15 avqust 2019 10:20
916

Azərbaycan innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişaf etməlidir

Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu. Ən əsası regionların inkişafını qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən ölkə Prezidenti regional inkişaf proqramlarının qəbulu və uğurlu icrası ilə bugünkü reallıqlara yol açdı. Daim bu çağırış da edilir ki, yeni iş yerlərinin yaradılması daimi proses olmalıdır. Buna əsas verən təbii ki, ölkəmizin demoqrafik vəziyyətidir. Dövlətimizin başçısı bildirir: “Bizim əhalimiz artır. Müstəqillik dövründə əhalimiz təxminən 3 milyon nəfər artıb. Bu il biz 10 milyonuncu vətəndaşın dünyaya gəlməsini sevinclə qeyd etmişik... Çünki Azərbaycanın uğurlu inkişafı, sənaye sahəsində, iqtisadi sahədə inkişaf əhalinin artımına bilavasitə təsir edən amildir və biz buna daim hazır olmalıyıq.”

Neft siyasətinin məntiqi davamı olan qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımların uğurlu nəticəsi rəqəmlərdə də öz əksini tapıb. Belə ki, iqtisadiyyatımız cari ilin altı ayında 2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz, qeyri-neft sənayesi 15,7 faiz artıb. “İqtisadi artım üçün yeni mənbələr axtarılmalıdır ki, bu, dayanıqlı olsun” söyləyən dövlətimizin başçısı bildirir ki, qeyri-neft sektorunun inkişafı əsas rol oynayır.

İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması ölkənin hərtərəfli inkişafında stimulverici amil rolunu oynayır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bir neçə il bundan əvvəl dünyanı sarsıdan və bizə də təsirsiz ötüşməyən iqtisadi-maliyyə böhranı artıq arxada qalıb: “Biz bu böhrandan şərəflə çıxa bilmişik. Öz valyuta resurslarımızı qoruya bilmişik və artırmışıq. Qeyd etdiyim kimi, təkcə altı ay ərzində 4 milyard dollar əlavə valyuta ehtiyatları toplamışıq. Əlbəttə ki, bu, bizim gələcək işlərimiz üçün də yaxşı şərait yaradır.”

Dövlətimizin uğurlu siyasəti, təkmil islahatları beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz əksini tapır. “Biz beynəlxalq maliyyə qurumları ilə fəal işləyirik və bu iş bundan sonra da davam etdiriləcək” söyləyən cənab İlham Əliyev bildirir ki, bu günümüzün əsas tələbatı iqtisadiyyatın yeni modelidir. 2025-ci ilə qədər nəzərdə tutulmuş Strateji Yol Xəritəsi bu məsələlərə cavab verir.

Qeyd edək ki, 12 istiqaməti əhatə edən Strateji yol xəritələri ayrı-ayrı sahələrin inkişafına istiqamətlənib. Kompleks tədbirlər dayanıqlı inkişafı şərtləndirir. Strateji yol xəritələrindən əvvəl qəbul olunan “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında əsas prioritetlər və icra mexanizmləri öz əksini tapıb. 2020-ci ilə qədər dövrü əhatə edən müddətdə əsas hədəf hər zaman qeyd etdiyimiz kimi, Azərbaycanı yüksək gəlirli ölkəyə çevirmək, inkişaf etmiş ölkələr sırasında görmək, bu günə qədər 3 dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaqdır. Bu uğurları şərtləndirən əsas amillərdən biri də Azərbaycanın innovasiyalara meyilli olmasıdır. Dövlətimizin başçısı bildirir: “Azərbaycan innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişaf etməlidir. Yəni, bütün lazımi tədbirlər görülüb. Təsadüfi deyil ki, bunu beynəlxalq maliyyə qurumları qeyd edir. Biznes mühitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər bunu göstərir ki, bu gün iqtisadi sahədə Azərbaycan dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasındadır. Bununla paralel olaraq, biz sosial sahəyə də çox böyük diqqət göstəririk. Bu il reallaşan layihələr - milyardlarla dollar həcmində ölçülən bu layihələr, bu təşəbbüslər bizim niyyətimizi, bizim siyasətimizi göstərir.”

