07 avqust 2020 16:45
832

COVID-19-la mübarizə: Hər kəs bilməlidir ki…

Müsbət dinamikanın qorunub saxlanması zəruridir

 

Dövlətimizin başçısı İlham Əliyev  avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirildiyi videoformatlı müşavirədə bildirmişdir ki,  iyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır: “Artıq üç həftədir ki, bu müsbət dinamika, əlbəttə, bizi çox sevindirir. Prinsip etibarilə ilk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlər görüldü. Bunun nəticəsində biz bu vəziyyətdən az itkilərlə çıxırıq.”

Sevindirici haldır ki, aylardır müşahidə olunan 500-dən artıq yoluxma sayı kəskin şəkildə azalmağa doğru gedir. Hətta avqustun 7-nə olan statistik məlumata əsasən, Azərbaycanda 129 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 421 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış nəfər 4 vəfat edib. Bu günə qədər ölkədə ümumilikdə 33 376 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 29 696 nəfər müalicə olunaraq sağalıb, 483 nəfər vəfat edib, aktiv xəstə sayı 3 197-dir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6872, ümumilikdə isə 773 051 test aparılıb.

Göründüyü kimi, koronavirus pandemiyası ilə mübarizə dövründə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi özünü yaxşı mənada doğrultdu. Sərtləşdirilmiş tədbirlər nəticəsində sanitar-epidemioloji vəziyyətdə müsbət dinamika müşahidə edildi. Preventiv tədbirlər və vətəndaşların mövcud qaydalara əməl etməsi ilə virusa yoluxanların sayında azalmaya nail olundu. Bütün bunlar nəzərə alınaraq, avqustun 5-dən Operativ Qərargah tərəfindən hazırkı sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi yumşalmalar tətbiq edildi.

Müşavirədə Baş Nazir Əli Əsədov  bildirib ki, vəziyyətin yaxşılaşma istiqamətində inkişaf etdiyini nəzərə alaraq, Operativ Qərargah yaxın zamanlarda bir sıra yumşalma proseslərinə də hazırlıq işləri görür. Eyni zamanda diqqətə çatdırıb ki,  insanlarımız maska və sosial izolyasiya rejiminə, sanitar-epidemioloji qaydalara hələ uzun müddət riayət etməlidir.

Doğrudur, ötən aylarla müqayisədə yoluxma sayında əhəmiyyətli fərq var. Amma bu stabilləşmə,  müsbət dinamika ona əsas vermir ki, birdən-birə bütün məhdudiyyətlər aradan qaldırılsın, geniş və sürətli yumşalma tədbirləri həyata keçirilsin. Təbii ki, mövcud gedişata  nəzər saldıqda bu qənaətə gəlmək üçün tutarlı səbəblər var. İlk olaraq xatırladaq ki, aprelin 27-dən başlayaraq karantin qadağalarına yumşalmalar edildi.İnsanlar deyilən qaydalara, tələblərə lazımınca əməl etsəydilər, təbii ki, yoluxma sayı çoxdan sıfır olmalı idi. Çünki dövlət pandemiyaya qarşı mübarizədə lazım olan bütün tədbirləri vaxtında və yüksək səviyyədə həyata keçirib və bu proses yenə davam edir. Yoluxmaların artması  insanların məsuliyyətsizliyi ucbatından baş verdi və zəncirvari şəkildə davam etdi. İndi elə ailə tapmaq çətindir ki, onlardan kiminsə yaxını, dostu, qohumu, tanıdığı şəxs bu virusun hədəfinə tuş gəlməsin. Təəssüf ki, bəzi vətəndaşların məsuliyyətsizliyi və laqeydliyi göstərilən etimadın doğrultmasına imkan vermədi. Nəticədə ikirəqəmli yoluxma sayının kəskin şəkildə artmasına zəmin yarandı.  Pandemiyaya inanmayanlar, ciddiyə almayanlar yaxınlarının, tanışlarının koronavirusa yoluxub, necə çətin və ağır mübarizə aparmaları haqqında xəbər tutduqdan sonra artıq həyəcan təbili çaldılar, virusun varlığını dərk edərək ondan qorunmağa başladılar.  Eyni halın təkrar yaşanmasını istəmiriksə bu dəfə  yumşalma tədbirlərinin mərhələli şəkildə həyata keçirilməsi daha məqsədəuyğundur. Çünki COVID-19 bəşəri kabusdur, müəmmalı qlobal bəladır, qorxunc xəstəlikdir. Ona görə də yeganə yol, prioritet istiqamət insanların sağlamlığının qorunması,  yoluxma sayının az olması, xəstəliyin geniş vüsət almamasıdır.

