30 mart 2020 16:31
61204

Dağlar, sizdə nəyim qaldı?!

Şahidlərin dillərindən yaddaşlara köçən Zəngəzur hadisələri

 

          “Böyük Ermənistan” xülyasını bir-birinə nəsilbənəsil miras kimi ötürən ermənilər bu sərsəm iddialarını reallaşdırmaq niyyəti ilə insanlığa və müharibə qaydalarına zidd bütün əməllərə əl atmışlar. Tarixin müxtəlif mərhələlərində bədnam ideyalarını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Nəticədə Azərbaycan torpaqları zaman-zaman zəbt edilmiş, xalqımızın milli- mədəni irsinə böyük zərbə vurulmuşdur. 1918-1920-ci illərdə Azərbaycanda ən ağır faciələrlə üzləşən, ən dəhşətli qətliamlara məruz qalan bölgələrdən biri də Zəngəzur mahalı və əhalisi olmuşdur.

       Əzəli Azərbaycan torpağı olan Zəngəzurun ərazisi qədim zamanlardan Azərbaycan xalqına məxsus Göyçə gölü hövzəsini və Azərbaycan Respublikasının cənub-qərb hissəsini əhatə edir. Qərbdən Zəngəzur, şərqdən Qarabağ dağları ilə sərhədlənən ərazinin böyük bir hissəsi xanlıqlar dövründə Qarabağ, bir hissəsi Naxçıvan, qalan hissəsi İrəvan xanlıqlarının tərkibində olmuşdur.  XX əsrin əvvəllərində Zəngəzur mahalında 240 azərbaycanlı, bundan üç dəfə az erməni kəndi var idi. Mahal 7 bölgədən ibarət olub: Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri, Zəngilan, Qubadlı, Laçın.

        1918-1920-ci illərdə Zəngəzur Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi kimi Şuşa, Cavanşir, Cəbrayıl qəzaları ilə birlikdə Qarabağ general-qubernatorluğuna daxil idi. 1920-ci il  aprelin 28-də Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra Zəngəzur Azərbaycanın tərkib hissəsi kimi ayrıca inzibati bölgə - qəza olub.

Qarabağ məhəlləsi

         İndi də onlara qarabağlılar deyirlər. Üzərindən yüz ildən artıq vaxt keçib. Nəsillər dəyişib, lakin tarix öz möhürünü vurub, onu yaddaşlardan, bir xalqın ruhundan silmək olmaz. Bir zamanlar Qapıcıq dağını aşıb Zəngəzurdan Naxçıvana pənah gətirən ata-babaları çoxdan dünyalarını dəyişiblər. Düz 102 il bundan öncə Ordubadın Yuxarı Əylis kəndində məskunlaşdıqları  məhəlləyə verdikləri “Qarabağ” adı  isə heç dəyişməyib. XVIII əsrdə Qarabağ xanlığına tabe olan Zəngəzur mahalının əhalisi o zamandan özünü qarabağlı bilib. Şahidi olmasalar da, şahidlərin dilindən eşitdiklərini danışanda keçirdikləri həyəcanı, yurd həsrətini sözlə ifadə etməkdə çətinlik çəkirəm. 1918-1920-ci illərdə ermənilərin Zəngəzur mahalında törətdikləri qırğınlar nəticəsində öz elindən, obasından didərgin düşən insanlar Azərbaycanın müxtəlif bölgələrinə, o cümlədən Naxçıvana üz tutublar. Zəngəzur mahalının Qafan bölgəsinin əsasən Oxçu, Pirdavdan, Şabadin, Atqız və Buğacıq kəndlərindən gələnlər Ordubadın Yuxarı Əylis, Anaqut, Kələki və Qoruqlar kəndlərində məskunlaşıblar.

        Yuxarı Əylis kənd sakini Yusif Qədirquliyev: “Nənəm Həmayilin o vaxt təxminən 11-12 yaşı olub. 7 bacı-qardaş imişlər. Bunlardan yalnız iki bacı sağ qalaraq bu kəndə gəlib. Nənəmin dediklərinə görə,  günortaüstü kəndlərinə hücum olub. Nənəm anası və iki kiçik bacı- qardaşı ilə malları yemləyirmiş. Bu zaman kənddə atışma baş verib. Evə qayıtdıqda uşaqların heç biri ilə rastlaşmayıblar. Düşmən gülləsinə tuş gələn anasının ölümünü hiss etməyən nənəm bacı və qardaşı ilə yanında oturur.  Hadisə şahidi Həmayil nənənin danışdıqlarından: “Axşam qaranlıqda iki qadın səsimizə gəldi. Kimliyimizi soruşdular, molla Hümbətin qızı olduğumu dedim. Atamı tanıdılar. Dedilər anan ölüb. Əynindəki köynəyi çıxarıb mənə geyindirdilər. Uşaqları da götürüb bir qədər getdik. Hava qaralmışdı, soyuq idi, yerimək mümkün deyildi. Qadınlar uşaqları apara bilməyəcəklərini dedilər. Mən istəməsəm də, bacımı və qardaşımı kimsəsiz dərədə qoyub getmək məcburiyyətində qaldım. Uzun bir yolçuluqdan sonra gəlib Nehrəm kəndinə çatdıq. Kənd camaatı bizim yaşamağımız üçün şərait yaratdı. Bir gün dedilər ki, Əylis kəndindəki qaçqınlar gəlib. Maraqlandım, yolda buraxıb gəldiyim bacı-qardaşımı soraqlaşdım. Həmin adam bacıma xəbər yetirdi. Bacımın həyat yoldaşı Aslanxan kişi məni Əylisə gətirdi. Beləcə, Əylis həyatım başladı”. Qeyd edək ki, Yuxarı Əylisdə təxminən 50-yə yaxın ailə məskunlaşıb.

