25 noyabr 2019 19:48
961

Aparılan islahatlar dövlət siyasətinin uğurlarına işıq salır

Sosial Tədqiqatlar Mərkəzinin apardığı sorğu əhalinin 88 faizinin dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi islahatlara dəstəyinə bir daha işıq saldı

Dövlətimizin başçısı İlham Əliyevin Fərmanı əsasında  Sosial Tədqiqatlar Mərkəzinin yaradılmasında məqsəd  ictimai əhəmiyyətli məsələlərin araşdırılması və ictimai rəyin öyrənilməsi üçün əlavə vasitə yaratmaq, bu sahədə təhlil, tədqiqat və proqnozlaşdırma işinin səmərəliliyini artırmaq, sosial tədqiqatlarda müasir informasiya texnologiyalarından və qabaqcıl elmi-metodoloji yanaşmalardan istifadəni genişləndirməkdir.

Hər bir yeniliyin ölkəmizdə tətbiqində maraqlı olan dövlətimizin bu addımı da dünya təcrübəsinə yiyələnməkdən irəli gəldi. O da məlumdur ki, dünyanın tanınmış  sosioloji sorğu mərkəzləri mütəmadi olaraq  Azərbaycanda  sorğular aparır, bu və ya digər sahələrdə əldə olunan uğurları, həmçinin dövlətimizin həyata keçirdiyi siyasətə ölkə ictimaiyyətinin rəyini təhlil edir,  nəticələri beynəlxalq informasiya resurslarında dərc edirlər. Amma bununla yanaşı  dövlətimiz tərəfindən dəstəklənən və ciddi maddi-texniki bazaya malik olan sosial tədqiqat mərkəzinin yaradılmasına böyük zərurət duyulurdu.  Sosial Tədqiqatlar  Mərkəzi qarşısına cəmiyyətin quruculuğu, sosial problemlərin həlli, keçmişimiz və gələcəyimizlə bağlı vətəndaşların rəyinin öyrənilməsi üzrə ciddi iş planını qoyaraq, dövlət orqanlarının fəaliyyəti, demokratik təsisatların reytinqi, ayrı-ayrı sahələr üzrə problemlərin öyrənilməsi, vətəndaşların sosial sifarişi və sair məsələləri gündəmin əsas mövzuları sırasına daxil edir.  Real vəziyyəti olduğu kimi öyrənib, cəmiyyətə olduğu kimi təqdim etmək, bir sözlə, həqiqətə həqiqət gözü ilə dəyər vermək müasir dünyamızın əsas çağırışları sırasında olmalıdır. Daim bu çağırışları yüksək səviyyədə cavablandıran dövlətimizin başçısı İlham Əliyevin iştirakı ilə keçirilən hər bir tədbir, həmçinin Nazirlər Kabinetinin müşavirələri və sair kimi biri-birindən əhəmiyyətli görüşlər, konfranslar  həyata keçirilən təşəbbüslərin  ölkəmizə, xalqımıza qazandırdığı uğurların aydın mənzərəsini yaradır. Bu  mənzərələrin geniş anlamda təqdimatında əhəmiyyətli rol oynayan addımlardan biri də qeyd etdiyimiz kimi sosioloji sorğu mərkəzlərinin apardıqları sorğulardır.

Sosial Tədqiqatlar Mərkəzinin “İnam  indeksi” jurnalının  oktyabr buraxılışında  qeyd etdiyimiz məsələləri əhatə edən  “Prezidentin fəaliyyəti  ictimai rəydə” hesabatı dərc edilib.  1316 respondentin iştirakı ilə keçirilən rəy sorğusunda  vətəndaşların  88 faizi dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi islahatları dəstəkləyir, 77, 5 faizi ölkə Prezidentinə inam və etimadın daha da artdığını bildirib.

