Elm və Təhsil Nazirliyi Kimya İnstitutunun alimləri “SABAH City” innovasiya şəhərciyində “Müasir dövrdə korroziya problemləri və həlli yolları” mövzusunda Beynəlxalq Elmi Konfransda iştirak ediblər.
İnstitutun “Kimyəvi texnoloji proseslərin modelləşdirilməsi” laboratoriyasının əməkdaşları Qoşqar Əliyev, Emin Əliyev, Şəfiqə Əliyeva, Xuraman Hacıəhmədzadə və Xədicə Abbaslı “Abşeron yarımadasından çıxan neft şlamının fiziki-kimyəvi xarakteristikası və onun neft-qaz sənayesində korroziyaya potensial təsiri” mövzusunda məruzə təqdim ediblər.
Tədqiqatda Bibiheybət və Balaxanı neft yataqlarından götürülmüş neft şlamı nümunələrinin fiziki-kimyəvi xüsusiyyətləri araşdırılıb. Təhlillər nəticəsində nümunələrdə qurğuşun, kadmium, vanadium və nikel kimi ağır metalların miqdarının ekoloji təhlükəsizlik normalarını əhəmiyyətli dərəcədə aşdığı müəyyən edilib. FTIR spektroskopiyası vasitəsilə şlamın tərkibindəki üzvi birləşmələr də təhlil olunub. Əldə edilən nəticələr neft şlamının ətraf mühitə təsirinin və neft-qaz avadanlıqlarında korroziya riskinin qiymətləndirilməsi baxımından əhəmiyyətlidir.
İnstitutun “Kompozisiya örtüyü materialları və korroziyadan mühafizə” laboratoriyasının əməkdaşları Süleyman Verdiyev, Hilal Tahirli, Səadət Məmmədova, Mehriban Adıgözəlova və Afaq Hüseynova “Azərbaycan Respublikasında mövcud olan hidrotexniki qurğuların metal avadanlıqlarının istismar şəraitində korroziyaya davamlılığının tədqiqi” mövzusunda məruzə ilə çıxış ediblər.
Tədqiqat çərçivəsində Kür və Araz çayları üzərində yerləşən hidrotexniki qurğularda istifadə olunan Ст-3 markalı poladın korroziyaya davamlılığı bir il ərzində öyrənilib. Müəyyən edilib ki, korroziya elektrokimyəvi mexanizmlə baş verir və mövsümi dəyişikliklərdən asılıdır. Atmosfer şəraitində korroziyanın ən yüksək sürəti qış aylarında müşahidə olunub. Həmçinin, noyabr ayının sonunda su mühitində korroziya prosesini sürətləndirən sulfatreduksiyaedici bakteriyalar aşkar edilib. Tədqiqatın nəticələri hidrotexniki qurğuların metal avadanlıqlarının korroziyadan qorunması və istismar müddətinin artırılması üçün əhəmiyyət daşıyır.
Laboratoriyanın əməkdaşları, həmçinin “Termodiffuziya üsulu ilə xromlama prosesinə məruz qalan karbon tərkibli materialların səthində baş verən elektrokimyəvi proseslərin intensivliyinin asılılığı” mövzusunda məruzə təqdim ediblər.
Tədqiqatda az karbonlu və karbonlu poladların səthində xrom, titan və molibden karbid örtüklərinin əmələ gəlməsi və elektrokimyəvi xüsusiyyətləri araşdırılıb. Poladın tərkibindəki karbon miqdarının xrom və titan örtüklərinin 3%-li natrium xlorid (NaCl) məhlulunda korroziyaya davamlılığına təsiri öyrənilib. Həmçinin, əldə edilən xrom və titan örtüklərinin hidrogen və hidrogen peroksidin sintezində katalizator kimi istifadə imkanları qiymətləndirilib. Tədqiqat korroziyaya davamlı örtüklərin təkmilləşdirilməsi və onların yeni texnoloji sahələrdə tətbiqi baxımından əhəmiyyətlidir.
İnstitutun “Əlvan və qara metal tərkibli mineral xammalın emalı” laboratoriyasının əməkdaşları Aysel Muradova, Arif Heydərov və Gülnar Alişanlı isə “Elektrokimyəvi korroziyanın məhlulların arsensizləşdirilməsində rolu” mövzusunda məruzə ilə çıxış ediblər.
Tədqiqatda kobalt filizinin zənginləşdirilmiş tullantılarının emalı zamanı yaranan məhlullardan arsenin elektrokimyəvi üsulla zərərsizləşdirilməsi araşdırılıb. Nəticələr göstərib ki, optimal şəraitdə bu üsulla arsenin 99,5 faizə qədərini məhluldan kənarlaşdırmaq mümkündür. Təklif olunan yanaşma dağ-mədən sənayesində yaranan tullantı məhlullarının zərərli maddələrdən təmizlənməsi və ətraf mühitin qorunması baxımından perspektivli hesab olunur.
Qeyd edək ki, iki gün davam edən konfrans çərçivəsində “Korroziyanın nəzəri problemləri”, “Korroziya və materialşünaslıq”, “Atmosfer korroziyasından müdafiə vasitələri”, eləcə də “Korroziya inhibitorları, mikrobioloji korroziya və ondan müdafiə üsulları” mövzularında panel sessiyaları təşkil olunub. Sessiyalarda korroziya prosesləri, metal avadanlıqların mühafizəsi, korroziyaya davamlı materialların hazırlanması və müasir qoruyucu texnologiyaların tətbiqi ilə bağlı elmi müzakirələr aparılıb.