Bakı-Tbilisi-Ceyhan (BTC) boru xətti mart ayında Türkiyə ərzisindən ən çox neft daşıyan kəmər olub.
BOTAŞ-ın açıqladığı məlumatda bildirilib ki, BTC boru xətti ilə ay ərzində 19 milyon 884 min barrel neft nəql edilib ki, bu da fevral ayının analoji göstəricisindən 492 min barrel çoxdur. Fevral ayında bu kəmərlə 19 milyon 392 min barrel neft daşınıb.
Məlumatda qeyd olunub ki, ölkə ərazisindən keçən İraq-Türkiyə boru xəttindən 17 milyon 14 min barrel “Ceyhan-Kırıkkala”dan 2 milyon 910 min barrel, “Batman-Dörtyol”dan 1 milyon 171 min barrel neft nəql olunub.
Hesabat dövründə Türkiyə üzərindən keçən 4 kəmər vasitəsilə nəql olunan xam neftin miqdarı əvvəlki ayla müqayisədə 1,6 faiz artaraq 40 milyon 979 min barrel olub.
Qeyd edək ki, BTC boru kəməri hazırda əsasən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından hasil olunan kondensatı Azərbaycandan nəql edir. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur. O, Bakı yaxınlığındakı Səngəçal terminalından başlayıb Azərbaycandan, Gürcüstandan və Türkiyədən keçərək Aralıq dənizinin Türkiyə sahilindəki Ceyhan dəniz terminalınadək uzanır. 2006-cı ilin iyun ayından istismara verilən BTC boru kəməri Bakı-Tbilisi-Ceyhan Boru Kəməri Şirkəti (BTC Ko) tərəfindən tikilib. Boru kəmərinin Azərbaycan və Gürcüstanda yerləşən hissələrinin operatoru BTC Ko.-nun səhmdarları adından BP, Türkiyədə yerləşən hissəsinin operatoru isə BOTAŞ şirkətidir. Gündəlik ötürmə gücü hazırda 1,2 milyon barrel olan kəmərin 11 səhmdarı var. Azərbaycanın BTC-dəki payı 25 faiz təşkil edir.
Ceyhun Piriyev, “İki sahil”
Bakı Ali Neft Məktəbi Qazaxıstanda “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunub
SOCAR-ın vitse-prezidenti “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri ilə görüşüb