Təbii ki, sorğu ümumilikdə Azərbaycanın ayrı-ayrı sahələrdə əldə etdiyi uğurların təhlilini və ona ölkə əhalisinin münasibətini ortaya qoyur. Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun artmasına xidmət edən builki uğurlarımıza ayrı-ayrılıqda rəy ifadə olunub. Belə ki, Azərbaycanın  BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük   siyasi təsisat olan, 120 üzvü sıralarında birləşdirən  Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə ev sahibliyi etməsi və sonda qəbul olunan sənəddə Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyinin dəstəklənməsi, dövlətimizin başçısı İlham Əliyevin   Rusiyanın Soçi şəhərində dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun “Şərq şəfəqləri və dünya siyasi quruluşu” mövzusunda  XVI illik iclasında,  MDB Dövlət Başçıları Şurasının Aşqabad sammitində çıxışı sorğunun əsas  müzakirə mövzularından olub. Respondentlərin 80 faizə yaxını  bu mühüm tədbirləri Azərbaycanın  beynəlxalq imicinin möhkəmləndirilməsi, münaqişə ilə bağlı  həqiqətlərin-Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətin diqqətinə  çatdırılması  baxımından çox əhəmiyyətli dəyərləndiriblər.

Keçirilən hər bir sorğu, eyni zamanda, xarici siyasət uğurlarımızı şərtləndirən daxili siyasətin də  uğurlarına işıq salır. 2019-cu il ölkəmizdə islahatlar ili kimi xaraterizə edilir. “İslahatlar yenilik, yeni yanaşma,  mövcud problemlərin həlli deməkdir. Bu baxımdan 2019-cu il əvvəlki illərdən fərqlənən çox ciddi il olacaqdır” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki,  dünyanı bürüyən  iqtisadi və maliyyə böhranı ölkəmizdən də yan keçməmişdir.  2015-ci ildən bütün ölkələrdə iqtisadi tənəzzül müşahidə olunurdu. İqtisadiyyatı neft-qaz sektoru ilə bağlı olan ölkələrdə tənəzzül daha çox müşahidə olunurdu.

Azərbaycan iqtisadiyyatını düzgün əsaslar üzərində qurması nəticəsində böhrandan az itki ilə çıxan ölkələr sırasında oldu.  2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyan dövlətimizin başçısı İlham Əliyevin bu məqsədə yüksək səviyyədə nail olmaq üçün regionların malik olduğu potensial imkanlardan səmərəli istifadəyə yol açan regional inkişaf proqramlarını təsdiqləməsi və uğurlu icrasına xüsusi diqqət göstərməsi bugünkü inkişafı şərtləndirən əsas amillərdəndir. Cənab İlham Əliyev qeyd edir ki, 2017-ci il iqtisadi sabitləşmə ili kimi xarakterizə olunsa da, 2018-ci ildə  iqtisadi inkişafa qədəm qoyduq. 2019-cu ildə bu inkişaf özünü daha böyük rəqəmlərlə nümayiş etdirir. Təkmil islahatların şərtləndirdiyi iqtisadi tərəqqi güclü sosial siyasətin həyata keçirilməsini təmin etdi.  Minimum əməkhaqqının, minimum pensiyanın təxminən 40 faiz artırılması 830 minə yaxın insanı əhatə edir.  Şəhid ailələrinin problemlərinin həlli, müavinətlərin artırılması və ödənişlərin verilməsi minlərlə insanı əhatə edir.  Problemli kreditlər məsələsinin öz müsbət həllini tapması üçün imzalanan Sərəncam bir daha bu reallığı ortaya qoydu ki, dövlətimizin siyasətinin əsasında vətəndaşların yüksək rifahının təmin olunması dayanır. “Heç bir ölkədə bu dərəcədə  sosialyönümlü, vətəndaşın marağını güdən addım olmamışdır” söyləyən dövlətimizin başçısı İlham Əliyev qeyd edir ki,  bütün bu sosial paket minlərlə insanı əhatə edir.

Son 16 ildə ölkəmizdə  yoxsulluq və işsizlik 5 faiz səviyyəsindədir. Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, bu, qara qızılın insan kapitalına çevrildiyini göstərir: “Onu göstərir ki, bizim siyasətimiz ondan ibarət olmuşdur ki, biz neft-qaz əməliyyatlarından əldə olunan gəlirləri cəmiyyətdə bərabər, ədalətli şəkildə bölək və ölkə iqtisadiyyatının inkişafı üçün lazım olan layihələrə yönəldək.” Cənab İlham Əliyev çıxışlarında bu mühüm məqamı da qeyd edir ki, hər şeyi  Azərbaycan vətəndaşı üçün edirik: “Biz xalq üçün çalışırıq, qururuq, yaradırıq, ölkəmizi gücləndiririk. Biz istəyirik ki, Azərbaycan qüdrətli dövlətə çevrilsin. Hamımız istəyirik, hər bir normal vətənpərvər adam bunu istəyir ki, mövqeyimiz daha da möhkəm olsun, gücümüz də artsın. Nəyə görə?! Ona görə ki, insanlar daha da yaxşı yaşasınlar. Budur, əsas məqsəd.”

