KÖŞƏ

Qvami Məhəbbətoğlu

Avropa Şurasının Azərbaycana qərəzli münasibətinin kökündə hansı amillər dayanır?

07 fevral 2020 21:07
4998

Artıq neçə ildir ki, Avropa Şurası Parlament Assambleyasında ölkəmiz haqqında yalanlar uydurulur, saxta, heç bir əsası olmayan, yalnız anti-Azərbaycan dairələrin mülahizələrinə əsaslanan qətnamələr qəbul edilir. Özü də hər  dəfə respublikamızda beynəlxalq əhəmiyyətli tədbir keçiriləndə, bütün dünyanın diqqəti Azərbaycana yönələndə, yaxud da ölkəmizdə seçki prosesi yaşandıqda bu cür xoşagəlməz hallar yaşanır.

Elə bu il yanvarın 30-da Avropa Şurası Parlament Assambleyasının guya Azərbaycanda mövcud olan siyasi məhbusların məsələlərinə dair qətnamə qəbul etməsi buna misaldır. Halbuki respublikamızda siyasi məhbus yoxdur. Ölkəmizdə siyasi məhbus adı altında manipulyasiya edilən şəxslər əslində konkret kriminal əməllərinə görə mühakimə olunanlardır. Ancaq o yerlərdə ki, siyasi məhbuslar var, o ölkələr diqqətdən kənarda qalırlar. Şübhəsiz, qəbul edilən beləl qərəzli qətnamələrin, uydurmaların arxasında erməni lobbisindən maliyyələşən və ermənipərəstlərin diktəsi ilə işləyən deputatlar dayanırlar. Məqsəd isə aydındır: Azərbaycanın başı bu uydurmaların yalan olduğunu sübut etməyə qarışsın və Ermənistan tərəfindən bütün hüquqları pozulmuş bir milyondan artıq soydaşımızın hüquqlarını tələb etməyə vaxtı qalmasın. Odur ki, Avropa Şurası Parlament Assambleyası Konstitusiya Məhkəməsinin sədri Tovmasyanı siyasi təqiblərə məruz qoyan, siyasi məqsədləri naminə sabiq dövlət başçısı Koçaryanı həbsxanaya salan, Serj Sarkisyanı istintaq altında saxlayan, bir sözlə, siyasi məhbuslar məsələsində ön çərgədə gedən Ermənistana qarşı heç bir sərt reaksiya göstərmir. Bununla da bu qurum ədalət prinsipini, beynəlxalq hqüquq normalarını kobud şəkildə pozmaqda davam edir.  Bütün bunları analiz edəndə bir daha aydın olur ki, AŞ PA-nın Azərbaycana qarşı növbəti dəfə qərəz nümayiş etdirməsi başlıca olaraq ölkəmizin inkişaf səviyyəsini həzm edə, müstəqil siyasət aparan respublikamızı öz iradəsinə tabe etdirə bilməməsi, eyni zamanda, demokratik proseslərə və təqdirəlayiq dəyişikliklərə kölgə salmaq istəkləri ilə bağlıdır.

Bütün bunları nəzərə alan Prezident İlham Əliyev fevralın 5-də Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən demişdir ki, bu təşkilat beynəlxalq müstəvidə öz əhəmiyyətini itirməkdədir: “Təşkilat dünyada gedən proseslərə heç bir təsir etmək gücündə deyil. Təşkilatın nüfuzu çox aşağı düşüb və bunun yəqin ki, başlıca səbəbi təşkilatda hökm sürən riyakarlıq, ikili standartlar və ədalətsizlikdir”. Prezident, həmçinin qeyd etmişdir ki,. Azərbaycanla bağlı qəbul edilmiş son qətnamə bizim üçün heç bir əhəmiyyət kəsb etmir və bu qətnamənin bizim üçün dəyəri bir kağız parçasından artıq deyil: “Orada səslənən uydurma ittihamların heç birini biz qəbul etmirik və onların heç bir dırnaqarası tələbini icra etməyəcəyik”.

Politoloq Fikrət Sadıqov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, bütün bunlar Avropa Şurasının ikili standartlarla siyasət həyata keçirməsindən irəli gəlir: “Avropanın aparıcı paytaxtlarında insanlar döyülür, əzilir, təhqir edilir, öldürülür, insanların üstünə itlər göndərilir, atlarla onları əzirlər. Buna misal kimi Fransanı göstərmək olar. Yaxud Ermənistanda jurnalistləri, siyasətçiləri həbs edirlər, işgəncələr verirlər. Ancaq Avropa Şurası bütün  bunlara göz yumur. Amma Azərbaycana gəldikdə isə elə şeylər uydururlar, yayırlar ki... Onlar sanki ölkəmizi hədəf seçiblər. Şübhəsiz, belə ikili standartları Azərbaycan qəbul edə bilməz. Fikrimcə, bütün bunlar ölkəmizə qarşı qərəzli, subyektiv, ədalətsiz mövqedir. Elə bu səbəbdən qəbul olunan qətnamələr sonda lazımsız kağız parçasına çevrilir. Bu mənada Prezident İlham Əliyevin Avropa Şurasının  nüfuzunun çox aşağı düşməsinin başlıca səbəbini bu təşkilatda hökm sürən riyakarlıq, ikili standartlar və ədalətsizliklə əlaqələndirməsi olduqca məntiqlidir”.