14 iyul 2017 16:06
395

Rauf Zeyni: Beynəlxalq təşkilatlar işğalçı ölkəyə sanksiyalar tətbiq etməsələr...

Müsahibimiz Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeynidir

-Rauf müəllim, işğalçı dövlətin təxribatları davamlı xarakter daşıyır. Bu təxribatların səbəbi nədir?

-Bildiyiniz kimi, 4iyul 2017-ci il tarixində mənfur düşmənlərimiz tərəfindən sərhəd bölgəsinin təmas xəttində təxribatlar törədildi, körpə balamız Zəhra Quliyeva və onun nənəsi erməni vandalizmi nəticəsində həyatlarını itirdilər. Bu barədə bütün dünya informasiya orqanlarına, beynəlxalq təşkilatlara qeyri-hökumət təşkilatları vasitəsilə məlumat verilmişdir. Bu hadisə mənfur düşmənlərimizin son 200 il ərzində apardığı işğalçılıq, terror, vandalizm siyasətinin növbəti təzahürüdür. Ölkə Prezidenti İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bəyanatlarında da  ermənilərin işğalçılıq siyasəti pislənilir, dünyaya çağırış edilir.

Ermənistanın işğalçılıq siyasəti nəticəsində 20 faiz torpaqlarımız işğal altında, bir milyondan çox soydaşımız qaçqın və köçkün vəziyyətindədir. 30 minə qədər vətəndaşımız döyüşlərdə şəhid olub. Bu gün də ermənilər cəbhə xəttində təxribatlar törətməkdə davam edirlər. Təbii, onların bu cəhdlərinin, təxribatlarının qarşısı Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində alınır. Beynəlxalq təşkilatları bu hadisələrə göz yummamağa, Sarkisyan rejimini yerində otuzdurmağa,  işğala son qoymağa çağırırıq. Düşünürəm ki, beynəlxalq təşkilatlar işğalçı ölkəyə sanksiyalar tətbiq etməsələr, bu kimi halların baş verməsi qaçılmazdır. Beynəlxalq dəstəkdən ərköyünləşən ermənilər açıq-aşkar münaqişənin həllində maraqlı olmadıqlarını zaman-zaman cəbhə bölgələrində törətdikləri təxribatlarla təsdiqləyirlər. Rəsmi Bakı dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından bəyan edir ki,  sülh danışıqları səmərə vermədiyi təqdirdə  işğal altında olan torpaqlarımızı digər yolla - hərb variantı əsasında azad edəcəyik. Torpaqlarımızı işğaldan azad etmək suveren hüququmuzdur.

-Erməni ərköyünlüyünə göz yumulması ikili siyasətin təsdiqi deyilmi?

-Tarixi faktlar da sübut edir ki, ermənilər təxribatla, vandalizmlə, terrorla gündəmdə olublar. Havadarlarının dəstəyi ilə işğalçı dövlət zaman-zaman  azərbaycanlılara və türklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirib. 1988-ci ildə ermənilərin əsassız torpaq iddialarının yenidən baş qaldırması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranmasına səbəb oldu. Bunları sadalamaqda məqsəd odur ki, işğalçılıq erməni xislətinin mahiyyətidir. Ən böyük faciə budur ki, dünya bu hadisələrə ikili siyasəti ilə növbəti cinayətlərin baş verməsinə yol açır. Beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunmur, qətnamələr kağız üzərində qalır, işğalçı Ermənistan ona dünya dövlətlərinin və təşkilatlarının maddi, mənəvi dəstəyindən daha da ruhlanır. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu öz missiyasını regiona nəticəsiz səfərləri ilə bitmiş hesab edir. Yəni bu qurum sadəcə bir danışıq, dialoq təşkilatıdır. 25 illik fəaliyyətlərinin nəticəsizliyi  bu quruma inamsızlıq yaradıb.  Bu günümüzün əsas çağırışı ikili standartlara son qoyub, ədaləti və haqqı bərpa etməkdir. Əməkdaşlıq etmək istəyiriksə, regional əməkdaşlıqdan söhbət gedirsə, ilk növbədə təhlükəsizliyi təmin etmək lazımdır. Dağlıq Qarabağ problemi bölgədə  iqtisadi inkişafa böyük maneədir. Ermənistanın terrorçuluq, işğalçılıq siyasətinə dünyanın ikili standartı bizi hiddətləndirir. Dövlətimizin başçısı İlham Əliyev daim bəyanatlarında bu reallığı qeyd edir ki,  beynəlxalq hüququn qərar və qətnamələri bütün dövlətlərə eyni şəkildə tətbiq edilməlidir. Bəzi hallarda qətnamələr zamana və məkana uyğun olaraq bir saatın içində icra edilir. Təbii ki, məkan dedikdə maraqların yönəldiyi ölkələrdən gedir. Amma Ermənistana qarşı bu təzyiqlərdən hələ də istifadə edilmir. Çünki onların öz maraqları var. Bu maraqlardan irəli gələrək dünya ədaləti ikili yanaşmanın fonunda əridir.

