KÖŞƏ

Günel Eyyubova

Vətən hamımız üçün müqəddəsdir

11 iyul 2017 16:21
4638

Qəhrəmanın prototipi xilaskar, möcüzə yaradan insandır.  O, hərəkətə təkbaşına keçsə də nəticədə onun uğurlarından  bütün xalq yararlanır.   Birincisi, qəhrəman əməlləri ilə bu zirvəyə yüksəlir. O özünə hörmət edir,  ona görə də başqaları üçün də məsuliyyət daşımaya, ürəyinin diktə etdiklərini həyata keçirməyə bilməz. Fikrimcə, qəhrəmanlar bütün zamanlarda bizə lazım olan liderlərdir. Ancaq cəsarətli addımları ilə cəmiyyətdə fərqlənən insanlar milyonları öz arxasınca apara bilirlər. Yazıçı, vaxtilə İngiltərənin baş naziri olmuş Bendjamin Dizraelli deyirdi: “Qəhrəmanlığa inamı qəhrəmanlar yaradır”. “Qurd ürəkli” yetişmək olmur, o cür doğulurlar. Onların beyninə heç bir şey xüsusi olaraq yeridilmir, yaranışdan zəkalı olurlar.

Vətən və Ana məfhumu hər hüceyrədə yaşayır. Geri çəkilmirlər, əksinə hədəflərinə doğru qorxmadan, yorulmadan, nəfəs belə dərmədən irəliləyirlər. Onların dəyərləri də özləri qədər alidir. Məhv olmurlar - məhv edirlər, büdrəmirlər - uçuruma yuvarlayırlar, əzilmirlər - əzirlər. Ən nəhayət, prinsipləri ilə yaşayırlar... pozulmaz prinsipləri ilə...

Cəsarət hər toplumda olduqca bəyənilən, təqdir edilən xüsusiyyətdir. Çoxları cəsur olmaq, çevrələrində cəsarətli tanınmaq, yaddaşlarda qəhrəman kimi qalmaq istəyirlər. Buna baxmayaraq, ömürlərinin sonuna qədər zərrə qədər belə cəsarət sərgiləməyi bacarmırlar. Əlbəttə, istəklərinə rəğmən arzularına çata bilməmələrinin arxasında yatan bir çox səbəblər var.

Torpaq, Vətən də daxil olmaqla ən müqəddəs dəyərlərimizə əl uzadanları, təhqir edənləri, dırnaqarası münasibət göstərənləri məhv etmək millət kimi bizə ulu babalardan miras qalan xüsusiyyətdir. Azərbaycan  xalqı həmişə  sülhsevər olub. Heç kəsin torpağına göz dikməyib,  təcavüzkarlığı  özünə rəva görməyib. Xalqımız yalnız öz doğma yurdunu,  torpağını qoruyub, lazım gələndə canını belə bu yolda qurban verməkdən çəkinməyib. Azərbaycan ərənləri, qəhrəmanları Qaçaq Nəbidən bu yana Əlif Hacıyev, Şirin Mirzəyev, Mübariz İbrahimov, Fərid Əhmədov  kimi yüzlərlə, minlərlə qəhrəman oğulları və qızları heç vaxt bu xalqı düşmənə baş əyməyə qoymayıb. Qalib çıxdığımız savaşlar da sübut etdi  ki, Azərbaycanda Vətən hamı üçün müqəddəsdir və bu müqəddəsliyin uğrunda canından keçməyə hazır olan oğul və qızlarımız çoxdur.   

Vətən müqəddəs sözdür! Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir.

Cavid Əkbərov
Siyasi tullantı
Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?