Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli Daşkənddə keçirilən “Özbək dilinin dünya miqyasında yerini və nüfuzunu artırmağın perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edib.
“İki sahil” xəbər verir ki, bu barədə Dilçilik İnstitutundan məlumat verilib. Bildirilib ki, Özbəkistan Elmlər Akademiyasının Özbək Dili, Ədəbiyyatı və Folkloru İnstitutunun, Nazirlər Kabineti yanında Dövlət Dilini İnkişaf etdirmə Departamentinin və Özbək Dilini İnkişaf etdirmə Fondunun təşkilatçılığı ilə keçirilən konfransda özbək dilinin beynəlxalq nüfuzunun artırılması, milli dilin qorunması və inkişafı, türk xalqlarının ortaq dil və mədəni irsinin tədqiqi məsələləri müzakirə olunub. Tədbirdə Azərbaycanla Özbəkistan arasında tarixi-mədəni əlaqələrin, elmi əməkdaşlığın və ortaq türkoloji irsin öyrənilməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, özbək dilinin dünya miqyasında mövqeyinin gücləndirilməsi onun elmi əsaslarla öyrənilməsi, müasir texnologiyaların imkanlarından istifadə edilməsi, beynəlxalq elmi əlaqələrin genişləndirilməsi və zəngin ədəbi irsin dünya ictimaiyyətinə tanıdılması ilə sıx bağlıdır.
Konfransda professor Nadir Məmmədli “Özbək-azərbaycanlı dilçi alim Xalid Saidin “Divani-lüğət-it-türk” əsərinin tərcüməsi haqqında” məruzə ilə çıxış edib. Məruzədə Azərbaycan və özbək xalqlarının ortaq elmi-mədəni irsinin mühüm nümunələrindən biri kimi görkəmli türkoloq Xalid Səid Xocayevin fəaliyyəti xüsusi qeyd olunub. Diqqətə çatdırılıb ki, Xalid Səid Xocayev Mahmud Kaşğarinin dünya türkologiyasının fundamental mənbələrindən sayılan “Divanü lüğat-it-türk” əsərini Azərbaycan dilinə tərcümə edib. Tərcümə əlyazmasının 2023-cü ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun arxivində aşkarlanması və 2024-cü ildə üç cilddə nəşr edilməsi türkoloji irsin öyrənilməsi baxımından əlamətdar hadisə kimi qiymətləndirilib. Vurğulanıb ki, “Divanü lüğat-it-türk” yalnız türk dillərinin tarixi leksikasını öyrənmək üçün deyil, həm də türk xalqlarının mədəniyyətini, həyat tərzini və ortaq mənəvi dəyərlərini araşdırmaq baxımından mühüm mənbədir. Xalid Səid Xocayevin tərcüməsinin elmi dövriyyəyə qaytarılması repressiya qurbanı olmuş alimin irsinin bərpasına, Azərbaycan və Özbəkistan arasında elmi-mədəni əlaqələrin tarixi köklərinin daha dərindən öyrənilməsinə xidmət edir. Professor Nadir Məmmədli Azərbaycan və Özbəkistanın elmi müəssisələri arasında birgə tədqiqatların, elmi nəşrlərin, alim mübadiləsinin və beynəlxalq layihələrin genişləndirilməsinin vacibliyini qeyd edib.
Konfransın özbək dilinin beynəlxalq nüfuzunun artırılması, dilçilik sahəsində elmi əməkdaşlığın inkişafı və türk xalqlarının ortaq mədəni irsinin təbliği baxımından əhəmiyyət daşıdığı vurğulanıb.