24 aprel 2019 11:08
1455

Cənub Qaz Dəhlizi: Dünyanın enerji xəritəsini dəyişəcək layihə

Dünya miqyasında etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın gerçəkləşdirdiyi enerji və nəqliyyat layihələri regionun iqtisadi-siyasi həyatında mühüm rol oynayır. Bu baxımdan Avropanın, bütövlükdə regionun enerji təhlükəsizliyində çox ciddi önəm kəsb edən Cənub Qaz Dəhlizi müstəsna əhəmiyyətə malikdir.

Bu layihə Avrasiyanın enerji xəritəsini dəyişəcək, həmçinin Balkan ölkələrinin təbii qaza olan tələbatının böyük hissəsi ödənəcək. Ekspertlər bildirir ki, ölkəmizin iştirakı ilə gerçəkləşən və ya başa çatmaqda olan belə layihələr Azərbaycanın beynəlxalq arenadakı liderlik mövqelərini bir daha təsdiqləyir və gücləndirir.

Qeyd edək ki, layihə “Şahdəniz-2” çərçivəsində hasil ediləcək qazın Xəzər dənizindən Avropa bazarlarına nəqlini nəzərdə tutur. Azərbaycanın liderliyi və beynəlxalq tərəfdaşları ilə birgə səyləri nəticəsində “Cənub Qaz Dəhlizi”nin 4 komponenti - “Şahdəniz - 2”, Azərbaycandan başlayaraq Gürcüstan-Türkiyə sərhədinə kimi uzanan Cənubi Qafqaz Boru Kəməri, Türkiyə ərazisindən keçən TANAP və Yunanıstan, Albaniya və İtaliyanı birləşdirən TAP layihələri tam reallaşmaq ərəfəsindədir. Növbəti mərhələdə Türkmənistan, İran və İraq qazının bu kəmər vasitəsilə dünya bazarına çıxarılması məsələsi nəzərdən keçirilə bilər. Azərbaycanın liderliyi ilə həyata keçirilən bu nəhəng beynəlxalq layihənin reallaşması Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı. Dövlət başçısının sözlərinə görə, Cənub Qaz Dəhlizinin icrasına 40 milyard dollardan çox sərmayə qoyulub. İndiki maliyyə böhranı şəraitində bir layihəyə bu dərəcədə kapital qoyulması onun təkcə iqtisadi deyil, siyasi və geosiyasi əhəmiyyətini də göz önünə çəkir. Burada şübhəsiz ki, Azərbaycanın kifayət qədər qaz ehtiyatına malik olmasına olan inam da mühüm rol oynayıb.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin icrasında 7 ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya iştirak edir, eyni zamanda, üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun da növbəti mərhələdə bu layihəyə qoşulacağı gözlənilir. Cənub Qaz Dəhlizinin parametrlərinə gəlincə isə meqalayihə hər il 16, sonrakı mərhələdə 23, 2026-cı ildə isə 31 milyard kubmetr qazın Avropa bazarına nəqlinə hesablanıb. Aprelin 22-də Bakıda öz işinə başlayan SOCAR-ın IV Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-Kimya” Forumunda cıxış edən energetika naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycanda 2021-ci ildə qaz hasilatının 45 mlrd. kubmetrə çatdırılacağı gözlənilir. Onun sözlərinə görə, bu il Azərbaycanda qaz hasilatında 19%, qaz ixracında isə 25% artım proqnozlaşdırılır.

Hazırda ölkəmizin proqnozlaşdırılan qaz ehtiyatı 3,5 trilyon kubmetrə yaxındır və bu da Azərbaycanın ən azı 100 il ərzində özünü və bir çox ölkələri təbii qazla təmin etmək anlamına gəlir. Üstəlik “Şahdəniz” yatağı ilə yanaşı, “Abşeron”, “Ümid”, “Babək”, “Qarabağ”, “Dan ulduzu”, “Əşrəfi”, “Şahdəniz-3” və digər yataqlar da Cənub Qaz Dəhlizinin növbəti inkişaf mərhələsində ehtiyat bazası ola bilər. Cənub Qaz Dəhlizi ölkədə digər qaz yataqlarının işlənməsinə təkan verdiyinə görə də çox əhəmiyyətlidir. 2019-2020-ci illərdə “Abşeron”qaz-kondensat yatağı, “Şəfəq-Asiman”, “Babək” perspektiv strukturları, “Qarabağ”, “Ümid” yataqları üzrə görüləcək işlər yaxın gələcəkdə ölkənin qaz hasilatında artımı təmin edəcək.

Beləliklə, Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində hasil edilən qaz 3500 km məsafədə - Xəzər dənizindən Avropaya daşınacaq. Mövcud Cənubi Qafqaz Boru Kəməri (CQBK) Azərbaycan və Gürcüstan ərazisi boyunca yeni paralel boru kəməri vasitəsilə genişləndiriləcək. TANAP “Şahdəniz” qazını Türkiyə ərazisi boyunca nəql edəcək. TAP qazı Yunanıstan və Albaniya ərazisindən keçməklə İtaliyaya nəql edəcək. Bu layihələr birlikdə Cənub Qaz Dəhlizi kimi tanınır. Bu, dünya neft-qaz sənayesində bu vaxtadək olan ən mühüm və ən iddialı layihələrdən biridir. Çünki layihə çox sayda müxtəlif maraqlı tərəfləri, o cümlədən yeddi hökuməti və 11 şirkəti özündə əhatə edən mürəkkəb bir hədəfdir. Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək.

Sevinc Azadi, “İki sahil”