10 oktyabr 2017 22:16
556

Böyük Britaniya dəyirmi 1 funt sterlinqdən imtina edir

Böyük Britaniya hökuməti dəyirmi 1 funt sterlinqi dövriyyədən çıxarmaq qərarına gəlib. Britaniyalılar köhnə pulları yeniləri ilə həftə sonunadək dəyişə biləcəklər.

AZƏRTAC "psm7.com"a istinadla xəbər verir ki, Britaniya xəzinəsi oktyabrın 15-dək köhnə funt sterlinqdən tamamən imtina edəcək.

Köhnə dairəvi pulların əvəzinə eyni nominalda 12 bucaq pullar dövriyyədə olacaq. Pullar ağ və sarı metaldan hazırlanıb.

1983-cü il aprelin 21-dən dövriyyədə olan dairəvi 1 funt sterlinq Böyük Britaniyanın bütün ərazisində hələ ki, qanuni ödəniş vasitəsi sayılır. Britaniya xəzinədarlığı və Kral Zərbxanası əhalini köhnə pullarını tez bir zamanda xərcləməyə və ya yenisi ilə dəyişməyə çağırır.