05 iyun 2020 16:39
987

“Biz birlikdə güclüyük”

Xeyriyyə tədbirləri həyata keçirilməyə davam etdirilir

Dünyanın bütün ölkələrində olduğu kimi, Respublikamızda da koronavirus (COVİD-19) pandemiyasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görülür, virusun təsirinin azaldılması üçün addımlar atılır. Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin rəhbərliyi ilə COVİD-19 virusundan vətəndaşlarımızın qorunması, ölkəmizin bu bəladan minimum itki ilə xilas olması üçün mühüm işlər görülmüşdür. Görülən işlərin nəticəsidir ki, ölkədə xüsusilə aprel ayının sonlarında virusun yayılma sürəti olduqca aşağı düşmüş və uğurlu nəticələr əldə olunmuşdur. Amma təəssüf ki, vətəndaşlar tərəfindən xüsusi karantin rejiminin ləğvindən sonra TƏBİB-in metodiki göstərişlərinə əməl edilməməsi, sosial məsuliyyət prinsipinin pozulması ilə sağalanlara nisbətdə yoluxanların sayında  kəskin fərq yaranmışdır. 03 iyun tarixinə olan yoluxma sayını nəzərə alsaq, artıq qabaqlayıcı tədbirlərin yenidən tətbiq olunması məcburiyyəti yaranmış, həftə sonlarında küçəyə çıxmağın, ictimai və fərdi nəqliyyat vasitələrinin hərəkətinin qadağan edilməsi zərurət olmuşdur. Beləliklə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin müəyyən günlərdə sərtləşdirilməsi qərara alınıb. Bununla əlaqədar olaraq, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir. Qeyd edək ki, qapanmanın yalnız həftənin 2 gününü əhatə etməsi, ölkədə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin, maskaların və tibbi spirtin ölkəmizdə istehsalının təşkili vətəndaşlarımızın heç bir narahatçılığının olmamasına xidmət edir. Hər birimiz bu günlərdə şəxsi məsuliyyətimizi hiss etməklə, “Operativ qərargah”ın tələb və tövsiyələrinə riayət etməliyik.

Eyni zamanda, heç bir panika yaratmadan qaydaların bizim sağlamlığımız üçün həyata keçirildiyinə və dövlət tərəfindən qorunduğumuza əmin olmalıyıq. Cənab Prezident İlham Əliyevin Tərtər rayonunda səfərdə olarkən tibbi maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmaqla yanaşı, həm də vətəndaş məsuliyyətinin ən bariz nümunəsidir. Bu örnək hər birimizin əsas istiqaməti olmaqla bərabər, məsuliyyətimizi daha da dərindən dərk etməyə səbəb yaratmalıdır. Yaşadığımız cəmiyyətdə, dostlarımız və qohumlarımız arasında tibbi maskaların taxılması, fərdi dezinfeksiya məhlullarından istifadənin vacibliyi elə bizim səylərimizlə təbliğ edilməlidir. Dünya təcrübəsi də göstərir ki, yoluxma sürəti olduqca yüksək olan bu pandemiya ilə mübarizənin effektli nəticəsi önləyici, profilaktik tədbirlərin vaxtında və geniş həcmdə aparılmasından asılıdır.  

Qeyd edək ki, ölkədə tətbiq olunan karantin rejimi ilə bağlı ölkə başçısının “Biz birlikdə güclüyük” devizi altında Respublikamızda yüzlərlə xeyriyyə tədbirləri həyata keçirilməyə davam etdirilir.  Növbəti belə tədbir Pirallahı rayonunda təşkil olunmuşdur. "Biz birlikdə güclüyük" kampaniyası çərçivəsində Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsi tərəfindən tənha ahıllara, çoxuşaqlı ehtiyaclı ailələrə ərzaq bağlamaları və gigiyenik dəstlər paylanılmışdır. Bu kampaniya çərçivəsində hazırlanmış "Covid-19 yayılması zamanı stress vəziyyətinin öhdəsindən necə gəlməli"  və "Xəstələnməkdən və yoluxmadan özünüzü və digərlərini qoruyun" başlıqlı bukletlər əhaliyə paylanılmışdır. Hər zaman olduğu kimi könüllülər də bu aksiyada öz fəallıqlarını göstərmiş, yardımların və maarifləndirici materialların paylanılmasında aktiv iştirak etmişdir.

Fuad Cəfərov

YAP Pirallahı rayon təşkilatının könüllüsü