08 may 2020 16:16
1777

Bugünkü uğurlu xarici siyasət kursumuz Heydər Əliyev ideyalarına söykənir

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ölkədə hakimiyyət dəyişikliyi baş verdi. Bir tərəfdən, Azərbaycanın ərazi bütövlüyünün pozulması, torpaqların işğalı, digər tərəfdən, ölkənin parçalanması təhlükəsi qarşısında qalmasını görən xalqımızın təkidli tələbi ilə ulu öndər  Heydər Əliyev hakimiyyətə qayıtdı. Böyük siyasətçi ölkədə baş qaldırmış separatçı qüvvələri, Azərbaycan dövlətçiliyinə, ölkəmizin müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər törədən cinayətkar qrupları zərərsizləşdirdi, ölkədaxili ictimai-siyasi sabitliyi, dövlət ilə xalqın birliyini, yekdilliyini təmin etdi. Ulu Öndərin Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qorumaq, ölkədə ictimai-siyasi sabitliyə nail olmaq istiqamətində təxirəsalınmaz vəzifələrindən biri davam etməkdə olan Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəti addımlar atmaqdan ibarət idi. Onun hakimiyyətinin ilk illərində milli ordumuzun formalaşdırılması və döyüş qabiliyyətinin yüksəldilməsi, torpaqlarımızın müdafiə olunması üçün genişmiqyaslı tədbirlərin həyata keçirilməsi hərbi qarşıdurmada tarazlıq yaratdı.

Cəbhə bölgələrindəki yeni vəziyyət erməni tərəfini atəşin dayandırılması barədə ciddi düşünməyə vadar etdi. Məhz Ulu Öndərin təşəbbüsü ilə, onun qətiyyəti, əzmkarlığı və uzaqgörənliyi nəticəsində 1994-cü ilin may ayının 12-də atəşkəs haqqında razılaşma əldə olundu, beş ildən artıq davam edən hərbi əməliyyatlar dayandırıldı, münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün ilkin şərait yarandı.

Məhz atəşkəsə nail olduqdan sonra ölkənin dirçəldilməsi, dövlətin güclənməsi kimi strateji hədəflərə doğru irəliləyiş baş verdi. Azərbacanın dövlət başçısı məsələnin sülh yolu ilə həll olunmasına tərəfdar olduğunu bildirdi və onun gərgin fəaliyyəti nəticəsində ATƏT-in Minsk qrupu çərçivəsində intensiv sülh danışıqları aparıldı.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli Heydər Əliyevin xarici siyasətində başlıca yer tuturdu. Ulu Öndərin 1993-cü ildə hakimiyyətə tarixi qayıdışından sonra münaqişənin aradan qaldırılmasına nail olmaq üçün göstərdiyi fəaliyyət genişmiqyaslı idi. Dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli və eləcə də çoxtərəfli yüksək səviyyəli görüşlərdə, beynəlxalq forumlarda, ATƏT-in zirvə görüşlərində, Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, həmçinin Ermənistan prezidenti ilə təkbətək danışıqlarda göstərdiyi ardıcıl səylər Ulu Öndərin xarici siyasətinin mühüm hissəsini təşkil edirdi.

ATƏT-in 1994-cü il Budapeşt, 1996-ci il Lissabon və 1999-cu il İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində bir sıra mühüm təkliflər irəli sürüldü. Xüsusilə 1996-cı ildə ATƏT-in Lissabon Zirvə görüşü zamanı ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində Azərbaycanın mövqeyi Ermənistan istisna olmaqla, ATƏT-in üzvü olan  53 dövlət tərəfindən qəbul edildi, tanındı və müdafiə olundu.

Qeyd etmək lazımdır ki, 1993-2000-ci illər arasında ümummilli lider Heydər Əliyev ATƏT rəhbərliyi və Minsk qrupunun təmsilçiləri ilə 130-dan çox görüş keçirmişdir. ATƏT-ə üzv olan ölkələrin liderləri ilə keçirilən görüşləri, aparılan danışıqları da buraya əlavə etsək, Dağlıq Qarabağ münaqişəsini həllini öz üzərinə götürmüş bu beynəlxalq qurumla Azərbaycanın nə qədər sıx və intensiv işlədiyi, qarşılıqlı əməkdaşlıq etdiyi aydın olar.

