Azərbaycanda sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirləri davam etdirilir. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlardan hər bir region üçün prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbulunu reallaşdırmaqla sözügedən sahələri nəzərdə tutan investisiya layihələrinin ümumi dəyərinin əhəmiyyətli hissəsinin güzəştli kreditləşməsini həyata keçirir.
Bu gün Azərbaycanda sahibkarlığa dövlət dəstəyinin əsas hədəflərindən birini kiçik və orta sahibkarlıq təşkil edir. Bu baxımdan kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsinin icrasını xüsusi qeyd etmək lazımdır. Belə ki, bu sahənin fəaliyyəti üçün biznes mühitinin və tənzimləyici bazanın yaxşılaşdırılması, maliyyə resurslarına sərfəli və səmərəli çıxışın təmin edilməsi kimi hədəfləri nəzərdə tutan sənədin yarımillik monitorinq və qiymətləndirmə hesabatları onu göstərir ki, 2017-ci və sonrakı illər üçün müəyyən edilmiş tədbirlərin 6 faizi icra edilib, 42 faizinin isə icrasına başlanılıb. Bütövlükdə sənədin 2020-ci il üzrə icra göstəriciləri sənayedə istehsal olunan məhsullarda kiçik və orta sahibkarlıq subyektlərinin payının 40 faizə çatdırılması, qeyri-neft ixracında 5 faizlik artım əldə olunması və digər tədbirləri nəzərdə tutur ki, bu da real ümumi daxili məhsulun 1,26 milyard manat artmasına, 34240 yeni iş yerinin yaradılmasına imkan verməlidir.
Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsinin prioritetlərini mərkəzləşdirilmiş kiçik və orta sahibkarlıq agentliyinin, bu subyektlərlə bağlı kreditlərə zəmanət fondunun yaradılması, Azərbaycanda lizinq və alternativ maliyyə alətləri bazarının inkişaf etdirilməsi ilə maliyyəyə çıxışın asanlaşdırılması, rəqabət mühitinin təkmilləşdirilməsi və s. təşkil edir.
İcrasına başlanılmasından 6 ay müddət keçməsinə baxmayaraq, sənədin monitorinq və qiymətləndirmə hesabatları bu istiqamətdə xeyli işlərin görüldüyünü deməyə əsas verir. Məsələn, hesabat dövründə sahibkarlığın inkişafına, bu sahədə operativliyin əldə olunmasına, elektron xidmətlərə keçidə və müxtəlif məlumat mənbələrinə çıxışın sadələşdirilməsinə imkan verəcək vahid məlumat portalının yaradılması məqsədilə sahibkarlıq sahəsində xarici ölkələrdə mövcud portallar, o cümlədən onların vasitəsilə təmin edilən elektron xidmətlər araşdırılıb və ilkin təkliflər hazırlanıb. Bundan əlavə, “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi hazırlanıb ki, layihədə kotirovka sorğusu prosedurları ilə keçirilən satınalmaların yalnız kiçik və orta sahibkarlıq subyekti olan malgöndərənlərdən (podratçılardan) təklifləri cəlb etməklə keçirilməsi nəzərdə tutulub. Bu da dövlət satınalmalarının kiçik və orta sahibkarlıq subyektlərində istehsal edilən məhsullar üçün bir növ məxsusi bazar rolunda çıxış etməsi deməkdir. Həmçinin Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər çərçivəsində Rəqabət Məcəlləsinin yeni layihəsi, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsi hazırlanıb, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” qanun qəbul edilib ki, bu da sözügedən sahədə qanunvericilik bazasının daha da təkmilləşdirilməsinə, dövrün tələblərinin öz əksini tapmasına imkan verəcək.
Şübhəsiz, müasir şəraitdə sahibkarlığa dövlət dəstəyi yalnız maliyyələşmə və ixraca dəstəkdən ibarət deyil. Eyni zamanda, lazımi infrastrukturun onlar üçün əlçatan olmasının təmin edilməsi də bu siyasətin tərkib hissəsidir. Bütün bunlar onu deməyə imkan verir ki, kiçik və orta sahibkarlığın inkişafı növbəti illərdə də prioritet olaraq qalacaq. Bu isə ümumi daxili məhsul istehsalında bu bölmənin payını artırmaq, yeni iş yerləri yaratmaqla bərabər, idxalı əvəz edən məhsul istehsal etməyə, ixrac potensialını genişləndirməyə imkan verəcək.
Ceyhun Piriyev,
“İki sahil”