03 dekabr 2019 20:27
1140

Cəmiyyətimizdə bələdiyyələrin rolu artır

Dekabrın 23-nə təyin olunan yerli özünüidarəetmə orqanlarına seçkilərin təbliğat-təşviqat kampaniyası başlayıb. Bütün siyasi kampaniyalara mütəşəkkilliklə hazırlaşan Yeni Azərbaycan Partiyası (YAP)  bələdiyyə seçkilərinə “Xalq üçün” devizi ilə start verərək partiyanı təmsil edən namizədlərlə seçicilərin görüşlərini təşkil edir.

YAP Mərkəzi Seçki Qərargahının Yasamal rayon təşkilatında keçirilən ilk görüşün iştirakçıları gənclər idi.

YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov bələdiyyələrin həyatımızda artan rolundan danışaraq bildirdi ki, yerli özünüidarəetmə orqanları əhəmiyyətli məsələlərin həllində müsbət təcrübə əldə etmiş, fəaliyyətlərində şəffaflığa, icra orqanları və qeyri-hökumət təşkilatları ilə işgüzar əlaqələrin qurulmasına nail olmuş, onların cəmiyyətdə rolu artmışdır:

- Bələdiyyələr Azərbaycanda aparılan köklü islahatlar və yaşanan dinamik tərəqqi dövründə özünün inkişaf yolunu keçir, vətəndaşların mənafeləri naminə yerli əhəmiyyətli məsələlərin həllində iştirak edir, sakinlərin etibarını qazanmağa və cəmiyyətimizdə özünəməxsus yer tutmağa səy göstərirlər. 23 dekabrda keçiriləcək yerli özünüidarəetmə orqanlarına seçkilərdə  YAP Yasamal rayon təşkilatından 19 partiya fəalının namizədliyi irəli sürülüb. Bələdiyyələrə seçkilərlə əlaqədar YAP Yasamal rayon şöbəsində yaradılan Qərargahda görülən işlər operativ müzakirə olunur. Qərargah üzvləri arasında iş bölgüsü aparılır, onların hər biri gördüyü işlər barədə mütəmadi məlumat verir”.

Təbliğat-təşviqat kampaniyasında  iştirak edən  İlqar Quliyev, Bəxtiyar Nəbiyev, Rasim Nəbiyev çıxış edərək bildirdilər ki, 12 saylı Qaradağ-Binəqədi-Yasamal Dairə Seçki Komissiyasının (DSK) , 15 saylı Yasamal I , 16 saylı Yasamal II ,  17 saylı Yasamal III DSK-nın məntəqələrində seçkilərə hazırlıq istənilən səviyyədədir .

Seçicilər adından çıxış edənlər son illərdə ölkədə həyata keçirilən islahatlardan razı qaldıqlarını bildirərək, Yasamal rayonunun gözəlləşən simasını aparılan quruculuq işlərinin məntiqi nəticəsi kimi qiymətləndirdilər.

Seçicilər bildirdilər ki, Azərbaycanın dünyada qüdrətli dövlət kimi tanınmasında YAP -nın xidmətləri böyükdür. Prezident, YAP-ın Sədri İlham Əliyevin son aylarda imzaladığı sərəncamlara əsasən həyata keçirilən sosial islahatları hər bir vətəndaş şəxsi həyatında, çalışdığı sahədə hiss edir. Ona görə də,  bütün rayon sakinləri ölkə vətəndaşlarına xoş güzəran bəxş edən YAP-nın namizədlərinə etimad göstərəcəklər.

Xuraman İsmayılqızı, “İki sahil”