08 oktyabr 2026 18:34
138

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri həyata keçirilir

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən qəhvəyi mərmər bağacığının (QMB) qışlama dövrünə keçidi ilə əlaqədar olaraq regionlarda fitosanitar sabitliyin təmin edilməsi məqsədilə qabaqlayıcı tədbirlər davam etdirilir. Hazırda Xaçmaz rayonunda Agentliyin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin əməkdaşları tərəfindən  təhlükəli zərərvericiyə qarşı intensiv kompleks tədbirlər görülür.

“İki sahil” xəbər verir ki, həyata keçirilən monitorinqlər və mübarizə işləri çərçivəsində Xaçmaz rayonunun Xanoba kəndi də daxil olmaqla, ümumilikdə 6 kənd üzrə müəyyən edilmiş 13 ocaqda, 8.3 hektar ərazidə zərərvericiyə qarşı zəruri preparatların tətbiqi ilə mübarizə işləri aparılıb. Zərərvericinin yayılma riskinin lokallaşdırılması məqsədilə bölgədə kompleks tədbirlərin icrası hazırda da operativ şəkildə davam edir.

Yaşayış yerlərində kimyəvi dərmanlama üçün zəruriət yaranıbsa, qida məhsulları, içməli su, qab-qacaq və ev heyvanları ərazidən kənarlaşdırılmalı, qapı və pəncərələr bağlanmalıdır. Mütəxəssislərin icazə verdiyi vaxta qədər dərmanlanmış yerələrə daxil olmaq yolverilməzdir.

Həmçinin qışlama ərəfəsində zərərverici ilə mübarizədə əhalinin fəal iştirakı xüsusi üstünlüyə malikdir. Belə ki, havaların soyuması ilə əlaqədar yaşayış evlərinə, çardaq və yardımçı tikililərə toplanan bağacıqların vətəndaşlar tərəfindən sadə mexaniki yolla (süpürülüb yığılaraq məhv edilməsi) təmizlənməsi ən səmərəli və təhlükəsiz mübarizə üsuludur.

Əhali tərəfindən atılan bu addım ətraf mühitə kimyəvi təsiri azaltmaqla yanaşı, növbəti mövsümdə zərərvericinin kütləvi çoxalma və kənd təsərrüfatına iqtisadi ziyan vurma potensialının qarşısını əhəmiyyətli dərəcədə alır. Agentlik vətəndaşları bu prosesdə fəal olmağa və birgə mübarizəyə dəstək verməyə çağırır.