11 may 2017 14:55
1685

“SOCAR PETROLEUM” xidmət səviyyəsini daha da yüksəldir

Müştəri məmnuniyyətini günü-gündən artırmağı qarşısına məqsəd qoymuş  “SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyəti (QSC) xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini genişləndirir. Hazırda bu sahədə görülən işlər davam edir.  

Bu barədə qurumdan “İki sahil” qəzetinə verilən məlumatda bildirilib ki, “SOCAR PETROLEUM” QSC müştərilərin müraciətlərini daha operativ cavablandırmaq məqsədilə gün ərzində 09:00-dan 18:00-dək aktiv olan (050-243-65-45)  əlaqə vasitəsini istifadəyə verib. Bununla da xidmətin yaradılması müştərilərin qarşılaşdıqları problemlərin təxirəsalınmaz həllinə nail olmaq imkanlarını daha da genişləndirir.   

Şirkət müştərilərinin rahatlığını təmin etmək məqsədilə, həmçinin   innovativ yeniliklərə imza atmağa hazırlaşır. Bununla bağlı qeyd olunub ki,  sürətlə inkişaf edən müasir texnologiyaların tətbiqi çərçivəsində “SOCAR PETROLEUM” QSC-də xeyli işlər görülüb. Bu sahədə fəaliyyətin informasiya-kommunikasiya texnologiyaları ilə müşayiət olunması və tətbiq olunan yeniliklər müştəri məmnuniyyətinə nail olmaq məqsədi daşıyır.

Bu baxımdan yaxın zamanlarda həyata keçiriləcək növbəti yeniliklərdən biri də “SOCAR” yanacaq kartları ilə bağlı olacaq. Belə ki, müştərilər əldə olunan “SOCAR” yanacaq kartlarının balansını digər ödəmə kartları vasitəsilə onlayn artırmaq imkanı əldə edəcəklər. Eyni zamanda “e-manat” ödəmə terminallarında şəxsi məlumatlarını daxil etməklə balansı artıra biləcəklər. Hüquqi şəxslər isə “Asan imza” vasitəsilə elektron formada müqavilə bağlayaraq “SOCAR” yanacaq kartları əldə edəcəklər.

Bununla bağlı artıq  “e-manat” veb servisində işlər yekunlaşaraq təhvil verilib. Eyni zamanda “Cybernet MMC” ilə “Avtomatik İdarəetmə Sistemi”nin yenilənməsi işləri davam etdirilir. Bu pilot proqramın tətbiqi ilə bağlı test həyata keçirilir. Bundan əlavə, SOCAR-ın Rabitə və İnformasiya Texnologiyaları İdarəsindən əlavə ayrılmış serverdə də quraşdırma işləri aparılır.

Ceyhun Piriyev, “İki sahil”