17 noyabr 2017 21:47
673

Tur-aksiya zamanı Azərbaycan Ordusunun şanlı aprel qələbəsindən danışılıb

Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində səkkiz rayon və bir şəhəri təmsil edən məktəblilər noyabrın 17-də Quba və Qusar rayonlarının görməli yerləri ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, şimal bölgəsinə ekskursiyada Şamaxı, İsmayıllı, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ağsu, Qobustan və Mingəçevirin ümumtəhsil məktəblərinin 300-dən çox yuxarı sinif şagirdi iştirak edir.

Şamaxı, İsmayıllı, Şəki, Oğuz və Qobustandan olan məktəblilərin qədim Qubaya ekskursiyası dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədən başlayıb. Şagirdlər qəsəbədə salınan Heydər Əliyev parkını gəzib, eləcə də dağ yəhudilərinin ibadət etdikləri sinaqoqla yaxından tanış olublar.

Diqqətə çatdırılıb ki, bu gün tolerantlığın Azərbaycan modeli dünya üçün nümunə sayılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti həyata keçirilir, İslam həmrəyliyinin gücləndirilməsi və dini dəyərlərin müdafiəsi üçün beynəlxalq miqyasda işlər görülür. Ölkəmizdə multikulturalizm və tolerantlıq dövlət siyasəti səviyyəsinə qaldırılıb.

Sonra məktəblilər Qudyalçay üzərindəki XIX əsrə aid tarixi memarlıq abidələrindən olan Tağlı körpü ilə tanış olublar. Bildirilib ki, keçmiş mühəndis tikililərindən olan körpü dövrümüzə qədər qorunub saxlanılıb. XIX əsrdə Quba qəzasında 7 körpü olub, lakin onlardan yalnız Tağlı körpü adlanan tikili günümüzə qədər gəlib çatıb. 1894-cü ildə tikilmiş körpü Quba şəhərinin mərkəzi ilə Qırmızı qəsəbəni birləşdirir.

Zəngin memarlıq üslubuna malik Cümə məscidi ilə tanışlıq zamanı məktəblilərin diqqətinə çatdırılıb ki, məscid 1802-ci ildə tikilib. Dini məbədin tikintisi müəyyən fasilələrlə 10 ilə başa çatdırılıb. Bu məscid təkcə Qubada deyil, bütün şimal-şərqi Azərbaycanda ən qədim dini mərkəzlərdən biridir.

Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlığı ziyarət zamanı tur-aksiya iştirakçıları ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar.

Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Qeyd olunub ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Komplekslə tanışlıq zamanı qrup rəhbərləri və müəllimlər şagirdlər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi üçün onlarla geniş söhbətlər də aparıblar. Şagirdlərə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən 1994-cü il mayın 12-dən qüvvədə olan atəşkəsə məhəl qoymayan Ermənistan silahlı qüvvələrinin mövqelərimizə daim atəş açması, dinc əhalini, yaşayış yerlərini gülləboran etməsi barədə ətraflı məlumat verilib. Bildirilib ki, düşmən növbəti dəfə təxribata əl ataraq 2016-cı il aprelin 2-də yenidən mövqelərimizə hücuma keçib, bir neçə dinc sakini qətlə yetirib. Azərbaycan Ordusu bu hücumun qarşısını almaq üçün əks-hücumla bir sıra məntəqələri və yüksəklikləri azad edib. Aprel müharibəsi bir daha sübut etdi ki, Azərbaycan əsgəri, xalqımız nəinki müharibəyə tam hazırdır, hətta onu qısa vaxtda qalibiyyətlə başa çatdırmaq imkanındadır.

Tur-aksiya iştirakçıları şəhərdə fəaliyyət göstərən “Qədim Quba” xalçaçılıq müəssisəsində xalça toxunması prosesini də izləyiblər. Burada onlara Quba xalçaçılıq məktəbi haqqında ətraflı məlumat verilib.

Günün ikinci yarısında məktəblilər Quba rayonu ərazisində, Xınalıq yolu üzərində yerləşən dağ şəlaləsinə ekskursiya ediblər.

Şagirdlər, həmçinin “Rixos Quba Azerbaijan” otel kompleksi və burada yerləşən Azərbaycan Milli Qolf Klubu ilə də yaxından tanış olublar.

X X X

Qəbələ, Göyçay, Ağsu və Mingəçeviri təmsil edən məktəblərin şagirdlərindən ibarət qruplar isə noyabrın 17-də Azərbaycanın şimal qapısı olan Qusar rayonuna gəliblər.

Ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri Qusar şəhərinin girişindəki Bayraq Meydanında qarşılanıblar. Rayon icra hakimiyyətinin, mədəniyyət və turizm, təhsil şöbələrinin nümayəndələri şagirdlərə Qusar rayonu haqqında ətraflı məlumat veriblər.

Bildirilib ki, regionların inkişafına dair dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər Qusarın da simasını tamamilə dəyişib. Rayonda tikinti-quruculuq, abadlıq işləri intensiv həyata keçirilir, təhsil, səhiyyə, mədəniyyət sahələrində nəzərəçarpacaq irəliləyiş əldə olunub. Bu irəliləyişi təmin edən əsas amil Prezident İlham Əliyevin Qusara, onun tərəqqisinə, insanlarının rifahına qayğısıdır. Bir neçə dəfə Qusarda səfərdə olan dövlətimizin başçısı hər dəfə də neçə-neçə obyektin istifadəyə verilməsində, yeni tikililərin təməlqoyma mərasimlərində iştirak edib.

“Şahdağ” Turizm Mərkəzi ilə tanışlıq zamanı şagirdlərin diqqətinə çatdırılıb ki, turizm mərkəzi dünyadakı bu tipli komplekslərdən nadirliyi və universallığı ilə fərqlənir. Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə Şahdağ Milli Parkının ərazisində yerləşən kompleksin təməli 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Bu layihənin reallaşdırılması Azərbaycanda dağ-xizək və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açıb. Azərbaycanda sürətlə inkişaf edən turizm sektoruna böyük töhfə olan “Şahdağ” Turizm Mərkəzində inşa edilən otellər bu istirahət məkanına marağı daha da artırır.

Turizm mərkəzi ilə tanışlıq zamanı məktəblilər kompleksdə təqdim olunan xidmətlərdən pulsuz istifadə ediblər.

Günün ikinci yarısında məktəblilər rayonun Həzrə kəndində “Şeyx Cüneyd” türbəsini ziyarət edib, şəhərdəki Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin irsini və fəaliyyətini əks etdirən fotoşəkillərə baxıblar.

Daha sonra şagirdlər Qusar Tarix-Diyarşünaslıq Muzeyi, Olimpiya İdman Kompleksi və rəsm qalereyası ilə yaxından tanış olublar.