21 noyabr 2017 20:18
870

YAP-ın ümumxalq partiyasına çevrilməsi ulu öndər Heydər Əliyevin təməlini qoyduğu uğurlu siyasətə əsaslanır

Tarixi zərurətdən və xalqın sonsuz istəyinin nəticəsində yaranan Yeni Azərbaycan Partiyası (YAP) bu gün müasir Azərbaycan tarixində mühüm yer tutur. Fəaliyyətə başladığı qısa zaman kəsiyində YAP-ın ümumxalq partiyasına çevrilməsi ulu öndər Heydər Əliyevin təməlini qoyduğu uğurlu siyasətə əsaslanır.

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə AZƏRTAC-a bildirib ki, 1992-ci il noyabrın 21-də Naxçıvanda təsis konfransını 550-dən artıq nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 700 mindən artıq insanın birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi, uğurlu gələcəyə hesablanmış siyasi kursa inamın göstəricisidir: “Bu gün ölkəmizin hər bir bölgəsində partiyanın 25 illik yubileyi böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə partiyanın zəngin və şərəfli tarixindən bəhs edilir, ümummilli lider Heydər Əliyevin dövlət və xalq qarşısındakı misilsiz xidmətləri vurğulanır. Çünki Yeni Azərbaycan Partiyası artıq uzun illərdir ki, səmərəli fəaliyyəti, milli maraqlara söykənən ideyaları ilə xalqın etimadını qazanıb, yüz minlərin partiyasına çevrilib”.

Vüqar Rəhimzadə partiyanın qısa zamanda iqtidara gəldiyini və uzun illər böyük mübarizə yolu keçərək ölkəmizin tərəqqisinə misilsiz töhfələr verdiyini deyib. O, ümummilli lider Heydər Əliyevin yaradıcısı olduğu YAP-ın hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdiyini, öz sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da zənginləşdirdiyini bildirib: “Ulu öndər Heydər Əliyev qeyd edirdi ki, Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir. Dahi liderin bu kəlamı YAP-ın Azərbaycanın həyatındakı rolunun nə qədər böyük olduğunun göstəricisidir. Sözsüz ki, bu gün partiyamızın hər bir üzvü dövlətimizin daha da inkişaf etməsi, qüdrətlənməsi istiqamətində var qüvvəsi ilə çalışır, bununla da Heydər Əliyev ideyalarına sədaqət nümunəsi nümayiş etdirir. Bu, bir daha onu göstərir ki, YAP xalqın partiyasıdır, onun əsas güc mənbəyi məhz xalqdır. Bu gün Azərbaycan sürətlə inkişaf edir, beynəlxalq aləmdəki yerini və rolunu daha da möhkəmləndirir. Qlobal layihələrin təşəbbüskarı olan ölkəmiz regionda və dünyada sülhün, təhlükəsizliyin təminatına mühüm töhfələr verir. Qazanılan bu və digər uğurlarda Yeni Azərbaycan Partiyası böyük pay sahibidir. Şübhəsiz ki, ölkəmizi qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir. Yeni Azərbaycan Partiyası isə bundan sonra da uğurlu fəaliyyəti ilə ölkə rəhbərliyinin dövlətçiliyə və milli maraqlara əsaslanan siyasətinə öz dəstəyini göstərəcək”.