Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydalarına dəyişikliklər edilib. Yeni qaydalar 2026-cı il oktyabrın 1-dən tətbiq olunur.
Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2019-cu il tarixli 488 nömrəli Fərmanına uyğun olaraq, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə satmaq öhdəliyi ilə kirayə mexanizminin tətbiqi davam etdirilir.
Bu mexanizm çərçivəsində 2020–2026-cı illər ərzində Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda 17 müxtəlif ünvanda yerləşən yaşayış komplekslərində tam təmirli mənzillər vətəndaşlara təqdim edilib. İndiyədək 10 mindən artıq kirayə müqaviləsi rəsmiləşdirilib.
Kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaşın faydalanması, iş proseslərinin şəffaflığının artırılması, eləcə də sui-istifadə hallarının qarşısının alınması məqsədilə qaydalara bir sıra dəyişikliklər edilib.
Dəyişikliklərə əsasən, satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində mənzil əldə etmiş kirayəçi müqavilə bağladığı tarixdən 3 il keçdikdən sonra öhdəliyini başqa şəxsə ötürə biləcək. Öhdəliyini ötürmüş şəxslər isə ötürülmə tarixindən 5 il sonra bu mexanizmdən təkrar faydalanmaq imkanı qazanacaqlar.
Digər dəyişikliyə görə, müraciət zamanı İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş aktiv ipoteka krediti olmayan borcalanlar da satmaq öhdəliyi ilə kirayə mexanizmindən yararlana biləcəklər.
Bundan başqa, ərizəçilərin kredit tarixçəsinin qiymətləndirilməsi ilə bağlı şərtlər yenilənib. Yeni qaydalara əsasən, yalnız kredit tarixçəsi “müsbət” və “qənaətbəxş” qiymətləndirilən şəxslər kirayə mənzil mexanizmindən faydalana biləcəklər.
Qaydalara edilən dəyişikliklərlə bağlı əlavə sualları olan vətəndaşlar İpoteka və Kredit Zəmanət Fondunun 1549 Çağrı Mərkəzinə müraciət edə bilərlər.
“PAŞA Kapital” və İnnovasiyalar Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb
“AzerGold” QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – “AzerGold Uzbekistan” təsis edilib