22 yanvar 2020 10:36
987

Biz nə yeyiriksə, oyuq

Yeyib-içdiklərimiz kim olduğumuzu müəyyən edir və sağlamlığımızı qorumaqda bizə yardım edir. İlk növbədə gündəlik qəbul etdiyimiz yağın həcmini nəzarətdə saxlamalıyıq, hətta faydalı hesab etdiyimiz bir qidanın da tərkibini bilməliyik.

Gündən-günə sağlam qida aktual bir məsələyə çevrilir və istehlak etdiyimiz qidalarla bağlı ictimai narahatlıq daha da artır.

Araşdırmalara görə, bir insan ömrüboyu orta hesabla, 70 min dəfə yemək yeyir, bu isə təqribən 25-30 ton qidaya bərabərdir.

Qida qəbul etmək təkcə gündəlik funksiya olmayıb, həm də insan üçün sağlamlıq və xoşbəxtlik mənbəyidir.

Qidada əsas enerjini yağlar təşkil edir. Bütün canlı orqanizmlərə enerji lazım oduğundan yağ qida məhsulu kimi çox vacibdir. Xüsusilə, bitki yağları istifadə edilməlidir, doymuş yağlar doymamış yağlarla əvəz edilməlidir.

Yağlar məsləhət görüldüyü həcmdə istifadə edilərsə çox faydalı olar. Düzgün qidalanma üçün ilk növbədə orqanizmin yağ balansını nəzarətdə saxlamaq lazımdır.

Püstə, qoz, fındıq, balqabaq toxumları, badam, günəbaxan tumları, küncüt toxumu B qrup vitaminlərlə olduqca zəngindir, lakin bu məhsullarda yağ çox olduğuna görə diqqət edilməlidir. Gündəlik rasionunuza bir ovuc əlavə etsəniz, sağlamlıq cəhətdən faydası yetərli olacaq.

Tədqiqatçılar yağlarla zəngin həmin məhsulların faydalarını da açıqlayıblar:

Bitki mənşəli qidalarda xolesterol olmur.

Rasionda omeqa ilə zəngin qidaların olması ürək xəstəliklərinin qarşısını alır.  Beyin və göz inkişafında başlıca rola malik linoleik turşusu ən çox günəbaxan tumlarının, soya, qarğıdalı yağlarının, dəniz məhsullarının tərkibində olur.

Yağlı toxumlar, həmçinin tiamin, riboflavin, niasin, fol turşusu, vitamin E ilə orqanizmi təmin edir.

Lətli meyvələr həm də insanı tox saxlayırlar. Lif tərkibli badam, qoz, fındıq xolesterol səviyyəsini aşağı salır, ürək-damar sistemində vəziyyəti qaydaya salır, qanda şəkəri normallaşdırır.

E vitamin isə antioksidantdır, orqanizmdə doymamış yağların oksidləşməsi prosesinin qarşısını alır, xərçəngin yaranmasına mane olur.

Potassium, kalsium, maqnezium qan təzyiqinin normal olması üçün lazım olan əsas minerallardır.  Tərkibində yüksək potassium və maqnezium, aşağı natrium olan çərəzlərdən məsləhət görülən qədər gündəlik istifadə təzyiqi normada saxlamağa kifayət edir. Yüksək təzyiqli insanlar əlbəttə ki, çərəzləri duzsuz qəbul etməlidirlər.

Nubar Süleymanova, “İki sahil”