15 iyul 2020 16:12
1475

Bu ağır məqamda ordumuza və Ali Baş Komandana dəstək olmalıyıq

YAP Sabirabad rayon təşkilatı orduya dəstək aksiyasında təxribat törədən qüvvələri sərt şəkildə qınayır

YAP Sabirabad rayon təşkilatı 2020-ci il iyulun 14-dən 15-ə keçən gecə Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiyada təxribat törədənləri pisləyərək gənclərimizi belə antimilli qüvvələrə qarşı mübarizəyə səsləmişdir. Rayon təşkilatınnın sədri Məleykə Ağayeva bildirib ki, iyulun 14-də keçirilən dəstək aksiyası cəmiyyətimizdə vətənpərvərlik ruhunun yüksək olduğunu bir daha nümayiş etdirdi. Aksiya iştirakçılarının vətənpərvərliyi, onların səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti sevindirici və qürurverici haldır. Orduya dəstək hər bir vətəndaşın borcudur və bu məqsədlə müxtəlif tədbirlər, aksiyalar keçirilə bilər.

Bununla yanaşı, dhəmin gün gecə saatlarında yaradılmış şəraitdən sui-istifadə halları müşahidə edildi, prosesə siyasi məzmun verməyə, onu nəzarətdən çıxarmağa, neqativ emosiyaların formalaşdırılmasına cəhdlər göstərildi. Eyni zamanda sosial şəbəkələr vasitəsilə həm cəbhə xəttində, həm də paytaxtda arzuolunmaz proseslərin baş verməsi barədə yalan məlumatlar yayıldı.

Hazırda sərhəddə hərbi əməliyyatlar getdiyi bir vaxtda bir qrup şəxsin Bakının küçələrində iğtişaş yaratmaq cəhdləri, Milli Məclisin binasına girərək vandallıq törətməsi, polislərə qarşı zor tətbiq olunması vətəndaşlıq mövqeyinə və qanunlara ziddir, ən əsası şəhidlərin ruhuna hörmətsizlikdir. 1990-cı illərin əvvəllərində baş verən gərgin hadisələr, anarxiya, özbaşınalıq və xaos bizim yaxın tariximizdir və hələ də yaddaşlardan silinməyib. Bəzi siyasi qrupların, şəxslərin bir daha hərc-mərclik yaratmaq, ölkəmizi yenidən o dövrə qaytarmaq cəhdləri ciddi qınanılmalı, cəmiyyətimiz, ziyalılarımız, fəal ictimaiyyət nümayəndələrimiz bu pozucu fəaliyyətə lazımi qiyməti verməlidirlər. 

Azərbaycan güclü dövlətdir, əldə olunmuş təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətləridir. Biz xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik.

YAP Sabirabad rayon təşkilatının sədri müraciətində bildirir ki, bu gün istər pandemiya ilə mübarizədə, istərsə də cəbhədə düşmənə qarşı milli birlik, həmrəylik, güclü milli iradə nümayiş etdirmək zəruridir. Hər birimiz məsuliyyətlə davranmalı, nizam-intizama riayət etməli, cəmiyyətimizdəki mövcud təhlükəsizliyi və sabitliyi qoruyub saxlamaq üçün bütün səylərimizi səfərbər etməliyik.

Güclü Azərbaycan Ordusu düşmənin istənilən təxribatına, həmləsinə layiqli cavab vermək iqtidarındadır. 2016-cı ilin Aprel döyüşləri, hazırda Azərbaycan-Ermənistan sərhəddində baş verən hadisələr bunu bir daha təsdiq edir.

Elçin Zaman, «İki sahil»