07 may 2020 10:18
1496

Azərbaycan koronavirusa qarşı qlobal mübarizəyə dəstək verir

Azərbaycan dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi koronavirusa qarşı qlobal mübarizəyə dəstək verir

Dövlətimizin başçısı İlham Əliyev Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşünün keçirilməsi təşəbbüsü ilə nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi

Azərbaycanın müxtəlif mövzuları əhatə edən beynəlxalq tədbirlər üçün ideal məkan seçilməsi malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Bu gün isə diqqət çəkən əsas məqam budur ki, dünyanı cənginə alan koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycan həm ölkə daxilində, həm də beynəlxalq əhəmiyyət kəsb edən addımları ilə diqqət mərkəzindədir. Belə ki, bu gün ölkə və dünya mətbuatında Azərbaycanın pandemiya dövründə birliyə, həmrəyliyə çağırışı özündə əks etdirən addımları geniş müzakirə olunmaqdadır. Bu baxımdan ki, daim ölkələr, xalqlar arasında körpü rolunu oynayan Azərbaycan Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin keçirilməsi təşəbbüsü ilə çıxış etmiş və bu deviz açıqlanmışdır ki, “COVİD-19-a qarşı birlikdəyik.”

BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin bu quruma sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də dövlətimizin qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir. Zirvə görüşündəki nitqində Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru tərəfindən ünvanlanmış məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verildiyini önə çəkən dövlətimizin başçısı İlham Əliyev bu mühüm məqamı da xüsusi vurğulamışdır ki, Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir. Azərbaycan dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar könüllü maliyyə yardımı ayırdı. Cənab İlham Əliyev bildirmişdir ki, Azərbaycan koronavirus xəstələrinin müalicəsi sahəsində öz təcrübəsini Qoşulmama Hərəkatının digər üzv dövlətləri ilə bölüşməyə və bu sahədə əməkdaşlığa hazırdır: “Hamımız üçün bu çətin dövrdə mən bir daha bütün dövlətləri dostluğa, qarşılıqlı dəstəyə və həmrəyliyə dəvət edirəm.”

Göründüyü kimi, Azərbaycan hər zaman olduğu kimi, bu gün də pandemiyanın geniş vüsət aldığı bir zamanda yalnız özünün deyil, bütün türk dünyasının, dünya dövlətlərinin narahatlığına biganə yanaşmır, hər bir ölkənin vəziyyətdən çıxmaq üçün malik olduğu təcrübənin bölüşməsi üçün imkanlar yaradır, Zirvə görüşlərinin keçirilməsi təşəbbüsləri ilə çıxış edir. Hər bir təşəbbüs, qəbul olunan qərar Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun, yerinin və mövqeyinin təqdimatıdır.

“Heç bir ölkə qarşıya çıxan bu çətinliyi, bu maneəni təkbaşına aradan qaldıra bilməz” söyləyən BMT Baş Assambleyasının 74-cü sessiyasının prezidenti Ticani Məhəmməd-Bande bildirmişdir ki, BMT olaraq çox böyük məmnunluqla bu cür təşəbbüsləri dəstəkləyirik və istəyirik ki, COVID-19 virusunun yayılmasının qarşısını alaq: “Biz, həmçinin istəyirik ki, bütün dövlətlər, millətlər arasında olan qeyri-bərabərlik aradan qaldırılsın. Bunun üçün biz daha güclü və dayanıqlı sistem yaratmalıyıq. Eyni zamanda, biz görürük ki, inkişafda olan bir sıra ölkələrin borcları çox kəskin şəkildə artır. Bunlardan irəli gələrək bildirmək istəyirik ki, biz cari böhranın lap ortasındayıq. Bir çox ölkələr, həmçinin öz həllini tapmayan silahlı münaqişələrdən əziyyət çəkir, münaqişələr dayandırılmalıdır. Biz bununla bağlı BMT-nin Baş katibi adından qlobal miqyasda atəşkəsin təmin edilməsi üçün çağırış etmişik. Biz beynəlxalq əməkdaşlığı gücləndirməliyik.”

Bir məqamı da qeyd edək ki, qlobal əməkdaşlığa güclü ehtiyac duyulduğu bir şəraitdə dövlətlər, eləcə də bir sıra beynəlxalq və regional təşkilatlar adekvat reaksiya göstərə, beynəlxalq həmrəyliyin gücləndirilməsi ilə bağlı zəruri addımlar ata bilməmişlər. Hazırda qlobal liderliyə ehtiyac duyulan bir şəraitdə və vaxtda Prezident İlham Əliyev təşəbbüs irəli sürərək “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirdi və dünyanın ayrı-ayrı qitələrindən müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirməyə nail oldu. Dövlətimizin başçısı İlham Əliyev nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi.

