KÖŞƏ

Zahid Rza

Azərbaycanın prioriteti, Avropanın hədəfi

27 fevral 2017 23:10
1139

Prezident İlham Əliyevin təşəbbüsü ilə uğurla icra olunan, Avropanın enerji təhlükəsizliyində və enerji mənbələrinin şaxələndirilməsində mühüm əhəmiyyətə malik “Cənub Qaz Dəhlizi”nin vaxtında istifadəyə verilməsi üçün dünyanın nüfuzlu beynəlxlaq qurumları və tərəfdaş ölkələr konkret nəticələri olan müzakirələri daha da intensivləşdiriblər. 2011-ci ilin yanvarında Avropa Komissiyasının sədri Joze Manuel Barrozu və Prezidenti İlham Əliyev Bakıda “Cənub” Qaz Dəhlizi” ilə bağlı Birgə Bəyannamə imzaladıqdan sonra Avropa Komissiyası, tərəfdaş ölkələr və şirkətlər bu layihəni reallaşdırmaq yolunda əməkdaşlığı uğurla davam etdiriblər.  Belə ki, 2017-ci il yanvar ayının ikinci yarısında Azərbaycan Respublikası Hökuməti, “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti və Dünya Bankı arasında Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) layihəsinin dəstəklənməsi məqsədilə 400 milyon ABŞ dolları məbləğində kredit ayrılmasına dair müqavilə imzalanıb. Bundan başqa, Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən də müvafiq maliyyə dəstəklərinin təsdiqlənməsi beynəlxlaq maliyyə qurumlarının bu qlobal layihəyə böyük diqqət və dəstək verməsinin əyani sübutudur. TANAP-la bağlı imzalanan  müqavilənin xüsusi əhəmiyyətini qeyd edən  Dünya Bankının regional direktoru Merci Tembon etibarlı tərəfdaş kimi Azərbaycanla bundan sonra da əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirib: “Biz əminik ki, bu layihə ölkənin regional ticarətdə rolunu və rəqabətqabiliyyətini gücləndirmək və ixracını genişləndirməklə Azərbaycan xalqına çoxlu fayda gətirəcək”.

Avropanın qarşıdakı 100 ildə enerji təhlükəsizliyinin təminatını, resurslarının şaxələndirilməsini şərtləndirən əsas amillərdən olan “Cənub Qaz Dəhlizi” Azərbaycanın liderliyi, eləcə də bu layihə ilə bağlılığı olan ölkələr və dünyanın maliyyə qurumlarının sıx əməkdaşlığı sayəsində  uğurla reallaşdırılır.

Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziyasına müsahibəsində bildirdi ki, bu gün biz Avropanın ən nəhəng infrastruktur layihəsi və ya layihələrindən biri hesab olunan “Cənub Qaz Dəhlizi” layihəsini uğurla icra edirik: “Bu layihədə biz liderliyi öz üzərimizə götürdük və ümidvarıq ki, gələn il Cənub Qaz Dəhlizinin 4 seqmentindən 3-ü icra olunacaq. Sonuncu seqment olan Trans-Adriatik boru kəmərinin tamamlanması üçün bir az artıq vaxt tələb olunacaq. Bu, enerji təhlükəsizliyi layihəsidir və enerjinin şaxələndirilməsi bizə imkan verəcək ki, ən azı 100 il istehlakçıları qaz ilə təchiz edək”.

Bu günlərdə Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında iştirak edən nüfuzlu  maliyyə qurumlarının nümayəndələri bildiriblər ki, bu nəhəng enerji layihəsi Azərbaycanın prioriteti olduğu kimi, Avropanın da əsas hədəfidir.

Göründüyü kimi, XXI əsrin önəmli layihəsi olan “Cənub Qaz Dəhlizi” ölkəmizin sosial-iqtisadi inkişafına, xalqımızın həyat səviyyəsinin yüksəlməsinə, Avropanın, region ölkələrinin enerji təchizatının təmin olunmasına böyük töhfələr verməklə bərabər, beynəlxlaq əməkdaşlıq müstəvisində Azərbaycanın nüfuzunu və gücünü daha da artıracaq.