07 may 2017 17:35
423

TAP: İtaliyada tikinti dəhlizinin eni 18 metrə endirilib

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin inşası çərçivəsində İtaliyada boru kəmərinin keçdiyi meşələrdə tikinti sahəsinin eni 18 metrə endirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə TAP-ın "twitter" səhifəsində bildirilir. Qeyd edilir ki, ətraf mühitə təsirin minimuma endirilməsi üçün boru kəmərinin keçdiyi meşələrdə tikinti işləri eni 18 metr olan sahədə aparılır. TAP-ın digər ərazilərində isə tikinti dəhlizinin eni 38-28 metr təşkil edir.

Qeyd edək ki, 2015-ci il mayın 20-də İtaliyanın İqtisadiyyat Nazirliyi tərəfindən verilən əsas icazə sənədinə uyğun olaraq TAP-ın inşasına dair digər müvafiq icazələrin alınması üzrə işlər davam etdirilir. Keçən ilin may ayından etibarən TAP-ın 8 kilometrlik İtaliya hissəsinin inşasına başlanılıb. Ötən ilin yayından TAP marşrutu boyunca partlamamış hərbi sursatın olub-olmadığını yoxlamaq məqsədilə arxeoloji kəşfiyyatlar, eləcə də xətt üzrə bitən zeytun ağacları üçün fitosanitar tədbirlər (tozlanma) aparılır. Oktyabr-dekabr aylarında isə San Foça çimərliyində mikrotunelin tikintisi üzrə bütün geoloji tədqiqatlar yekunlaşıb. Cari ilin martında isə mikrotunelin tikiləcəyi ərazidən 231 zeytun ağacının ilk partiyasının köçürülməsinə başlanılıb. Lakin sonradan Latsio vilayət məhkəməsinin qərarı ilə zeytunlarının köçürülməsi işləri dayandırılıb.

Aprelin 20-də isə İtaliya məhkəməsi TAP-ın bu ölkədəki hissəsinin tikintisi üçün marşrut üzərindəki zeytun ağaclarının köçürülməsi prosesinin dayandırılması ilə bağlı Latsio vilayət məhkəməsinin qərarını ləğv edib. Bundan sonra isə, TAP konsorsiumu İtaliyada boru kəməri marşrutu üzrə zeytun ağaclarının köçürülməsinə yenidən başlayıb.

TAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan "Cənub Qaz Dəhlizi"nin bir seqmentidir. Boru kəmərinin təməli keçən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. İndiyədək “Trans-Adriatik” qaz boru kəmərinin tikintisi üzrə işlərin təxminən 35 faizdən çoxu icra olunub. Layihənin ümumi dəyəri 4,5 milyard avro olacaq. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxildir. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə 2020-ci ilin əvvəllərinə planlaşdırılır. Bu yaxınlarda layihə üzrə kompressor stansiyalarının tikintisinə də başlanılacaq. Boru kəmərinin dəniz hissəsi isə 2018-2019-cu illərdə inşa ediləcək.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Buradan TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə - Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək.

Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

Boru kəmərinin uzunluğu 878 kilometr (Yunanıstan – 550 kilometr, Albaniya – 215 kilometr, Adriatik dənizi – 105 kilometr, İtaliya – 8 kilometr), diametri isə 48 düymdür. Boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçəcək. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir.

TAP-ın inşasında ümumilikdə 53 mindən çox borudan istifadə olunacaq. Boru kəmərinin Yunanıstan hissəsində 32 min, Albaniya hissəsində 13 minədək, Adriatik dənizi hissəsində 8 min 750, İtaliya hissəsində isə 660 borudan istifadə ediləcək. Boruların ümumi çəkisi 526 min tondur. Bunun da Albaniya hissəsində 126 min tonu, Yunanıstanda 323 min tonu, dəniz hissəsində 72 min tonu, İtaliyada isə 5 min tonu istifadə olunacaq.

TAP-ın səhmdarları arasında bölgü belədir: BP - 20 faiz, “Cənub Qaz Dəhlizi” QSC - 20 faiz, “Snam S.p.A.” - 20 faiz, “Fluxys” - 19 faiz, “Enagás” - 16 faiz və “Axpo” - 5 faiz.