BMT-nin Baş katibi cənab Antonio Quterreşin videomüraciətində bu kimi məqamları xüsusi vurğulayaraq, Azərbaycanın təşəbbüsünü yüksək dəyərləndirmişdir. O da bildirilmişdir ki, burada yeganə cavab cəsarətli, uzaqgörən və əməkdaşlığa əsaslanan rəhbərlik keyfiyyətləridir. Bu böhranın miqyası və mürəkkəbliyi əlaqələndirilmiş qlobal cavab tədbirlərini tələb edir: “Biz COVID-19-a səmərəli cavab tədbirlərinin hər kəs üçün və hər yerdə əlçatan olmasını və bərabərliyi təmin etməliyik. Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlərin üçdə ikisini əhatə edən Qoşulmama Hərəkatı qlobal həmrəyliyin formalaşdırılmasında əhəmiyyətli rol oynayır.” BMT Baş katibi, eyni zamanda, Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin videomüraciətlərində Zirvə görüşünü təşkil etdiyinə və pandemiyaya qarşı mübarizəyə ciddi əməli töhfələr verdiyinə görə Prezident İlham Əliyevin fəaliyyətini təqdir edərək Azərbaycandan ünvanlanan birlik, həmrəylik çağırışlarının ölkəmizin beynəlxalq aləmdə nüfuzunun göstəricisi kimi diqqətə çatdırmışlar. Qeyd olunmuşdur ki, əlaqələndirilmiş, çoxtərəfli yanaşmaya dəstək vermək üçün Zirvə görüşü dəstəklənir. Pandemiyanın məğlub edilməsi qlobal yanaşmanı və əlaqələndirilmiş cavab tədbirlərini tələb edir.

Zirvə görüşündəki çıxışlarda bu da bildirilmişdir ki, bu gün əyani şəkildə Qoşulmama Hərəkatının fikir mübadiləsi, qlobal həmrəylik və əməkdaşlıq üçün səmərəli platformaya çevrildiyinin şahidi olduq. Azərbaycan bir daha təsdiq etdi ki, quruma sədrliyi öz üzərinə götürərkən beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacağına, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacağına dair vədlərinə qətiyyətlə əməl edir.

Heç bir ölkənin bu kimi bəlalardan sığortalanmadığı önə çəkilərək o da bildirilmişdir ki, Azərbaycanın pandemiyanın geniş vüsət aldığı bir vaxtda nümayiş etdirdiyi model beynəlxalq səviyyədə təqdir olunur. Özünütəcrid qaydalarının tətbiqi, özünəqapanmama kimi halların koronavirusdan xilas olmağın əsas amilləri sırasında yer aldığı xüsusi vurğulandı. Məhz ölkəmizin bu təcrübəsinə əsaslanaraq, dövlətimizin başçısı İlham Əliyev koronavirusla bağlı istər Türk Şurasının, istərsə də Qoşulmama Hərəkatının videokonfrans vasitəsilə Zirvə görüşlərinin təşəbbüsçüsü kimi çıxış etməklə bütün dünyanın bu bəladan uğurla çıxmasına dəstəyini ortaya qoydu. Avropa İttifaqının rəsmisinin Zirvə görüşündə iştirakı və çıxışı Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisədir. Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin videomüraciətində bildirmişdir ki, əgər, nə zamansa, dünyanın müxtəlif guşələrinin biri-birindən hansı şəkildə bağlı olduğunu bilmək istəyirdiksə, COVID-19 bunu özü göstərdi. Bu, oyanış üçün qlobal çağırışdır. Pandemiyanın dünyanın müxtəlif yerlərində tüğyan etdiyi bir zamanda heç kəs heç bir ölkədə, heç bir regionda özünü təhlükəsiz hiss etməyəcək. Pandemiyanın məğlub edilməsi qlobal yanaşmanı və əlaqələndirilmiş cavab tədbirlərini tələb edir. Lakin əgər davamlı qlobal bərpanı görmək istəyiriksə, onda yeni və innovativ çoxtərəfli tərəfdaşlıq vacib olacaq.

Əvvəldə də qeyd etdiyimiz kimi, digər məsələlərdə olduğu kimi, pandemiyaya qarşı mübarizədə də hər bir dövlət malik olduğu imkanları nümayiş etdirir. Dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi Azərbaycan koronavirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək verib və bu gün də bu dəstək davam edir.

Yeganə Əliyeva, “İki sahil”