12 mart 2020 20:11
2392

Azərbaycan-Türkmənistan:  Xalqların və ölkələrin dostluğu

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri, ilk növbədə, iki ölkə arasında münasibətlərin dinamik inkişafının təzahürü hesab etmək olar. Məsələ burasındadır ki, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından 28 il ötməsinə baxmayaraq, uğurlu əməkdaşlığa keçid mərhələsi 2008-ci ilə təsadüf edib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovun hələ 2017-ci ildə Azərbaycana səfəri çərçivəsində mətbuata bəyanatında bu məsələyə toxunaraq həmin tarixin dönüş nöqtəsi olduğunu, geniş əməkdaşlıq formatının yaradılmasına imkan verdiyini qeyd edib: “Həmin ilin may ayında ilk dəfə olaraq Türkmənistan Prezidenti Azərbaycana səfər etmişdir və ondan bir neçə ay sonra - 2008-ci ilin noyabr ayında mən Türkmənistana səfər etmişdim. O səfərlər dönüş nöqtəsi idi. O səfərlərdən sonra geniş əməkdaşlıq formatı formalaşdı, yaradıldı və biz bu gün onun gözəl bəhrəsini görürük.”

Xüsusilə də son illərdə hər iki ölkə başçılarının qarşılıqlı səfərləri Azərbaycan-Türkmənistan əlaqələrini şaxələndirir, həmçinin gələcək əməkdaşlıq üçün də ciddi zəmin yaradır. Təkcə onu demək kifayət edir ki, iki ölkə arasında mövcud olan bütün sənədlərin təxminən yarısı son ilyarım ərzində imzalanıb.

Prezident İlham Əliyev səfər çərçivəsində prezidentlərin mətbuata birgə bəyanatında imzalanmış sənədlər arasında dövlət başçılarının Birgə Bəyanatını xüsusi qeyd edərək onu hər iki ölkənin dünyada, o cümlədən regiondakı vəziyyətə verdiyi qiymət və gələcəyə istiqamətlənmənin əks olması kimi dəyərləndirib. Sənədin mahiyyətindən bəhs edən dövlətimizin başçısı vurğulayıb ki, Birgə Bəyanatın mühüm bəndlərindən biri iki ölkənin ərazi bütövlüyünün, sərhədlərinin və suverenliyinin toxunulmazlığının bir daha dəstəklənməsi, eləcə də münaqişələrin beynəlxalq hüququn prinsipləri və ərazi bütövlüyü, sərhədlərin və suverenliyin toxunulmazlığı prinsipləri əsasında həllidir. Bu baxımdan sənədi iki ölkə arasındakı siyasi sferanın göstəricisi də hesab etmək mümkündür.

Ümumiyyətlə, Azərbaycan-Türkmənistan əlaqələri ikitərəfli olmaqla yanaşı, həm də Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyinin və digər beynəlxalq qurumlar çərçivəsində də mövcuddur.

Azərbaycanla Türkmənistanı birləşdirən amillərdən biri də heç şübhəsiz ki, Xəzər dənizidir. Bu baxımdan uzun müddət davam edən müzakirələrdən sonra 2018-ci ildə Xəzər dənizinin statusu barədə beynəlxalq Konvensiyanın qəbul edilməsini həm də iki ölkə arasında münasibətlərin uğurlarından biri hesab etmək olar.

İqtisadi-ticari sahəyə gəlincə, Azərbaycanla Türkmənistan arasında əmtəə dövriyyəsinin həcmi 2014-cü ildə 51 milyon ABŞ dolları olmuşdusa, 2019-cu ildə bu göstərici 225 milyon 652,11 min dollara yüksəlib. Digər tərəfdən, hər iki ölkənin sahibkarları arasında işgüzar şuranın yaradılması, eyni zamanda, Bakıda Türkmənistan ticarət evinin və Aşqabadda Azərbaycan ticarət evinin təsis edilməsi barədə də razılaşmanın əldə edilməsi əmtəə dövriyyəsinin artırılması baxımından əhəmiyyətlidir.

Həmçinin ölkələr arasında nəqliyyat sahəsində əməkdaşlıq uğurla davam edir. Hazırda hər iki ölkənin əsas limanları əlaqələndirilmiş formada fəaliyyət göstərir və buradan keçən yükləri artırmağa imkan verir. Lakin Prezident İlham Əliyevin mətbuata bəyanatından belə nəticəyə gəlmək olur ki, tərəflər yük axınının artırılmasına şərait yaradılması üçün əlavə tədbirlər görəcəklər. Bu isə mahiyyət etibarilə uzunluğu min kilometrlərlə ölçülən yeni nəqliyyat dəhlizi yaradılması deməkdir. Nəticədə regionda böyük etimada əsaslanan bu fəaliyyət ölkələrin daha da inkişaf etməsi üçün əlverişli şəraitin yaradılmasına, əməkdaşlığın möhkəmləndirilməsinə imkan verəcək.

Ölkələrin, eyni zamanda, “Lyapis Lazuli” dəhlizinin (Əfqanıstandan başlanır, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçərək Avropaya çıxır) iştirakçıları olduğunu nəzərə alanda, onların tranzit potensialı Asiya ilə Avropanın birləşdirilməsində mühüm rola malikdir. Bu da regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə imkan verən əsas amildir. 

Azərbaycanla Türkmənistan arasında enerji sektorunda əməkdaşlıq da inkişaf etməkdədir. Hazırda Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkmənistana məxsus neftin nəqli də həyata keçirilir. Eyni zamanda, gələcəkdə bu ölkədən Azərbaycandan keçməklə təbii qazın Avropaya ixracı da nəzərdə tutulur.

Mətbuata bəyanatlardan belə qənaətə gəlmək olur ki, hər iki ölkə bundan sonra da qaz, neft-kimya və başqa sahələr üzrə birgə fəaliyyətdə maraqlıdır. Eyni zamanda, tekstil sənayesi, aqrosənaye kompleksində də əməkdaşlıq imkanları mövcuddur.

Bundan əlavə, hər iki xalqın etnik yaxınlığını, həmçinin dillərinin yaxınlığını, ortaq mədəniyyətini nəzərə alanda ölkələr arasında humanitar əməkdaşlıq da vacib hesab edilir. Bu sahədə elm, təhsil, idman və turizm məsələləri prioritetdir. Bundan başqa, hər iki ölkə xalçaçılığın inkişafına böyük əhəmiyyət verir və gələcəkdə bu sahəyə həsr edilmiş sərgilərin, konfransların keçirilməsi niyyətindədir.

Ümumilikdə səfərin nəticələrinin təhlili onu deməyə əsas verir ki, hər iki ölkə regionun beynəlxalq tərəfdaşlığın arenasına çevrilməsinin tərəfdarıdır və bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi, burada səmərəli əməkdaşlıq mexanizmlərinin qurulması üçün müvafiq şəraitlərin yaradılması məqsədilə fəal şəkildə çalışır. Nəticə etibarilə aparılan danışıqlar və imzalanmış sənədlər tərəflərin bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına qətiyyətli dəstək nümayiş etdirməklə bərabər, iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın miqyasını genişləndirməkdə maraqlı olduqlarını sübut etmiş oldu. Bu da Azərbaycan-Türkmənistan əlaqələrinin ən yüksək səviyyədə olmasına işarədir.

Ceyhun Piriyev, “İki sahil”