Bakı şəhərini dünyanın qabaqcıl alış-veriş mərkəzlərindən birinə çevirmək məqsədilə təşkil olunan, eyni zamanda, cəlbedici təkliflərlə ölkəyə gələn turistlərin sayını artırmağa, turizm, mehmanxana xidməti, ticarət, nəqliyyat və digər sahələrin inkişafına təkan verən ikinci Bakı Ticarət Festivalı (“shopping festival”) oktyabr ayının 15-dən start götürəcək. Azərbaycanda turizmin inkişafı istiqamətində görülən işlərin davamı olaraq keçirilən festivalın təşkili məqsədilə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Mədəniyyət və Turizm Nazirliyinə bir milyon manat ayrılıb.
Xatırladaq ki, ilk Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək davam edib və festivalın keçirilməsinə cəmi 700 min manat xərclənib. Ümumi büdcəsi 1 milyon manatı keçməməsinə baxmayaraq, festival vasitəsilə dövlət büdcəsinə 5,6 milyon manat vəsait daxil olub.
İlk Bakı Şopinq Festivalı ölkəyə aprel-may aylarında turist axınında da özünü büruzə verib. Belə ki, tədbirin təşkilatçısı olan Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Azərbaycan Konqreslər Bürosunun məlumatında bildirilib ki, aprel ayında ölkəmizə 187577 turist təşrif buyurub. Bununla da 15 hədəf ölkə üzrə keçən ilin müvafiq dövrünə nisbətən 23 faiz artım olub. Mayın ilk on günündə isə 70776 turist gəlib və 15 hədəf ölkə üzrə keçən ilin müvafiq dövrünə nisbətən 32 faiz artım müşahidə edilib.
Əhali və turistlər üçün də geniş imkanlar yaradan festivala qoşulmuş mağazalar brend malları daha sərfəli qiymətlərlə əldə etmək imkanı yaradır. Bununla da müştərilər dünya brendlərinə məxsus geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsulları Bakıda yerləşən 400-dən çox mağazadan xüsusi kampaniya və endirimlərlə əldə edə biləcəklər. Üstəlik, həmin mallara “Tax Free” imkanı tətbiq ediləcək. Belə ki, “Baku Shopping Festival - Tax Free” nişanı olan mağazalardan 100 manatdan çox alış-veriş edənlər aldıqları məhsulların əlavə dəyər vergisinin (ƏDV) müəyyən qismini geri ala biləcəklər. Təsadüfi deyil ki, ümumi dövriyyəsi 18 milyon 167 min 892 manat olan ilk festivalda banklar alıcılara 1 milyon 800 min manat məbləğində ƏDV qaytarıb.
Bu amil həm turistlərin, həm də əhalinin maddi vəsaitlərinə xeyli qənaət etmələrinə imkan yaradacaq. Çünki ölkəmizdə bir qayda olaraq xarici vətəndaşlar üçün tətbiq olunan “Tax Free” sistemi 300 manatdan çox alış-verişə şamil edilirsə, festival zamanı bu məbləğ 100 manatadək endirilib. Bununla yanaşı, dünyada ilk dəfə olaraq əhali də ilk festivalda olduğu kimi, ƏDV qaytarılma prosesindən faydalana biləcək. Buraya sahibkarlıq subyektləri arasında rəqabətin-qiymət endirimlərinin də əlavə olunacağını da nəzərə alanda, festivalın alış-veriş üçün əlverişli maddi imkanlar yaradacağı şübhəsizdir. Azərbaycan Konqreslər Bürosunun məlumatına görə, ilk festival aylığı ərzində alıcılar 30-70 faiz arası endirimlərdən və satış kampaniyalarından faydalanıblar.
Həmçinin bu imkanlardan yararlanmaq üçün Bakı şəhərində yerləşən istənilən mağaza Bakı Şopinq Festivalının iştirakçısı ola bilər. Müştərilərinə ƏDV qaytarılması imkanı təqdim etmək və festivalın təbliğat imkanları vasitəsilə öz brendini tanıtmaq, daha çox yerli və xarici müştəri qazanmaq, habelə ticarət dövriyyəsini artırmaq istəyən sahibkarların iştirakı üçün festival əlverişli vasitə ola bilər. Burada bir faktı da qeyd etmək lazımdır ki, Azərbaycan Konqreslər Bürosunun ilk festival iştirakçılarından əldə etdiyi məlumatlara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə festivalın keçirildiyi aprel ayında premium geyim və aksesuarlar mağazalarında 15 faizədək, kütləvi geyim brendlərinin satışını həyata keçirən mağazalarda 46 faizədək, elektronika və məişət avadanlıqlarının satışını həyata keçirən mağazalarda 200 faizədək satış həcminin artması qeydə alınıb.
Qeyd edək ki, ikinci Bakı Şopinq Festivalı noyabr ayının 15-dək davam edəcək.
Ceyhun Piriyev,
“İki sahil”