01 dekabr 2020 17:59
361

COVID-19: Bir nəfərin məsuliyyətsizliyi yüzlərlə insanı bu bəşəri bəlanın qurbanına çevirir

Hər bir vətəndaş özünü məsuliyyətli apararsa, məhdudlaşdırıcı tədbirlərə düzgün əməl edərsə, COVID-19 pandemiyasının yayılmasının qarşısı alına bilər

Hazırda bəşəriyyət böyük bir fəlakətlə - koronavirusla ciddi və çətin mübarizə aparır. Koronavirus dünyanın hər yerində narahatlıq yaratmağa, insan sağlamlığı üçün ciddi risk mənbəyi olmağa davam edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vujnoviç bildirib ki, yaxın bir neçə ayda koronavirus infeksiyası ilə bağlı vəziyyət çox çətin olacaq. Onun sözlərinə görə, xüsusilə planetin şimal yarımkürəsində pandemiya kritik mərhələsindədir: "Önümüzdəki bir neçə ay çox çətin olacaq və bəzi ölkələr ağır vəziyyətdədir. Xəstəlik halları sürətlənib, bu baxımdan bütün dövlətləri ölümlərin qarşısını almaq üçün müvafiq tədbirlər görməyə çağırıram.”

 Görünən odur ki, aparılan mübarizə tədbirlərinə baxmayaraq, infeksiya sürətlə yayılır, virusa yoluxma sayında yeni rekord müəyyən edilir. Ölkələrin əksəriyyəti pandemiyanın qarşısını almaq üçün müxtəlif tədbirlər görür, sərt qaydalar tətbiq etməli olur.

Gürcüstanda son 24 saat ərzində daha 3 759 nəfərdə “COVID-19”-un aşkarlanması ilə ölkədə koronavirusa yoluxma sayı 139 min 343-ə çatıb. Ölkədə sutka ərzində daha 36 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 1303-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 117 min 560 nəfərdir.

Rusiyada  isə son bir gündə 26 min 402 yeni yoluxma faktı qeydə alınıb.Rusiyanın koronavirusla mübarizə üzrə əməliyyat qərargahının məlumatında qeyd edilir ki, 24 saat ərzində 569 pasiyent ölüb, 24 min 763 nəfər isə sağalaraq xəstəxanadan çıxıb. Ölkə üzrə ümumilikdə 2 milyon 322 min 56 nəfər insan koronavirusa yoluxub.

Ermənistanda son sutka ərzində daha 843 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 135 min 967 nəfərə çatıb. Daha 29 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 2193-ə çatıb. Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.

Türkiyədə koronavirusa yoluxma sayının artması ilə əlaqədar olaraq qabaqlayıcı tədbirlər planı çərçivəsində yenidən bəzi qadağalar tətbiq olunacaq.  Yeni qərara əsasən,  həftə içi hər gün saat 21:00-dan 05:00-a qədər küçəyə çıxmaq qadağan olunur. Cümə günü saat 21:00-dan bazar ertəsi 05:00-a qədər fasiləsiz olaraq küçəyə çıxmaq qadağan edilir. Şənbə-bazar günləri evdən kənara çıxmaq olmaz. İstehsalat, təchizat, logistik, səhiyyə, kənd təsərrüfatı, meşə təsərrüfatı istisna olmaqla, digər sahələr işləməyəcək. Market, qəssabxana və bu kimi xidmət sahələri fəaliyyət göstərəcək. Uşaq bağçaları və buna bənzər təhsil müəssisələrinin fəaliyyəti dayandırılacaq.  65 yaşdan yuxarı və 20 yaşdan kiçik şəxslər ictimai nəqliyyatdan istifadə edə bilməyəcəklər. Evlərdə şənlik və yas mərasimləri təşkil oluna bilməz. Hamam, sauna, idman salonları fəaliyyət göstərməyəcək. Dövlət qurumlarının iş saatları 10:00-16:00 arası müəyyən olunacaq.

Niderlandda koronavirusla mübarizə çərçivəsində yeni qaydaların tətbiqinə başlanılıb. Ölkənin Ədliyyə Nazirliyi tərəfindən elan edilən və 1 dekabr tarixindən etibarən qüvvəyə minən yeni qərara əsasən, 13 yaşdan yuxarı hər kəsin qapalı yerlərdə maska taxması məcburi hesab edilib. Maska taxma məcburiyyəti məktəb, market, bazar, muzey, kinoteatr və ictimai təşkilatlarda da olacaq. Lakin kilsə, məscid kimi digər ibadət məkanları sözügedən qadağadan azaddır.Bu qaydaya əməl etməyən hər kəs 95 avro (təxminən 194 manat) miqdarında cərimələnəcək. Qərar üç ay qüvvədə qalacaq.