Ölkəmizin yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan seçilməsində də uğurlu, təkmil sosial-iqtisadi islahatlar dayanır. Təkrarən də olsa, beynəlxalq səviyyəli tədbirlərdə səsləndirilən bu fikri bir daha qeyd etmək istərdik ki, yoxsul deyil, yaxşı idarə olunmayan ölkələr var. Azərbaycanda idarəçilik sistemində təkmilləşmə, iqtisadi strategiyanın dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə uyğun müəyyənləşdirilməsi ölkəmizdə  təbəqələşmə prosesinin baş verməməsini şərtləndirib. Neft-qaz gəlirlərinin idarə olunmasında şəffaflığın yüksək səviyyədə qorunması mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsinə zəmin yaratmışdır ki, bu da öz növbəsində bu günümüzün əsas çağırışlarından olan yeni hədəflərə inamla irəliləməyə əsas verir. Azərbaycanı qarşıdakı illərdə yüksək gəlirli ölkələr sırasında görmək, ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq əsas hədəflərdəndir.

Təkmil islahatlar fonunda yeni hədəflərin gündəmə gətirilməsi və həyata keçirilməsi istiqamətində atılan addımlar da  davamlı inkişafı şərtləndirən amillər sırasındadır. Bu baxımdan ölkə Prezidenti  İlham Əliyevin  “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji Yol xəritələrinin təsdiq edilməsi haqqında”  Fərmanına uyğun olaraq 12 istiqamət üzrə strateji yol xəritələrinin uğurlu icrasını xüsusi qeyd etməliyik. Azərbaycanı ən islahatçı ölkə kimi tanıyan  Dünya Bankının  “ hesabatlarında  Azərbaycanın yoxsulluqla mübarizə, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımlar yüksək qiymətləndirilərək, əldə olunan uğurlar əsaslı şəkildə qeyd edilir. Sosial mənzillərin inşası, özünüməşğulluğun və şəffaflığın  təminatına yönələn “ABAD” və DOST mərkəzlərinin yaradılması da  sosial müdafiənin gücləndirilməsi istiqamətində atılan addımların əsas tərkib hissələrindəndir.

Cari ilin arxada qalan ayları idarəetmə sistemində təkmilləşməyə xidmət edən addımların davamlılığı ilə də yadda qalıb. Dövlətimizin başçısı İlham Əliyevin  həyata keçirdiyi struktur və kadr islahatlarından respondentlərin gözləntiləri kifayət qədər böyükdür. Əvvəldə də qeyd etdiyimiz kimi, ümumilikdə  respondentlərin 88 faizi  dövlətimizn başçısı İlham Əliyevin həyata keçirdiyi  islahatları dəstəkləyir, onu əhəmiyyətli hesab edir.

Günümüzün əsas çağırışlarından olan gənclərin dövlət idarəçiliyində təmsilçilik faizlərinin artırılması istiqamətində atılan addımlar ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu, ən əsası gənclərin yenilikçi təşəbbüslərinin hədəflərə yüksək səviyyədə nail olmağa böyük töhfələr vermək imkanlarını nəzərə alsaq  kadr islahatlarının müstəqil Azərbaycanımıza qazandıracağı uğurların mənzərəsini yaratmaq çətin deyil. Məqsəd davamlı inkişafa gedən yolun başlanğıcıdır. Birgə səylərin göstərilməsi, irəli sürülən təşəbbüslərin dəstəklənməsi  fonunda hədəflərə nəzərdə tutulan vaxtdan da əvvəl nail olmaq mümkündür. Necə ki, 2020-ci ilə hədəflənmiş Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz artıq  bu günümüzün əsas reallıqlarındandır.

Yeganə Əliyeva, “İki sahil”