20 oktyabr 2017 16:16
993

Qəbələyə doqquz ayda 218 min turist gəlib

Bu ilin doqquz ayı ərzində Qəbələdə iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 126.100 min manatlıq məhsul istehsal edilib. Keçən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı sənayedə 4.776 min manat, yaxud 26,4 faiz, kənd təsərrüfatında 1.116 min manat, yaxud 2,1 faiz, ticarətdə 2.192 min manat, yaxud 8,9 faiz artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ötən doqquz ayda Qəbələ rayonunun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərə dair hesabat yığıncağında məlumat verilib.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev bildirib ki, hesabat dövründə Qəbələ şəhərinin su və kanalizasiya təchizatının yenidən qurulması işlərinin ikinci mərhələsinə başlanılıb. Rayonun Aydınqışlaq kənd tam orta məktəbi əsaslı təmir olunub, Seyidqışlaq və Cığatelli kəndlərində modul tipli məktəblər tikilərək istifadəyə verilib. Ötən müddətdə Qəbələ şəhərinin Muxtar Abduyev küçəsindəki 5 ədəd beşmərtəbəli binanın dam örtükləri yenisi ilə əvəz edilib, xalça toxuculuğu müəssisəsinin və atcılıq mərkəzinin tikintisi davam etdirilib. Bununla yanaşı, şəhərin Heydər Əliyev prospektində, Həzi Aslanov, 28 May, Xalid Qasımov küçələrində, eləcə də Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş 2 ədəd ikimərtəbəli və 1 ədəd dördmərtəbəli yaşayış binalarında əsaslı təmir işləri aparılıb. Tikanlı kənd uşaq bağçasında isə əsaslı təmir işləri başa çatmaq üzrədir.

Tikintisi yarımçıq qalmış “Qafqaz Aqua Land Hotel”, “Qafqaz Diamond Akvapark”, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi, Qəbələ rayon Prokurorluğu, Gömrük Akademiyası üçün binaların inşası, şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması işlərinin davam etdirilməsi nəzərdə tutulur. Son 9 ayda Qəbələ rayonuna 218118 nəfər yerli və xarici turist gəlib. Qəbələ rayonunda 2003-cü ilin oktyabr ayından 1 oktyabr 2017-ci ilədək 14.638-ü daimi olmaqla, 16.437 yeni iş yeri açılıb. Hamısı daimi olmaqla 1372 yeni iş yeri açılıb.

Bildirilib ki, ötən dövrdə yeni inşa edilən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində pilot layihə olaraq, 3 yeni ixtisas-aqroservis, bitkiçilik və heyvandarlıq mütəxəssisi ixtisasları üzrə şagird qəbulu aparılıb.

Hesabat məruzəsində qeyd olunub ki, cari ildə Qəbələ rayonunda 21148 hektar taxıl sahəsindən 67917 ton məhsul tədarük olunub. Kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən cari ildə 12260 ton kartof, 7601 ton tərəvəz, 1803 ton qarğıdalı, 116 ton bostan məhsulları istehsal edilib. Hazırda rayonda 6854 hektar meyvə bağı, 509 hektar üzüm plantasiyası mövcuddur. Həmin bağlardan bu il 13697 ton meyvə, 1906 ton üzüm yığılıb. Qəbələdə 900 hektar sahədə yeni fındıq bağları salınıb. Cari ildə 55 kümçü tərəfindən 2860 kiloqram barama istehsal edilib. Bu il 70 hektar sahədə tütün əkilib və bu günədək 74 ton quru tütün istehsal olunub.

Sonda idarə və təşkilat rəhbərlərinin cari ilin 9 ayı ərzində görülmüş işlər barədə məlumatları dinlənilib, mövcud vəziyyət ətraflı müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib.