21 oktyabr 2026 17:49
136

Avrasiya məkanında ən etibarlı, təhlükəsiz qovşaq - Orta Dəhliz

Bu gün dünyanın müxtəlif bölgələrində baş verən münaqişələr və qarşıdurmalar-Rusiya-Ukrayna müharibəsi, İran ətrafında cərəyan edən geosiyasi və hərbi proseslər, Qırmızı dəniz və Hörmüz boğazındakı qeyri-müəyəynlik, Sakit okeanda Çin-ABŞ rəqabəti, Yaxın Şərqdəki münaqişələrə yeni aktorların daxil olması fonunda geosiyasi və coğrafi baxımdan mühüm mövqedə yerləşən Azərbaycanın Avrasiya məkanında birləşdirici mərkəz kimi rolu getdikcə daha da vacibləşir.

Son dövrlərdə qlobal ticarətin yenidən təşkili, yeni logistika marşrutlarına ehtiyacın artması, təhlükəsizlik məsələlərinin aktuallaşması Asiya ilə Avropanı birləşdirən Orta Dəhlizin (Beynəlxalq Trans-Xəzər Nəqliyyat Marşrutu) əhəmiyyətini daha da artırır. çox geniş coğrafiyanı birləşdirən strateji layihə olan bu dəhliz Prezident İlham Əliyevin bildirdiyi kimi, Avropanı Xəzər dənizi vasitəsilə Asiya ilə bağlayan etibarlı və təhlükəsiz marşrut, yüklərin Asiyadan Avropaya və əks istiqamətə çatdırılmasının ən qısa və optimal yoludur. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, müasir avtomobil yolları və logistika mərkəzləri Orta Dəhlizin fəaliyyətində mühüm əhəmiyyət daşıyır. 

Ticarət dəhlizlərinin və logistikanın yenidən şaxələndirilməsi, ənənəvi dəniz yollarındakı risklər (məsələn, Qırmızı dəniz böhranı, Süveyş kanalı tıxanmaları) yeni alternativ marşrutların əhəmiyyətini getdikcə daha da artırır. Bütün bunlar Çindən Avropaya qədər uzanan, Mərkəzi Asiya ilə Xəzər dənizindən keçən Orta Dəhliz qlobal ticarətin yenidən təşkilində mühüm qovşaqlardan birinə çevririr. Bu dəhlizin inkişafı Avropanın ticarət və logistika imkanlarını genişləndirməklə yanaşı, regionda iqtisadi əməkdaşlığın güclənməsinə də xidmət edir.  Ekspertlərə görə, Orta Dəhlizin əsas həlqəsi olan Zəngəzur dəhlizinin açılması ölkəmizə əlavə olaraq 15 milyon ton illik yükaşırma imkanı yaradacaq. Nüfuzlu nəşrlərin analitik məqalələrində Orta Dəhlizin yüksəlişi təkcə növbəti bir infrastruktur layihəsi kimi deyil, qlobal ticarətin yenidən təşkili prosesində baş verən dərin struktur dəyişikliklərinin göstəricisi kimi qiymətləndirilir.

Logistika səmərəliliyini artırmaq üçün dəmir yolu, dəniz və avtomobil nəqliyyatının inteqrasiyasının sürətləndiyi bir dövrdə Mərkəzi Asiyanı Qafqaz, Türkiyə və Avropa ilə daha sıx iqtisadi əlaqələndirən Orta Dəhlizin inkişafı region ölkələrinin xarici ticarət imkanlarını genişləndirməklə yanaşı, onların beynəlxalq təchizat zəncirlərinə daha fəal inteqrasiyasına əlverişli şərait yaradır. Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev bu günlərdə dərc olunan məqaləsində qeyd edib ki, qlobal enerji sistemlərinin sürətlə dəyişdiyi və tələbatın artdığı dövrdənerji təhlükəsizliyi sabit təchizatın təmin olunması, ticarətin artırılması, iqtisadi və geosiyasi sabitliyin gücləndirilməsi üçün boru kəmərlərinin, elektrik şəbəkələrinin, enerjisaxlama sistemlərinin və nəqliyyat marşrutlarının bir-biri ilə əlaqələndirilməsindən asılıdır.

Türk dövlətləri Cənub Qaz Dəhlizi, Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi, Kambarata-1 Su Elektrik Stansiyası və Qara dənizin dibi ilə çəkilən sualtı elektrik kabeli kimi iri infrastruktur layihələri vasitəsilə regional və beynəlxalq enerji bağlantılarını gücləndirir. Bu təşəbbüslər Türk dünyasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsində, təchizat marşrutlarının şaxələndirilməsində və bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişafında artan rolunu nümayiş etdirir: “Xəzərdən keçən Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi Asiya ilə Avropa arasında getdikcə daha mühüm əlaqə xəttinə çevrilir. Dəhliz üzrə yük həcminin 2030-cu ilədək 11 milyon tona çata biləcəyi proqnozlaşdırılır”.

Orta Dəhlizin daha da inkişaf etdirilməsi ölkəmiizn nəqliyyat və logistika imkanlarını artıracaq. Yeni texnologiyaların tətbiqi, rəqəmsal həllərin genişləndirilməsi və nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi yükdaşımaların daha səmərəli təşkilinə imkan verəcək. yeni iş yerlərinin yaranmasına, sahibkarlıq fəaliyyətinin genişlənməsinə və respublikamızın iqtisadi imkanlarının artmasına əlverişli şərait yaradır.

Beləliklə, regional və qlobal iqtisadi inteqrasiyanı gücləndirən, qitələrarası bağlantının gücləndirilməsində mühüm rol oynayan, Avropa ilə Asiya arasında sürətli, təhlükəsiz və qənaətli bir marşrut kimi dəyərləndirilən Orta Dəhlizin strateji əhəmiyyəti getdikcə daha da artacaq.

Zahid Rza, “İki sahil”