Ümummilli lider Heydər Əliyev 1993-cü ildən 2001-ci ilədək 68 ölkənin prezidenti və dövlət başçısı ilə 485 görüş keçirmişdir. Bu görüşlərin hamısında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmuşdur. Konkret rəqəmlərlə ifadə etsək, Ulu Öndər ABŞ-ın Prezidenti, xarici işlər naziri ilə bu məsələni 18, Fransa rəhbərləri ilə 16, Rusiya ilə 23, Türkiyə rəhbərləri ilə 78 dəfə müzakirə etmişdir. BMT-nin Baş katibləri ilə onlarca görüş olmuşdur, NATO-nun, Müstəqil Dövlətlər Birliyinin Zirvə görüşlərində, İslam Konfransı Təşkilatının iki, İqtisadi Əməkdaşlıq Təşkilatının dörd Zirvə görüşündə, Türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşlərində hər dəfə Heydər Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini gündəliyə çıxarmışdır.

Nəhayət, 1999-cu ilin aprelindən başlayaraq, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində yeni bir fomat yaranıb və o, öz fəaliyyəti ilə əslində ATƏT-in Minsk qrupunun işini tamamlayır. Bu, Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa dialoqudur. Heydər Əliyevin Ermənistanın o vaxtkı prezidenti Robert Koçaryan ilə Cenevrədə, Moskvada, İstanbulda, Parisdə, Minskdə, Davosda, Yaltada, Soçidə, respublikamızın işğalçı dövlət ilə sərhədində çoxsaylı görüşləri olmuşdur.

Ermənistan pezidenti ilə danışıqlar zamanı ulu öndər Heydər Əliyev əsasən münaqişənin tezliklə sülh yolu ilə tənzimlənməsi və Ermənistan ilə Azərbaycan arasında uzunmüddətli möhkəm sülh yaradılması üçün qarşılıqlı surətdə məqbul kompromislərin axtarışı ilə məşğul olmuşdur. Qeyd etmək lazımdır ki, 1999-cu ilin axırlarında prezidentlər kompromis əldə edilməsinə yaxın idilər. Lakin Ermənistan əldə olunmuş razılaşmalardan xaincəsinə geri çəkildi.

Bu gün danışıqlar prosesində yaranmış vəziyyət isə beynəlxalq münasibətlərdə təhlükəli presedent yaradır. Dünya birliyi beynəlxalq hüququn norma və prinsiplərinə ciddi əməl olunmasını, bunların möhkəmləndirilməsini təmin etmək əvəzinə, qətiyyətsizlik nümayiş etdirir. Ərazi bütövlüyünün toxunulmazlığı, sərhədlərin pozulmazlığı kimi beynəlxalq hüququn fundamental norma və prinsipləri sual altına qoyulur və bununla da Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda yaşayan bir ovuc erməniyə görə beynəlxalq praktikanın, beynəlxalq hüququn on illər boyu formalaşmış dayaqları sarsıdılır. Hərbi təcavüzün tanınması nəticəsində əldə edilmiş sülh, sabitlik və təhlükəsizlik isə möhkəm və əbədi ola bilməz.

Bu bir həqiqətdir ki, bu gün müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsi kimi, qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub. Prezident İlham Əliyevin ölkəni idarə etdiyi dövrdə bir zamanlar yalnız xəyal kimi görünən nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı digər məqsədlər artıq gerçəkliyə çevrilib.

Ümummilli Liderimizin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Heydər Əliyev ideyalarına söykənir və əldə edilən dinamik inkişaf, sarsılmaz ictimai-siyasi sabitlik göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın ali iradəsinə əsaslanır. Bir sözlə, Ümummilli lider Heydər Əliyevin siyasi kursu müasir dövrün aktual çağırışlarına müvafiq olaraq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və qeyd etdiyimiz kimi, Azərbaycan tərəqqi yolunda uğur və inamla irəliləyir.

Elçin Zaman, «İki sahil»