18 iyul 2019 19:28
312

ATƏT-in yeni qətnaməsi: ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmətin ifadəsi

Məlumdur ki, dünyanın müxtəlif bölgələrində etnoslararası və lokal münaqişələrin həlli qlobal geosiyasət üçün aktual olaraq qalır. O cümlədən Cənubi Qafqazdakı münaqişələrin ədalətli və sülh yolu ilə həlli məsələsi bütün ciddiliyi ilə qarşıda dayanır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması ilə məşğul olan ATƏT-in Minsk qrupu isə kifayət qədər səmərəli fəaliyyət göstərmir. Beynəlxalq təşkilatlarda məsələ ilə bağlı qəbul edilən sənədlərdə bir sıra hallarda vəziyyət doğru əks etdirilmir. Bu baxımdan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) Lüksemburqda keçirilən illik sessiyasında münaqişələrlə bağlı qəbul edilən sənədin məzmunu böyük maraq doğurur. Sənəddə əhəmiyyətli fikirlər yer alıb. Onlara ermənilərin reaksiyası qeyri-adekvat olub. Çünki həmin fikirlərdə həqiqət ifadə edilib. Bu kontekstdə qəbul edilən sənədin müddəalarının geosiyasi analizinə ehtiyac görürük.

Dayanıqlı inkişaf naminə: ərazi bütövlüyü bərpa edilməlidir

Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsi ATƏT üçün aktual məsələ olaraq qalır. Təşkilatın Parlament Assambleyasının 28-ci illik sessiyası çərçivəsində bu məsələ ilə bağlı məruzə edilib. Məruzə siyasi və təhlükəsizlik məsələləri üzrə komissiyada dinlənilib. "Təhlükəsizliyin təmin olunması üçün dayanıqlı inkişafın gücləndirilməsi: parlamentlərin rolu" mövzusunda hazırlanan məruzədə regional münaqişələrə də yer verilib.

Konkret olaraq, Abxaziya, Cənubi Osetiya, Donbas, Krım, Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş 7 rayonundakı vəziyyətlə bağlı məruzə edilib. Hazırlanan qətnamənin 10-cu bəndində bununla bağlı yazılır ki, münaqişə edən tərəflər arasında konstruktiv dialoqun olması üçün dayanıqlı inkişafın yoxluğundan dərin narahatlıq vardır. O cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və əlavə olaraq işğal olunmuş 7 rayonu ətrafında yaranmış vəziyyət ciddi narahatlıq doğurur.

Belə görünür ki, ATƏT PA Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli üçün vacib olan davamlı dialoqun olmadığını qəbul edir. Bu, prinsipial mövqedir. Çünki həmsədrlər də daxil olmaqla bir sıra dairələr bunun əksini iddia etməyə çalışırlar. Onlar hesab edirlər ki, danışıqlar prosesi normal gedir. Azərbaycan tərəfi isə dəfələrlə bildirib ki, rəsmi İrəvan danışıqları dalana dirəmək üçün süni maneələr yaradır. Bu proses son zamanlar yeni dinamika alıb. Ermənilər Dağlıq Qarabağdakı separatçı-terrorçuların da danışıqlar prosesinə daxil edilməsi kimi absurd şərt irəli sürməyə çalışırlar. Onlara bununla bağlı rədd cavabı verilib. Lakin rəsmi İrəvan yenə də qeyri-konstruktiv mövqeyində qalmaqdadır. ATƏT-in Parlament Assambleyasının bu sənədi həmin səbəbdən erməniləri təlaşa salıb.

Bundan başqa, sənədin 19-cu bəndində daha konkret münasibət yer alıb. Orada Gürcüstan, Ukrayna və Moldova ilə yanaşı, Azərbaycanın da ərazi bütövlüyünə hörmətin olmasına çağırış vardır. Konkret olaraq, ATƏT xəbərdarlıq edir: münaqişə ancaq Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi şərti ilə həll edilə bilər. Onu deyək ki, sənədə etiraz etməyə çalışan erməni deputatlar və onların qulbeçələri onun qəbuluna qarşı heç bir təsir göstərə bilməyiblər. Bu da Azərbaycan rəhbərliyinin apardığı siyasətə olan inamın daha da yüksəldiyini və beynəlxalq təşkilatların həqiqəti getdikcə daha dolğun etiraf etməyə başladıqlarını göstərir.

Artıq ermənilərin bütün bəhanələrinin limiti tükənib. Onlar cəfəng fikirlərlə kimsəni inandıra bilmirlər. Artıq avropalılar da eyni qondarma tezisləri dinləməkdən tam beziblər. Bu səbəbdəndir ki, erməni tərəfi heç bir ciddi etiraz edə bilmir. O, ancaq sözdə nələrisə deyir və bununla da susur. Həmin aspektdə ermənilərin son qətnaməyə münasibəti maraqlı olub. Onlar gülünc bir iddia ortaya atıblar. Guya ATƏT Parlament Assambleyasının sənədi Bakıda hazırlanıb və Azərbaycanın pulu hesabına qəbul edilib (bax: "Аравот": "Это не резолюция, а купленный Азербайджаном документ" – Давид Бабаян о поставленной на голосование в ОБСЕ резолюции, касающейся Карабахского вопроса / Tert.am, 6 iyul 2019).

