21 may 2018 20:26
860

Şəfayət Mehdiyev küçəsinin bir hissəsi təmir edilib

Paytaxtın Yasamal rayonu ərazisindəki Şəfayət Mehdiyev küçəsinin bir hissəsinin təmiri Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən başa çatdırılıb.

Agentliyin mətbuat xidmətindən bildirilib ki, təmir-tikinti işlərinin aparıldığı ərazinin uzunluğu 570 metr, eni isə 10-27 metrdir. Küçənin sözügedən hissəsi hərəkət intensivliyi ilə seçilən Ə.Haqverdiyev və Landau küçələri ilə kəsişir.

Təmir-tikinti işləri çərçivəsində ərazidə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə 2 laydan ibarət və 10000 kvadratmetr sahəni əhatə edən yeni asfalt-beton örtüyü döşənib.

Bundan başqa, Şəfayət Mehdiyev küçəsində yağış-kanalizasiya sistemi bərpa edilib, zəruri olan yerlərdə yeni yağış barmaqlıqları quraşdırılıb, köhnələri isə yenisi ilə əvəz olunub.

Təmir işlərinin sonuncu mərhələsində yol nişanları və yolun üfüqi nişanlanma xətləri çəkilərək, Şəfayət Mehdiyev küçəsi yeni görkəmdə istifadəyə verilib.

Qeyd olunub ki, bundan öncə Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospekti və Ə.Haqverdiyev küçələri arasında yerləşən 1,7 kilometrlik hissəsi təmir edilib.