30 iyun 2017 14:41
637

Ordumuz ən müasir silahlarla təchiz edilir

İyunun 23-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Şirvan şəhərinə səfər edərək Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının  Şirvan şəhərindəki hərbi hissəsinin və iki müasir silah  zavodunun açılışlarında iştirak edib. Xüsusən tank əleyhinə qumbaraatan (TƏQ 7V2) üçün sursat istehsalı və revolver tipli qumbaraatanlar üçün atəş yığımları zavodlarının açılışı Azərbaycan Silahlı Qüvvələri üçün çox əhəmiyyətli hadisə hesab edilir.

Qeyd edək ki, quru qoşunların ən sürətli hücumu tanklarla həyata keçirilir. Məhz bu tip hücumlardan ən yaxşı müdafiə müasir qumbaraatanlardan istifadədir. Ölkəmizdə istehsalına başlanılan bu silah növü müasirliyinə görə əvvəlkilərdən xeyli üstündür. Belə ki, burada hədəfdən yayınma minimuma endirilib. Eyni zamanda, hədəfi dağıtmaq gücü xeyli artırılıb. Bu sursatlarla düşmənin 700 metr məsafədəki hədəflərini məhv etmək mümkündür. Halbuki bu tip silahların əvvəlki hədəfivurma məsafəsi 350-400 metr idi.  

Bundan başqa, tank əleyhinə qumbaraatanın 4-qəlpəli, kumulyativ tandem, qumbaralı və inert termobarik növünün istehsalı planlaşdırılır. Tank əleyhinə qumbaraatanlardan istifadədə məqsəd tank və özüyeriyən qurğuları, düşmənin bütün hərbi nəqliyyatını, qarşı səngərdəki canlı qüvvəni məhv etməkdir.

Hər iki zavodun açılışı ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin ordumuza böyük hədiyyəsidir. Bu silahların istehsalı ilə Azərbaycan Ordusu daha da güclənərək düşmən üzərindəki hərbi üstünlüyünü artırmış oldu.

İndi ermənilər də anlayırlar ki, Azərbaycan Ordusu bugünkü qüdrəti və peşəkarlığı ilə Ermənistan ordusunu qısa müddətdə darmadağın edə bilər. Burada bir faktı da qeyd etmək vacibdir ki, Azərbaycan öz ordusunu ən müasir NATO standartlarına uyğunlaşdırmaqdadır. Hərbi peşəkarlıq, ən müasir silahlarla təminat artıq ordumuzu nəinki bölgədə, hətta MDB məkanında ən güclülər cərgəsinə çıxarmışdır.

Məhz bu göstəricilərə görə, Ermənistan ordusu Azərbaycan hərb maşınının qarşısında duruş gətirə bilməz. Ancaq neyləyəsən ki, dünyadakı ikili standartlar və xristian təəssübkeşliyi, o cümlədən böyük güclərin ermənipərəst mövqeləri Azərbaycan Ordusuna hələlik öz gücünü və qüdrətini göstərməyə mane olur. Təbii ki, sülh danışıqlarının davam etməsinə razılıq verməyimizə baxmayaraq, ərazi bütövlüyümüzün bərpası üçün qarşıdakı  böyük və həlledici döyüşlərə hazırlaşırıq.

Ali Baş Komandan İlham Əliyev dəfələrlə bildirib ki, iqtisadi, hərbi nöqteyi-nəzərdən  Ermənistan ilə Azərbaycan müqayisəedilməz səviyyədədir. Sadəcə olaraq, xarici maliyyə, hərbi və siyasi dəstək hesabına Ermənistan hələ ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır: “Bizim torpaqlarımızı işğal edən təkcə Ermənistan deyil. Bizim torpaqlarımızı işğal edən Ermənistanın havadarları, ermənipərəst, islamofob siyasətçilər, antiazərbaycan qüvvələrdir. Ermənistan bizim torpaqlarımızı işğal edə bilərmi? Azərbaycan Ordusu hücuma keçsə bir həftə ərzində Ermənistanda daş üstündə daş qalmaz. Bu da reallıqdır və yenə də deyirəm, biz real dünyada yaşayırıq, öz tədbirlərimizi görürük və gün gələcək Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək. Hələ ki, biz bu istiqamətdə bütün hazırlıq işlərini görürük”.

Bir məqama xüsusi diqqət yetirmək lazımdır ki, Prezident İlham Əliyev müharibə şəraitində olan ölkəmizin xarici dövlətlərdən silah asılılığını aradan qaldırmaq naminə respublikamız üçün taleyüklü bir məsələni vaxtında həll edə bilmişdir. Bu, Azərbaycanın müdafiə sənayesinin yaradılması idi.  Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamı ilə yaradılan Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin silah istehsalı zavodları  indi nəinki ordumuzu müasir silah və hərbi texnika ilə təmin edir, hətta dünya bazarlarında bu məhsullara tələbat durmadan artır. Hazırda nazirliyin zavodlarında 1200 çeşiddə məhsul istehsal edilir.

Bu silahlardan sırf Azərbaycan istehsalı olan “Tufan” zirehli maşını,  həmçinin döyüş meydanlarında daha çox istifadə edilən və düşmənin komandir heyətinin məhv edilməsini həyata keçirən “Yalquzaq”  snayperləri də səngərlərdə sınaqdan uğurla çıxıb.

Ölkəmizin silah zavodlarında yaxın zamanlarda istehsalına başlanılacaq “Zərbə KM” ( təsir gücü artırılmış qəlpəli-fuqaslı) pilotsuz  uçuş aparatının yeni növü olmaqla  düşmənin canlı qüvvəsini, hərbi texnikasını və hərbi obyektlərini 100 kilometrlik məsafədən  müəyyənləşdirərək məhv edən pilotsuz uçuş aparatıdır. Həmçinin  yüksək impulslu elektromaqnit şüa verən aviasiya bombasının yaradılması da nazirliyin perspektiv layihələrindəndir. 2020-ci ilədək onun istehsalına başlanılacaqdır.

Faktlardan da göründüyü kimi, Azərbaycan dövləti güclü ordu quruculuğunun ən yeni mərhələsindədir. Xüsusən silahlı qüvvələrimizin silah və sursatla yüksək səviyyədə təchizatı, ən müasir silahlardan peşəkarcasına istifadə, gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi Ordumuzu gələcək zəfər döyüşlərinə səfərbər edir.

Elçin Zaman, “İki sahil”