06 may 2017 00:32
411

Mali Respublikasının Prezidenti SOCAR-da olub

“Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Mali Respublikasının Prezidenti İbrahim Boubakar Keita mayın 5-də SOCAR Tower-də olmuşdur.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev ali qonağı salamlayaraq, Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Yavər Camalovu, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Zakir İbrahimovu və iqtisadyyat nazirinin müavini Sahil Babayevi ona təqdim etmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası və Mali arasında dostluq münasibətləri yüksələn xətt üzrə inkişaf edir, iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsi üçün böyük perspektivlər mövcuddur. Mali Prezidentinə Azərbaycanın iqtisadiyyatı, o cümlədən neft-qaz və müdafiə sənayesi, “AzerGold” QSC haqqında ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, bütün dünyada qədim neft diyarı kimi tanınan Azərbaycan ötən əsrin 90-cı illərindən əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji strategiyası çərçivəsində böyük nailiyyətlər əldə etmiş, regional və qlobal əhəmiyyətli möhtəşəm layihələr icra olunmuşdur. Hazırda Azərbaycan dünya bazarında həm xam neft, həm də mühüm təbii qaz ixracatçılarından biri kimi tanınır. Bu sahədə həyata keçirilən irimiqyaslı layihələr qlobal enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayır. SOCAR bütün bu layihələrdə Azərbaycanı təmsil etməklə yanaşı həm də xarici bazarlarda iştirak payını genişləndirir, dünyanın bir çox ölkələrində, o cümlədən Afrika qitəsində də uğurlu neft-qaz əməliyyatları həyata keçirir. 

Azərbaycanın sürətli inkişafını yüksək qiymətləndirən Mali Prezidenti İbrahim Boubakar Keita ikitərəfli əlaqələrin inkişafında maraqlı olduqlarını bildirmiş, iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə enerji, müdafiə sənayesi sahələrində Azərbaycanın zəngin təcrübəsinə və imkanlarına ehtiyac duyduqlarını qeyd etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşündə ölkələrimiz arasında iqtisadi əməkdaşlıq, qarşılıqlı ticarət və sərmayə qoyuluşu imkanlarının araşdırılmasının vacibliyinin vurğulandığını söyləyən Mali Prezidenti bunun üçün geniş perspektivlərin olduğuna bir daha inandığını diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan və Mali dövlətlərinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığı bu münasibətlərin ikitərəfli müstəvidə davam etdirilməsi üçün möhkəm zəmin yaradır. 

Görüşdə Azərbaycan və Mali nümayəndə heyətləri arasında müvafiq sahələr üzrə əməkdaşlığın inkişafı istiqamətində geniş fikir mübadiləsi aparılmışdır.