05 iyun 2017 23:31
922

6 min tablo içərisində ən bəyəniləni - Mona Liza

XV-XVI əsrlərdə dünya incəsənətini öz əsərləri ilə zənginləşdirən bir neçə rəssam yarandı. İntibah dövrünün Rafaelini, ustad Tisianını, Bellinini, Mikelancelosunu çoxları tanıyır. Bunlar həmin əsrlərdə məşhurlaşan rəssamların yalnız bir neçəsi olsa da, bu məqamda xatırlatmaq yerinə düşərdi ki, onların heç biri Leonardo da Vinçi qədər müxtəlif sahələrin sənətkarı ola bilmədi. Çünki dünya mədəniyyətinin ən qiymətli əsərlərini yaratmış bu şəxsiyyət riyaziyyatçı, fizik, mexanik, mühəndis və astronom, fizioloq və nəbatat idi.  Məsələn, o, hərbi-mühəndis işləri sahəsində, hidrotexnikada ixtiralar edərək, fizikaya aid cihazlar, mexaniki qurğular yaratmış, paraşütün ideyasını vermiş, uçan aparatlar üzərində işləmişdi.

Leonardonun atası Pyero istəyirdi ki, oğlu da onun kimi notariatçı olsun. Amma dahi rəssam kəbindənkənar dünyaya gəlmişdi və elə bu səbəbdən də o vaxtın qanunlarına görə, kəbindənkənar uşaqlar notariatçı və həkim ola bilməzdilər. Ona görə də atasının dostunun məsləhəti ilə Leonardo rəssam olur.

Leonardo da Vinçi əvəzsiz rəssam və qəribə insan olub. Onun haqqında belə yazırlar: O, bazarı gəzir, qazancı çox olmasa da, quş satılan yerlərdə quşları qəfəsdən çıxarar, pulunu ödəyib azad edərdi. Gündə hər saatda on beş dəqiqə olmaqla yatarmış. Yazı tərzi də fərqli imiş. Solaxay olan Leonardo sağdan sola, çox vaxt tərsinə yazırmış və yazdıqlarını yalnız güzgüdə oxumaq mümkün imiş. Bəziləri bunu ixtiralarının sirrini saxlamaq üçün etdiyini yazırdı. Sonralar bu manuskriptləri oxumağa müxtəlif alimlər on illər sərf etdilər.

Qəribəlikdən söz düşmüşkən, İtaliyada tədqiqatçılar Leonardo da Vinçinin ölməz əsəri olan Mona Liza portretinin arxasındakı mənzərənin də yerini tapdıqlarını iddia edirlər. Urbino Universitetinin geomorfoloqlarından biri Oliviya Nesci ilə fotoqraf Rosetta Borçiya İntibah dövrünün başqa rəssamlarından Piyero della Françeskanın rəsmlərindəki mənzərələri araşdırmaq üçün bölgəyə gedərkən Mona Liza rəsmindəki mənzərə ilə bənzərliyi kəşf etdiklərini bildirirlər. Onlar mənzərənin Toskana yaxınlığındakı Senatello və Marekka çaylarının kəsişdiyi bölgə olduğunu deyirlər.

İtalyan mütəxəssislər rəssam da Vinçinin ən məşhur əsəri olan Mona Lizanın gözündə hərf və rəqəmlərin olduğunu kəşf etdi. Amerikalı yazıçı Dan Brounun dünya səviyyəsində 44 dilə tərcümə olunan və 80 milyondan çox satılan məşhur romanı «Da Vinçi Şifrəsi»ndəki iddialar gerçək oldu. Məşhur İtalyan rəssam Leonardo da Vinçinin 500 illik əsərini araşdıran mütəxəssislər, Mona Lizanın gözlərini örtən tünd boyada kiçik hərf və rəqəmlərin gizləndiyini ortaya çıxardı. İtaliya milli mədəniyyət komitəsinin apardığı araşdırmalarda Mona Lizanın sağ gözündə L və V hərfləri tapıldı. Sol gözdə də tam olaraq aydın olmayan simvollar kəşf edildi. Komitə sədri Silvano Vincetti açıqlama verərək söyləyib ki, adi gözlə simvollar görünmür. Sağ gözdə, Leonardo da Vinçinin adını simvollaşdıran L və V hərfləri var. Sol gözdəki simvollar isə diqqətə çarpan deyil. CE hərfləri ya da B hərfi ola bilər. Arxa plandakı körpü xəttində də 72 rəqəmi və ya L hərfi və 2 rəqəmi seçilir. 50 il əvvəl təsadüf əsəri bir arxeoloqda olan kitabdan başlayaraq kəşf edilən Mona Lizanın gözündəki simvolların rəssam tərəfindən cədvələ əlavə olunduğu bildirildi. Mütəxəssislərə görə bu hərf və rəqəmlər gerçək «Da Vinçi şifrəsi» ola bilər.

Eyni zamanda, tədqiqatçılar Mona Lizanın arxasındakı mənzərənin təkcə bir bölgəyə aid olmadığını, altı fərqli baxışdan bölgədəki görünüşün birləşdirildiyini də ehtimal edirlər.

Ancaq bu kəşf Mona Liza rəsmindəki mənzərə ətrafındakı müzakirələri dayandırmayıb. Qeyd edək ki, sənət tarixçilərinin bir hissəsi mənzərənin «Leonardonun xəyalının məhsulu» olduğunu iddia etdikləri halda, digərləri onun İtaliyanın şimalındakı dağlıq bir bölgə ola biləcəyi ehtimalını irəli sürürlər.

Xatırladaq ki, soyadına görə həm də Cokonda deyə çağrılan bu əsər dünyanın ən çox tanıdığı rəsm əsəridir.

Luvrda 6 min tablo olmasına baxmayaraq ziyarətçilərin 95 faizi 77 sm x 53 sm ölçüdəki bu kiçik tabloya baxmağa üstünlük verirlər. Saatda 1500 adamın ziyarət etdiyi tablo sabit 20 dərəcə istilikdə 3 qat şüşənin arxasında qorunur. Muzey isə hər il 330 min Mona Liza mövzulu məhsul satır.

Ümumiyyətlə, Leonardo da Vinçinin bütün həyatı boyu 20-yə yaxın şəkil çəkdiyi hesab edilir. Onlardan yalnız 15-i qorunub saxlanılır. Da Vinçinin əsərlərinin çoxunun qiyməti məlum deyil

Günel Eyyubova, «İki sahil»