23 oktyabr 2026 20:34
123

Xankəndidə keçirilən beynəlxalq forumda “ASAN xidmət” təcrübəsi təqdim olunub

Xankəndi şəhərində keçirilən “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forumda “ASAN xidmət” təcrübəsi təqdim edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “ASAN xidmət” modelinin dövlət xidmətlərinin göstərilməsində innovativ idarəetmə yanaşmasının uğurlu nümunəsi olduğunu vurğulayıb. O, bu modelin inzibati prosedurların sadələşdirilməsinə, xidmət proseslərinin optimallaşdırılmasına, dövlət-vətəndaş münasibətlərində etimadın gücləndirilməsinə töhfə verdiyini diqqətə çatdırıb.

Həmçinin diqqətə çatdırılıb ki, DOST Agentliyinin sosial xidmətlər sahəsində rəqəmsal həllərin tətbiqi və vətəndaşyönümlü yanaşmanın gücləndirilməsi istiqamətində gördüyü işlər təqdirəlayiqdir.

Tədbirdə sosial idarəetmədə rəqəmsal transformasiya, süni intellekt əsaslı qərarvermə və vətəndaşyönümlü xidmət modelləri müzakirə edilib, “TEDx” formatında debatlar, tematik İşçi qruplarının müzakirələri, paralel sessiyalar və tərəfdaş təşkilatların təqdimatları olub.

Forum çərçivəsində Dövlət Agentliyinin və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə “Süni intellektlə gələcəyin idarəolunması: proaktiv yanaşmalar və yeni imkanlar” mövzusunda yan tədbir, həmçinin dövlət xidmətlərində süni intellektin tətbiqi və rəqəmsallaşmanın imkanları haqqında panel müzakirələr keçirilib. Hər iki tədbirdə “ASAN AI Hub”ın rəhbəri Ləman İbrahimova bu istiqamətin əsas məqsədinin texnologiyanın özünü inkişaf etdirmək deyil, vətəndaşlara daha keyfiyyətli xidmət göstərmək olduğunu bildirib. Vurğulanıb ki, bu baxımdan xidmətlərin daha az vaxt və səylə əldə edilməsi, qərarların dəqiq və ədalətli olması, eləcə də vətəndaşların dövlət xidmətlərinə etimadının gücləndirilməsi əsas göstəricilərdir.