Gülünc erməni iradları: ədalətli həllin bir addımlığında

Bu, o qədər gülünc, əsassız və səviyyəsiz iraddır ki, normal insanların dinləməsi belə əziyyətdir. Ancaq, digər tərəfdən, məhz belə bir primitiv və böhtançı iddia göstərir ki, ermənilərin işğalı gizlətmək və ona haqq qazandırmaq üçün heç bir ciddi arqumentləri yoxdur. Onların informasiya sahəsində də manevrlər etməyə imkanları çox məhdudlaşıb.

Ermənilərin gülünc və ziddiyyətli bir halda olduqlarını elə erməni KİV-lərində dərc edilən bir informasiya da təsdiq edir. Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk İrəvanda baş nazir Nikol Paşinyanla görüşəndən sonra bəyan edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlarda sabit vəziyyət yoxdur. Həm atəşkəs pozulur, həm də danışıqlarda real nəticələr gözə çarpmır. D.Tusk deyib: "Hər iki tərəf təmkin nümayiş etdirməli və real danışıqlara və sülhə fayda verəcək mühitin yaradılmasına kömək edən qərarlar qəbul etməlidirlər" (bax: Карабахский конфликт не имеет военного решения, здесь необходимо политическое решение, которое будет соответствовать международному праву и принципам – Дональд Туск / Tert.am, 6 iyul 2019) Bu, ATƏT-in qətnaməsinin 10-cu bəndinə tam uyğun bir fikirdir.

D.Tusk sözlərinə davam edərək vurğulayıb: "Münaqişənin hərbi həlli yoxdur və burada beynəlxalq hüquqa və prinsiplərə uyğun olan siyasi qərar zəruridir" (bax: əvvəlki mənbəyə). Bunun ardınca Aİ Şurasının Prezidenti ATƏT-in Minsk qrupunun baza prinsiplərə, yəni hüquqi aktlara əsaslanan ədalətli, uzunmüddətli həll səylərini dəstəkləyir. Hamı bilir ki, hüquqi baza prinsipləri dedikdə, konkret olaraq, Helsinki Yekun Aktı, Madrid prinsipləri kimi sənədlərdə ifadə olunan müddəalar nəzərdə tutulur. Onlarda münaqişənin həllinin hüquqi əsası mövcuddur. Ermənistan rəhbərliyi isə məhz Madrid prinsiplərini qəbul etmək istəmir.

Beləliklə, D.Tusk yuxarıda vurğulanan sənədin 19-cu bəndini də tam təsdiq edib. Deməli, ATƏT PA-nın vurğulanan qətnaməsi Aİ-nin qəbul etdiyi ciddi hüquqi prinsipləri nəzərə alaraq hazırlanıb. Bu, hansısa deputatın öz fikrinin və ya mövqeyinin ifadəsi deyil. Bütövlükdə ATƏT-in gözlədiyi hüquqi çərçivədə və prinsiplər kontekstində hazırlanmış sənəddir. Belə bir sənədi pulla almaq hansı anlamı verir?

Yəni məsələ ATƏT-in özünün qəbul etdiyi prinsiplərin tam gözlənməsi ilə hazırlanıbsa, Azərbaycan kimə nə verə bilər? Ümumiyyətlə, Azərbaycanın belə bir addıma ehtiyacı yoxdur. Ancaq yuxarıda D.Tuskun dedikləri ilə qəbul edilən sənədin məzmununun tam üst-üstə düşməsi erməni primitiv böhtanının iç üzünü bir daha açır. Onu da vurğulayaq ki, D.Tusk adətən ermənipərəst mövqe tutur. Onu kim pulla alıb?

Bütün bunlar iki aspektdə maraqlı nəticələr çıxarmağa əsas verir. Birincisi, ATƏT münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə alternativ görmür. Bu səbəbdən həmsədrlər nə qədər passiv olsalar da, gec və ya tez münaqişə məhz beynəlxalq hüquq normaları çərçivəsində həll ediləcək. İkincisi, artıq beynəlxalq təşkilatlar erməni yalanlarını əsas götürmürlər. Onlar ədalətli mövqe tutmağa çalışırlar. Hələlik bu istiqamətdə hər şeyin normal olduğunu demək çətindir. Lakin ATƏT Parlament Assambleyasının iyul ayının əvvəllərində qəbul etdiyi növbəti qətnamə göstərir ki, yanaşmalarda praqmatiklik və ədalətə doğru xeyli dəyişiklik mövcuddur.

Buradan məsələnin geosiyasi çaları da aydın olur. Belə hiss edilir ki, Avropa İttifaqı qlobal geosiyasi mübarizədə uğur qazanmaq üçün fəaliyyət taktikasını dəyişməyin lazım gəldiyini anlayıb. Xüsusilə xarici siyasətdə ikili standartların ona zərər verdiyini dərk edir. O cümlədən islamofobiyanın yaratdığı riskləri görməyə çalışır. Əgər bu doğrudan da belədirsə, onda Aİ-nin geosiyasi nüfuzunun daha da artacağını proqnozlaşdırmaq olar. Bu, maraqlı bir nəticə olardı. Ən əsası isə dünyada Avropa ədalətin və hüququn məkanı olaraq qəbul edilərdi.

Əlbəttə, bir sənədə əsaslanaraq qəti qənaət əldə etmək çətindir. Bundan başqa, Avropada ermənilərə dəstək verən qərəzli dairələrin mövcudluğu da sirr deyil. Ancaq Azərbaycanın ərazi bütövlüyünə hörmətin zəruriliyinin vurğulanması və Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli lazımlığının ayrıca qeyd edilməsi yaxşı haldır. Gec və ya tez haqq öz yerini tutacaq!

Newtimes.az