04 may 2017 14:28
436

Rusiya Avropaya təbii qaz nəqlini 15 faiz artırıb

Rusiyanın Türkiyə və Avropaya təbii qaz ixracı bu  ilin ilk rübündə  əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,9 faiz artıb. Bununla da təbii qaz ixracı 8,6 milyard kubmetr artaraq 66,2 milyard kubmetrə çatıb. 

Hesabat dövründə Almaniyaya təbii qaz ixracı 16,8 faiz, Macarıstana 53,6 faiz, Avstriyaya 82,3 faiz, Danimarkaya 27,4 faiz artıb. Həmin dövr ərzində ixracın artımı hasilatın artımı fonunda baş verib. Belə ki, ilin ilk 4 ayı ərzində “Qazprom”un   təbii qaz hasilatı  13 faiz artımla 162,6 milyard kubmetrə çatıb.

Lakin hasilatın və ixracın artımı hələ gəlirlərin də artımı demək deyil. Belə ki, Rusiya qazının Avropa üçün min kubmetrinin qiyməti hələ neftin bir barrelinin qiyməti 2008-ci ildə 145 dollar olduğu dövrdə  400 dollar idisə, ötən il bu rəqəm 176 dollara qədər enib. Enmə, həmçinin “Qazprom” şirkətinin Türkiyəyə satdığı təbii qazın qiymətinə də təsir edib. Nəticədə  təbii qazın min kubmetrinin qiyməti 2016-cı ildə 28,5 faiz  azalaraq 176 dollara düşüb. “Qazprom”un hesabatlarına əsasən, sözügedən qiymət  2015-ci ildə 246 dollar olub. Şirkət neftin ucuzlaşmasına paralel olaraq 2017-ci ildə təbii qazın bir kubmetrinin ixrac qiymətinin 167-171 dollar arasında  dəyişəcəyini proqnozlaşdırır.

Bununla belə, “Qazprom”un keçənilki mənfəəti əvvəlki  illə müqayisədə 20,9 faiz artaraq 951 milyard rubl (16,66 milyard dollar) olub. Dövlət şirkətinin sözügedən dövr ərzində satışdan əldə etdiyi gəlirləri  0,6 faiz artımla 6,1 trilyon rubla (106,85 milyard dollar) çatıb. Artımın Avropanın təbii qaza tələbatının yüksəlməsi hesabına olduğu bildirilir. “Qazprom” 2016-cı ildə Avropaya təbii qaz nəqlini əvvəlki illə müqayisədə 12,5 faiz artırıb. Bu isə o deməkdir ki, aşağı qiymətlərlə olsa belə, “Qazprom” hasilatı və ixracı yüksəltmək hesabına gəlirlərini artıra bilib. Buna hələlik Avropanın təbii qaza olan tələbatındakı artım da imkan verir. 

Ceyhun Piriyev, “İki sahil”