Məlum olduğu kimi, oktyabrın 4-də ölkə başçısı cənab İlham Əliyev Avropa İttifaqının (Aİ) Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul edib. Görüşdə Aİ ilə ölkəmiz arasında müxtəlif dövrlərdə siyasi əlaqələr, ölkəmizin demokratik inkişafı, energetika, nəqliyyat, təhlükəsizlik, humanitar, təhsil, mədəniyyət, multikulturalizm ilə bağlı məsələlər geniş müzakirə olunub. Eyni zamanda ölkəmizin başçısı bir çox önəmli məsələlərə də toxunub. Xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan işlərə toxunan dövlətimizin başçısı bu mənada Qərbin ikili siyasətinə kəskin etirazını bildirib. Milli Məclisin deputatı Elman Məmmədov görüşlə bağlı fikir və düşüncələrini “İki sahil” qəzeti ilə bölüşdü.
Deputat bildirdi ki, görüşdə ölkə başçısının çıxışının əsas istiqaməti birbaşa problemin həllini öhdələrinə götürən təşkilatlara və dövlətlərə yönəlmişdir: “Bəzi Avropa qurumlarının hər zaman Azərbaycana qarşı qərəzli, ikili standartlara əsaslanan siyasət yürütməsi xüsusilə Dağlıq Qarabağ məsələsinin həllində Azərbaycana qarşı soyuq münasibətlərinin olduğunu gördük. Ölkəmizin başçısı qeyd etdi ki, 25 ildən çoxdur Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirir. Əslində bu siyasət, Sovet İttifaqının süqutu ərəfəsində başlayıb və bu günə qədər davam edir. Ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apardılar və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi. Ermənistan hərbi birləşmələri tamamilə işğal etdilər, orada yaşayan Azərbaycan əhalisini qovdular və ermənilərin heç vaxt yaşamadıqları Dağlıq Qarabağ ətrafındakı 7 rayonu zəbt etdilər. Bundan əlavə, işğal nəticəsində Ermənistanda yaşayan 250 min azərbaycanlı da etnik təmizləməyə məruz qaldı. Buna baxmayaraq, cinayətkar ermənilər 25 ildən artıqdır ki, Azərbaycanın əzəli torpaqlarını işğal altında saxlayırlar. Dünya birliyi isə işğalçı ölkənin bu əməllərinə göz yumur, heç bir sanksiya tətbiq etmir. Ermənistanda baş verən cinayət hadisələrinə, xalqın başına açılan oyunlara göz yumurlar.
Elman Məmmədov, həmçinin bildirdi ki, Qərb dövlətləri və beynəlxalq təşkilatlar bu gün dünyanın digər bölgələrində baş verən siyasi proseslərə tez bir şəkildə müdaxilə edib, həll üsulları axtarırlar: “Baxın, indi bunlar Kataloniya məsələsində necə təşvişə düşüblər. 50-60 min erməninin Azərbaycanda separatçılığına, torpaqlarımızı işğal altında saxlamalarına isə göz yumurlar. Ancaq sayı 5 milyondan artıq olan kataloniyalıların müstəqilliklərini elan etmələri Avropada bomba kimi partladı. Bütün Avropa qurumları, dövlətləri bu məsələyə qarşı çıxırlar. Bu da ikili standartlarların birbaşa göstəricisidir. Görünür, bu hadisələr tək Kataloniyada yox, İtaliyada, Almaniyada, İngiltərədə də olacaq və bu ölkələr də separatizmin dalğası altında qalacaqlar. Bununla da Avropanın parçalanması an məsələsidir. Çünki Avropa vaxtında erməni separatçılarının qarşısını alsaydı, Azərbaycana dəstək versəydi bu gün bu cür hadisələrin heç biri olmazdı”.
Deputat onu da bildirdi ki, bu gün Azərbaycanın sürətli inkişafı nəinki işğalçı Ermənistan, hətta digər ölkələr tərəfindən də birmənalı qarşılanmır: “İşğalçı ölkə Cənubdan, Qərbdən narkotik alır, Azərbaycanın işğal olunmuş ərazilərində yetişdirir. Yaxşı bəs, Azərbaycan nə edir? Azərbaycan Qərbə neft, qaz verir. Budur inkişaf etmiş ölkə! Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində iştirak edən, çox vacib dəyərə malik olan dövlətlərdən biridir. Azərbaycan hüquqi, demokratik dövlətdir, müstəqil siyasət yeridir. Ölkəmizin bu istiqamətdə heç kimdən asılı olmayan öz yolu var.”
Mənsumə Babayeva,
“İki sahil”