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 426 yeni yoluxma faktı qeydə alınıb, 1 995 nəfər sağalaraq evə buraxılıb.Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 41 nəfər vəfat edib.İndiyədək ölkədə ümumilikdə 125 602 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 76 897 nəfər müalicə olunaraq sağalıb, 1 433 nəfər vəfat edib, aktiv xəstə sayı 47 272 olub. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 621, bu günə qədər isə ümumilikdə 1 746 198 test icra olunub.

Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da son dövrlərdə koronavirusa yoluxanların sayında artım müşahidə edilir, yoluxma və sağalma halları arasında fərq xeyli böyüyür. Təəssüf ki, hətta yoluxma sayı 4 mini də ötüb, virus səbəbindən ölənlərin sayının ikirəqəmliyə qədər artdığını da müşahidə edirik. Rəqəmlər onu göstərir ki, artıq sanitar-epidemioloji vəziyyət ürəkaçan deyil. O da reallıqdır ki, mütəxəssislər buna obyektiv səbəblərlə yanaşı, subyektiv halların da yol açdığını bildirir və vətəndaşları məsuliyyətli olmağa çağırırlar.

TƏBİB rəsmiləri bildirirlər ki, əlamətləri hiss etdikdə ilkin olaraq həkim müayinəsindən keçmək lazımdır. Xəstəlik hər insanda fərqli formada keçir. Erkən dönəmdə diaqnostika üçün yaxma götürülməsi vacibdir. Nəticəyə əsasən xəstəliyin olub-olmadığına qərar verə bilərik. Test nəticəsi neqativ olsa belə xəstəliyin klinik əlamətləri varsa və xəstədən şübhələniriksə, o zaman ağciyərin kompüter tomoqrafiyasına (KT) ehtiyac yaranır. Virusun ağciyərdə bir görüntü yaratması, bir iltihab formalaşdırması üçün müəyyən bir zaman lazım olduğunu nəzərə alsaq, pasiyent xəstəliyin simptomlarının başlamasından 4-5 gün sonra KT olunarsa, o zaman ağciyərdə bir tutulma görə bilərik. Virusun ağciyəri zədələmədiyi hallar da olur. Bu, xəstəlik daha yüngül formada keçəndə mümkündür. Ümumiyyətlə isə, bu virus təkcə ağciyərə deyil, bütün orqanizmə təsir edir.

Koronavirusla mübarizənin davam etdiyi kritik dönəmdə müşahidə olunan hallar həqiqətən də çox narahatedicidir. Müalicə müəssisəsinə üz tutan xəstə bayırda maska taxır, həkimin yanına girəndə onu çıxarır, yaxud marketdə kassaya maska ilə yaxınlaşır, danışanda maskanı aşağı salıb danışır. Özündə xəstəliyin əlamətlərini hiss edən şəxs evdən bayıra çıxır. Yaxud müalicə olunan xəstə bir neçə gün sonra bir az yaxşılaşan kimi, çölə-bayıra çıxaraq ətrafdakıları yoluxdurur. Lakin pandemiya təzə başlayanda 14 günlük karantin müddəti olduğu deyilirdi, indi 21 gün karantinə əməl olunması deyilir. Fürsət tapan kimi maskanı ya çıxarırlar, ya da  elə formada istifadə edirlər ki, başa düşmək olmur ki, məqsəd qorunmaqdır, ya…?

Nə qədər ki, karantin qaydalarına əməl etməyənlər, mövcud gigiyenik tələblərə etinasız yanaşanlar var, koronavirus həyatımızdan çəkilib getməyəcək. Bu isə öz növbəsində pandemiya ilə mübarizənin uzanmasına, karantin rejiminin daha da sərtləşdirilməsinə səbəb olacaq. Ona görə də daha sərt məhdudiyyətlərin tətbiq olunmasını istəmiriksə, bunun üçün düzgün mübarizə aparmalıyıq, sərbəstliyimizə özümüz məhdudiyyətlər qoymalı, diqqət etməli, sağlamlığımız üçün zəruri olan bütün qaydalara riayət etməliyik.

Hazırkı dönəmdə hər bir Azərbaycan vətəndaşının borcu məsuliyyətli olmaq, ehtiyac olmadığı təqdirdə evdən çıxmamaq, bununla da dövlətimizə və həkimlərə dəstək olmaqdır. Cənab Prezident İlham Əliyev də vurğulayıb ki, bu gün həkimlərə kömək göstərmək, onların işini asanlaşdırmaq hər bir vətəndaşın borcudur. Bu böyük bəla ilə mübarizənin effektivliyi fərdi olaraq hər bir vətəndaşın özündən asılıdır. Ona görə də hər birimiz qaydalara ciddi riayət etməli, sadəcə, özümüzü deyil, bütün ölkə əhalisini, dövlətimizi düşünməliyik.

Yaqut Ağaşahqızı,

“İki sahil”