Dövlətimizin siyasətində insan amilinə verilən dəyər atılan addımlardan, imzalanan Fərman və sərəncamlardan aydın görünür. İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Təkcə cari ilin ötən dövründə dövlətimizin başçısı İlham Əliyevin təsdiqlədiyi sosial paketlər  minlərlə ailəyə sevinc gətirdi. Bu sosial paketlərin tərkib hissəsinə diqqət yetirdikdə insanları narahat edən bütün məsələlərin çözülməsinə mühüm əhəmiyyət verildiyi daha aydın görünür. Problemli kreditlərin həlli, evlərin sənədləşdirilməsi məsələsi və s. kimi biri-birindən vacib məqamlar imzalanan sənədlərin əsas mahiyyətini təşkil edir. Ölkə Prezidenti bu əminliyi ifadə edir ki, ilin sonuna qədər nəzərdə tutulan bütün vəzifələr icra ediləcək.

Bazar iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı istiqamətində atılan addımlar da davamlılığı ilə diqqət çəkir. İnkişaf etmiş ölkələrin təcrübəsinə istinad etsək, kiçik və orta sahibkarlığın inkişafı prioritet məsələ kimi öndə dayanır. Dövlətimizin başçısı bildirir ki, əgər inkişaf etmiş ölkələr sırasında addımlamağı əsas hədəf seçmişiksə, bu sahənin inkişafına xüsusi diqqət yetirilməlidir.

Özünüməşğulluq proqramının uğurlu icrası da əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, kiçik və orta sahibkarlığın inkişafına xidmət edən addımlar sırasındadır. Azərbaycanın bu sahədə də təcrübəsi təqdir olunur və öyrənilməsinin vacibliyi bildirilir. Dünyaya səs salan Azərbaycan brendləri sırasında yer alan ABAD layihəsi də bu məqsədə xidmət edir. Avqustun 15-də Bakıda “WoWoman” platformasının və “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsin təşkilatçılığı ilə “Azərbaycanda kiçik ailə bizneslərinə dəstək modelləri”” adlı tədbir keçiriləcək. Tədbirdə “Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın inkişaf indeksləri”, “Kiçik sahibkarlığın inkişafı üçün yardımçı modellər: ABAD təcrübəsi” və “ABAD modeli prizmasında inkişaf edən sahibkarlıq fəaliyyəti və kiçik ailə biznesləri modelləri” mövzuları əhatə olunacaq.

Qeyd edək ki, dövlətimizin başçısı İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında Fərmanı  məşğulluq siyasətində keyfiyyətcə yeni bir mərhələnin əsasını qoymaqla bərabər, işsiz və işaxtaran şəxslərin ailə bizneslərini qurmalarına, əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərini artırmalarına, həmçinin kiçik və orta sahibkarlığın inkişafına geniş imkanlar açır.

Göründüyü kimi, bu günümüzün əsas çağırışı olaraq işsizlik, məşğulluq problemlərinin həllinə xidmət edən tədbirlər davamlılığı ilə diqqət çəkir. Ailə təsərrüfatlarına asan dəstəyin həyata keçirilməsi ABAD ailəsinin tərkibinin genişlənməsinə yol açır. “ABAD-ın sakinləri asan dəstəyi necə qarşılayırlar” sualına gəldikdə isə ailə təsərrüfatlarının bu günə qədər problemləri fərqli olduğundan  onlara göstərilən dəstəklər də təbii ki fərqli olacaq. Belə ki, konkret misallara müraciət etsək, əvvəllər kiçik sahibkarlıqla məşğul olan ailələr avandanlıqlarla, yaxud istehsal etdikləri məhsulların satışı ilə bağlı problemlər yaşayırdılarsa, bu gün artıq ABAD mərkəzləri bu dəstəklərini göstərməklə kiçik sahibkarların sabaha da böyük inamla baxmalarına yardımçı olurlar. Bu gün hər bir ABAD sakini sağlam rəqabət şəraitində bazara çıxış imkanlarını artırmasından məmnunluq hissi keçirir. Təbii ki, atılan addımların son nəticəsi ailə büdcəsinin zənginləşməsidir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, özünüməşğulluq proqramının çox böyük gələcəyi var və biz bu proqramın icrası ilə bağlı əlavə tədbirlər görəcəyik. Bu, işsizliyin aradan qaldırılması istiqamətində önəmli təşəbbüsdür. Eyni zamanda, ünvanlı sosial yardım alanların sayı da çoxalmayacaq, azalacaq.

Yeganə Əliyeva, “İki sahil”