24 oktyabr 2026 08:43
113

Venesuelada neft hasilatında son illərin ən yüksək göstəricisi qeydə alınıb

Venesuelada neft hasilatı sutkada 1 milyon 252 min barelə çatıb ki, bu da son illərin ən yüksək göstəricisi olub.

“İki sahil” Venesuelanın "Últimas Noticias" nəşrinə istinadən xəbər verir ki, bu barədə PDVSA dövlət neft-qaz şirkətinin kəşfiyyat və hasilat üzrə vitse-prezidenti Eduardo Pinto Venesuela Prezidenti səlahiyyətlərini icra edən Delsi Rodriqesin rəhbərliyi ilə keçirilən müşavirədə bildirib.

"Bu gün biz günü 1 milyon 252 min barel göstərici ilə başa vururuq ki, bu da son ayların ən yüksək göstəricisidir", - şirkət nümayəndəsi bildirib.

Onun sözlərinə görə, hasilatın artması, xüsusən də ölkənin qərb regionunda neft istehsalının sutkada 382,5 min barelə qədər çoxalması ilə bağlıdır.

Pinto ayrıca olaraq Suliya ştatındakı "Petrozamora" birgə müəssisəsinin nəticələrini qeyd edib, burada gündəlik hasilat rekord həddə – 115 min barelə çatıb. İlin sonuna qədər bu göstəricinin 120 min barelə qədər artacağı gözlənilir.

Müşavirə zamanı həmçinin avqust ayında PDVSA ilə Amerikanın "North American Blue Energy Partners" şirkəti arasında imzalanmış 17 sazişin icrasına başlanılması da müsbət qiymətləndirilib.

Sazişlər Venesuelanın Marakaybo gölü hövzəsində və Orinokoda yerləşən strateji yataqlarında neft hasilatının bərpa edilməsini nəzərdə tutur.