-Bir cinayətin cəzasız qalması növbəti cinayətlərə yol açır...

- Tarixdən misallar gətirmək olar. Məsələn, alman xalqı tarixdə öz yerini faşizmlə tutmuşdur. Başqaları da işğalçılıqla. Biri var işğalçılıq, biri var vandalizm. Dünya hərb tarixində bu və ya digər ordular müəyyən əraziləri işğal edib. Amma biri də var ki, bu gün XXI əsrdə hər hansı bir vandalizm hadisəsi törənsin. Görürsünüz, alman xalqı özündə güc tapdı Nürnberq məhkəməsi qurdu, faşizmi ittiham etdi və öz xalqını bundan azad etdi. Düşünürəm ki, bu gün əgər Ermənistanda da düşünən beyinlər qalıbsa, bu işğalçılıq, vandalizm siyasətini xalqının adına yazdıranları ittiham kürsüsünə gətirməlidir və bununla da bu kimi məsələlərə son qoyula bilər. Əgər bu məsələlər həllini tapmasa,  Aprel döyüşlərini xatırlamaq kifayətdir. Bizim Ordumuzun gücü, qüdrəti imkan verir ki, işğal altında olan torpaqlarımızı azad edək. Artıq bütün imkanlarımız mövcuddur ki,  öz hüququmuzu qoruyaq.  Sarkisyan və onun komandası törətdikləri cinayətlərə, vandalizmə görə cavab verməlidirlər.

-Etiraf edək ki, bu gün dünya iqtisadi və maliyyə böhranı ilə yanaşı hüquq problemini də yaşayır. Bu barədə fikirlərinizi bölüşərdiniz...

-Doğrudan da beynəlxalq hüquq çox böyük böhran yaşayır. Beynəlxalq hüquq var, amma eyni zamanda yoxdur. Beynəlxalq hüquq o zaman olur ki, o tətbiq olunur. Nə üçün bu hüquqlar çərçivəsində işğalçıya müəyyən təsir göstərilmir? Bu mənada beynəlxalq hüquq bu gün böyük maraqlara xidmət edir. Beynəlxalq hüquq kağız üzərində var, amma işləmir. Bu bizi çox narahat edir. Qeyri-hökumət təşkilatının bir nümayəndəsi kimi bəşəri hüquqlardan danışıram, amma bu hüquqlar əgər bu gün bizə lazım olanda işləmirsə, bizə də bərabər hüquq kimi şamil edilmirsə, onda bu hüquqlar nəyimizə lazımdır? Beynəlxalq təşkilatlar lazım olanda səslərini çıxarırlar, amma bizə qarşı bir terror, vandalizm törədiləndə beynəlxalq hüquq işləmir. Bu mənada beynəlxalq hüquq da beynəlxalq ədalət çərçivəsində olmalıdır. 

-Dövlət başçısının da qeyd etdiyi kimi ,Azərbaycan bayrağının Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil. Cocuq Mərcanlıda bərpa işlərindən sonra soydaşlarımızın qayıdışı sizdə hansı hissləri yaradır?

- 2010-cu il sentyabrın 1-də Dövlət Bayraq Meydanının açılış mərasimində Prezident İlham Əliyev bildirmişdir: “Bu bayraq Şuşada, Xankəndidə, Qarabağda dalğalanacaq”. Bu gün görülən işlər, göstərilən səylər, Aprel döyüşlərində Ordumuzun böyük zəfəri yeni bir dövrün əsasını qoydu. Azərbaycan Ordusu bütün dünyaya öz qüdrətini, gücünü göstərdi. Cocuq Mərcanlı kəndinə bərpa işlərindən sonra qayıdış hər bir Azərbaycan vətəndaşında qürur hissi yaradır. Yüzlərlə soydaşımız öz yurd-yuvasına qovuşacaq. Bu böyük qayıdışın başlanğıcıdır.  Vətənpərvərlik, vətəndaşlıq təəssübkeşliyi  hər birimizin həyat amalı olmalıdır. Görkəmli şairimiz Məmməd Araz əbəs yerə deməyib: “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı”. Cənab İlham Əliyev dəfələrlə çıxışlarında bu reallığı bəyan edir ki, bu mübarizə ruhu ilə nəinki işğal altında olan, tarixi torpaqlarımızı da qaytara bilərik.

Şəmsiyyə Əliqızı,

Röya Şahbazi,

Vüsal Cahanov (foto),

“İki sahil”