Digər bir səbəb isə koronavirusun qlobal bəla olmasıdır. Yəni, bu problem təkcə bizim ölkəmizə aid  deyil. Hazırda bütün bəşəriyyət  COVID-19-la mübarizə aparır. Ona görə də bu mövzu ilə bağlı hər hansı qərar zamanı  dünya statistikası da nəzərə alınmalıdır. Pandemiya bir qədər geri çəkilsə də, ehtiyatı əldən vermək faciəvi nəticələrə yol aça bilər.  İkinci dalğa təhlükəsi isə realdır. Artıq bəzi dünya dövlətləri bu məlumatı rəsmən elan ediblər. ÜST və dünya ölkələri yaxın aylarda pandemiyanın ikinci dalğası ehtimalını olduqca real hesab edirlər. Hətta bir müddət əvvəl sərt karantin rejimlərini ləğv edən ölkələr hazırda xəstəliyin geniş yayılması səbəbindən yenidən məhdudiyyətlər tətbiq etməyə başlayıblar.  Üstəlik, virus mutasiya edərək daha aqressiv forma alıb.  Azərbaycanda isə tətbiq olunmuş məhdudiyyətlər nəticəsində müsbət dinamika əldə olunub, xəstələnənlərin sayı gün ərzində 150-dən aşağı düşüb, sağalanların sayı xəstələnənlərin sayından 3 dəfə çoxdur. Belə bir şəraitdə Azərbaycanda da əsas məqsəd son aylar pandemiya ilə mübarizədə əldə olunmuş nəticələri və müsbət dinamikanı qoruyub saxlamaqdır. Bunun üçün heç kim arxayınlaşmamalı, yumşaldılmış karantin şərtləri təhlükənin artıq dəf olması anlamına gəlməməlidir. Ona görə də məhdudiyyətlərin birdəfəlik yumşaldılması hələlik məsləhət deyil. Kafe və restoranların, iri ticarət mərkəzlərinin, metronun açılması hələ ki, tezdir. Çünki bu yerlərdə insanlar daha çox toplaşırlar və belə məkanlarda infeksiyanın yayılma ehtimalı çox yüksəkdir. Bütün bunları nəzərə alaraq, yumşalma prosesi tədricən davam etməli və sonrakı yumşalma addımını şərtləndirməlidir.

Məlum olduğu kimi, ilin əvvəlindən başlayan koronavirus bəlası, mart ayından etibarən karantin rejiminin, özünütəcridin, müxtəlif qadağaların tətbiqi, sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən, tibbi maskalardan istifadə tələbi adət etmədiyimiz yeni və bir o qədər də arzuolunmaz “sürpriz” idi.  Amma, nə edək ki, bu təkcə bizim  yox, bütün dünya dövlətlərinin, xalqlarının üzləşdiyi təhlükəli problem, həmçinin, ciddi narahatlıqdır. Düşünək ki, mövcud qaydalara əməl etməməklə özümüzü və sağlamlığımızı çox ciddi riskə atırıq. Şübhəsiz ki, gün gələcək bu kritik və gərgin dönəm geridə qalacaq.  Bu müddətin daha tez və rahat keçməsi üçün hər bir vətəndaşın üzərinə düşən insanlıq borcu isə diqqətli və məsuliyyətli olmaq, virusdan mümkün qədər müdafiə olunmaq, mübarizə yolunda əzmkar olmaqdır. Karantin rejiminin bitməsi, koronavirus adlı “qara buludun” bütün dünya dövlətlərinin üzərindən yox olması təkcə sizin deyil, hər birimizin başlıca istəyidir.  Vətəndaşlar bilməlidirlər ki, pandemiya dövründə həyata keçirilən bütün tədbirlər, tətbiq olunan qadağalar məhz onların sağlamlığı, rifahı üçün nəzərdə tutulub. Hər kəs birmənalı şəkildə qəbul etməlidir ki,  əgər əldə olunmuş müsbət dinamika itirilərsə, koronavirusa yoluxmanın miqyası genişlənərsə,  məhdudiyyətlərin  yenidən tətbiqi də qaçılmaz olacaq.

Yaqut Ağaşahqızı, “İki sahil”