdən biri Azərbaycan Ordusunun gücləndirilməsi idi. Çünki işğal faktının aradan qaldırılması üçün yalnız diplomatik fəaliyyət kifayət etmirdi. Dövlətin siyasi iradəsini reallaşdıracaq hərbi güc də formalaşdırılmalı idi. Bu baxımdan 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt əməliyyatı Azərbaycanın hərbi potensialının və siyasi iradəsinin göstəricilərindən biri kimi tarixə düşdü. Bu hadisələr 2020-ci ildə baş verəcək daha böyük tarixi dönüşün mühüm mərhələlərindən oldu. Vətən müharibəsinə aparan yol əslində 44 günlə məhdudlaşmırdı. Bu yol uzun illər ərzində dövlət institutlarının qurulması, iqtisadi imkanların genişləndirilməsi, ordunun modernləşdirilməsi, diplomatik mövqelərin möhkəmləndirilməsi və milli həmrəyliyin gücləndirilməsi ilə formalaşmışdı.
Məhz buna görə 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi yalnız hərbi qarşıdurma kimi qiymətləndirilə bilməz. Bu müharibə onilliklər ərzində aparılan dövlət quruculuğu siyasətinin, hərbi hazırlığın və siyasi iradənin nəticəsini ortaya qoydu.
Dövlətçilik yolunun zəfər nöqtəsi
2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi Vətən müharibəsinin həlledici mərhələsi oldu. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla Ermənistan hərbi məğlubiyyətini faktiki olaraq qəbul etdi və Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində yeni mərhələ başladı. Lakin 2020-ci ilin Zəfəri prosesin son nöqtəsi deyildi. Əksinə, Azərbaycan qarşısında yeni strateji vəzifələr meydana çıxdı: Qarabağda suverenliyin tam bərpası, separatizmin aradan qaldırılması və dövlət sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə Azərbaycan Qarabağda dövlət suverenliyini tam bərpa etdi.
Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı çıxışında bu iki tarixi mərhələni xüsusi vurğuladı: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. 8 Noyabr bizim əbədi bayramımız olacaq. Eyni əhəmiyyəti 20 Sentyabr da daşıyır. Çünki məhz 2023-cü il sentyabrın 20-də Azərbaycan separatizmə son qoydu, işğala son qoydu, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.”
VIII qurultay: tarixə yeni baxış
2026-cı il oktyabrın 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayının siyasi əhəmiyyəti də məhz burada üzə çıxır. Bu qurultay Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk YAP qurultayıdır. Prezident İlham Əliyev bunu çıxışında xüsusi olaraq qeyd etdi. Əslində VIII Qurultay bir siyasi təşkilatın növbəti hesabat tədbirindən daha geniş məna daşıyır. Çünki burada Azərbaycanın son üç onillikdə keçdiyi yolun siyasi nəticələri ortaya qoyulur. 1992-ci ildə əsas məsələ dövlətin qorunması idisə, 1993-cü ildən sonra dövlətin möhkəmləndirilməsi, 2003-cü ildən etibarən isə dövlət potensialının daha da artırılması və nəhayət, ərazi bütövlüyünün bərpası qarşıya qoyulmuş əsas strateji məqsədlərdən biri idi. Bu niyyətlərin ardıcıl icra olunması ilə bir daha aydın olur ki, YAP-ın tarixini Azərbaycanın Zəfər tarixindən ayırmaq olmaz.
Zəfərin davamlı gücə çevirilməsi
Bu gün Azərbaycanın qarşısında artıq əvvəlki dövrdən fərqli vəzifələr dayanır. Ərazi bütövlüyü və suverenlik bərpa olunub. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri aparılır. Azərbaycan regional və beynəlxalq proseslərdə daha fəal aktora çevrilib. Lakin Zəfər dövlətçilik yolunun sonu deyil. Əksinə, Zəfərdən sonrakı dövr yeni məsuliyyət mərhələsidir.
Prezident İlham Əliyev VIII Qurultayda xüsusilə hərbi gücün qorunmasının vacibliyini vurğuladı: “İlk növbədə, əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır. Sual oluna bilər, biz şanlı Zəfər qazanmışıq, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olub. Bu gün Azərbaycanla Ermənistan arasında münaqişə yoxdur, müharibə yoxdur, sərhədlərdə sakitçilikdir. Sülh müqaviləsi paraflanıb, artıq təmaslar da var. Hətta Azərbaycan Ermənistanla ticarətə də başlamışdır. Bu nə üçün lazımdır? Buna cavab, məncə, çox açıq-aydındır. Bu, həmişə lazımdır, hər bir ölkə üçün. Çünki bizim xalqımız bu faciə ilə üzləşib. Bizim xalqımız ermənilərin nankorluğu ilə üzləşib.”
Prezident Azərbaycanın bundan sonra da güclü olmalı olduğunu bildirib. O, dünyada müharibələrin və geosiyasi qarşıdurmaların artdığı şəraitdə hərbi və təhlükəsizlik məsələlərinin daim gündəmdə qalmasının zəruriliyini qeyd edib.
Mənim fikrimcə Azərbaycanın müasir dövlətçilik tarixinin son otuz ildən artıq dövrünə nəzər saldıqda hadisələr arasında aydın siyasi ardıcıllıq görünür. Bu günlərdə keçirilinə YAP-ın VIII Qurultayının siyasi mahiyyəti də məhz bu tarixi ardıcıllığın fonunda daha aydın görünür. 1992-ci ildə təsis olunan siyasi təşkilatın qurultayı artıq suverenliyini tam bərpa etmiş Azərbaycanın yeni mərhələsinin vəzifələrini müzakirə edir. Bu baxımdan Heydər Əliyevin siyasi irsi keçmişə aid siyasi miras deyil. O, müasir Azərbaycan dövlətinin siyasi düşüncə və idarəçilik sistemində davam edən xəttdir.
Nicat Quliyev,
Naxçıvan Televiziyasının baş redaktoru
Muxtar respublikada vətəndaşların rifahının daha da yüksəldilməsi əsas vəzifələrdən biridir
Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışında dövlətçilik və Azərbaycanın tarixi inkişaf yolu
İdeoloji işin düzgün, zamanın tələblərinə uyğun qurulması əsas çağırışlardandır
Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi - ARAŞDIRMA