         Zaman-zaman Azərbaycanın bir sıra bölgələrində olduğu kimi Zəngəzurda da yerləşdirilən ermənilər öz mənfur planlarını həyata keçirmək uğrunda fəaliyyət göstərmişlər. Məqsəd Zəngəzuru azərbaycanlılardan təmizləmək, tamamilə erməniləşdirmək idi. 1918-ci ildə Zəngəzur qəzasında mövcud olan 222 yaşayış məskənindən 116-sı azərbaycanlılara məxsus olub. 1920-ci ildə Zəngəzurda yaşayan 224197 nəfər əhalinin 70 faizini Azərbaycan türkləri təşkil edib. Ermənilərin etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlılar yaşayan kəndlərin sayı 1931-ci ildə 87-yə, 1986-cı ildə 40-a enib.

Rusiya imperiyası dağıldıqdan sonra XIX yüzillik boyu buraya köçürülən və yaranmış vəziyyətdən istifadə edən ermənilər 1917-ci ilin martından 1918-ci ilin mayınadək Zəngəzur ərazisində türk-müsəlman əhaliyə qarşı böyük qırğınlar törətmiş, yüzlərlə yaşayış məskənini dağıtmış, əhalini deportasiya etmişlər. Təkcə 1918-ci ildə Zəngəzurun 115 kəndi yerlə-yeksan edilmiş, 10 068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50 mindən çox adam didərgin düşmüşdür.

         Yuxarı Əylis kənd sakini Tofiq Hüseynov isə ermənilərin Zəngəzurda törətdikləri qırğınların 1918-ci ildən deyil, daha erkən başladığını deyir: “Zəngəzur mahalının Pirdavdan kəndindən olan nənəm Zeynəb 1872-ci il təvəllüdlü idi. O, babalarının danışdıqlarına istinad edib deyirdi ki, hələ 1800-cü illərdə  eli Dizara sürdülər. İranın Dizarı kəndinə. Ara sakitləşəndən sonra yenidən qayıdıblar öz kəndlərinə. 1905-ci ildə də qırğın törətdilər,  Gecalan davası deyirdilər. Zeynəb nənənin danışdıqlarından: “1918-ci ildə eşitdik ki, Andranik Culfanın Yaycı kəndində qırğınlar törədib. Zəngəzurda da Njde 25 nəfərlik dəstəsi ilə kəndlərə girirdi. Dekabr ayı idi. Eşitdiyimizə görə, Oxçunu viran qoymuşdular. 1917-1918-ci illərdə hər il ermənilər gəlib bizim kəndlərdə təslim aktına qol çəkdirirdilər. Məğzi bu idi ki, siz buna qol çəkin, bizim sizinlə işimiz olmayacaq. Yenə adəti üzrə qol çəkdirmək üçün kəndə gəlirlər. Kəndin nüfuzlu ağsaqqalı Cəlil paşanın evinə yığışırlar.  Kəndin əli silah tutan cavanlarını, xüsusilə də Hafiz adında yaxşı nişançı vardı, onu da çağırırlar həmin evə. Cəlil paşa görür ki, vəziyyət çox gərgindir. Miryəhya adlı bir nəfər əli silahlı kəndin qız-gəlinlərini, uşaqlarını “Qasımın məhəlləsi” deyilən yer vardı, oraya yığıb müdafiəsində durubmuş. Erməninin biri gəlib xəbər yetirir ki, Miryəhya səngərdədir. Cəlil paşa Miryəhyanı gətirmək adı ilə evdən çıxır. Özünü Yəhyaya yetirir, ki, bəs arvad-uşağı kənddən dərhal çıxaraq ki, ələ keçməsinlər. Mənim 5 uşağım vardı. Uşaqlardan birini kürəyimə bağladım, ikisinin əlindən tutdum. Digər ikisini özümlə götürə bilmədim.  Dağı qalxanda gördük ki, Cəlil paşanın evinə od vurublar. Hava çox sərt idi, camaatın çoxu o yallarda qaldı. Ayağımı soyuq  almışdı, heç nə hiss etmirdim. Özümüzü Ordubadın Əylis kəndinə yetirdik”.

Bu dağlar, ulu dağlar...

         Təxminən 15-20 ailə də Ordubadın Anaqut kəndində məskunlaşır. Kənd sakini Qafqaz Məmmədov deyir ki, Sovet dövründə keçdiyimiz dərsliklərdə bununla bağlı heç nə yazılmamışdı, yaşlılar danışanda isə təəccüblə dinləyirdik, bəzən inanmırdıq. Axı, insan necə vəhşilik edə bilər? Bütün bunlar bizə qəribə gəlirdi o vaxt,  ta 1988-ci ilə kimi. Qafanda tanışlarımız vardı. 1984-cü ildə Pirdavdana getdim. Molibden istehsal edirdilər orada. Kənddən əsər-əlamət qalmamışdı.

         100 yaşlı Nənəxanım nənə hadisəni bizə belə nəql edirdi: “Ermənilər  Pirdavdan kəndinə girə bilmirdilər, bizimkilər ətrafda səngər qurub oturmuşdular. İşi belə görən ermənilər adətləri üzrə yenə hiyləyə əl atırlar. Deyirlər ki, barışıq edək. Bu hiylə ilə camaatı yığdılar məscidə, od vurub yandırdılar. Kənddə qaçaqaç başladı. Pirdavdandan Ordubada piyada keçidlər vardı. Yolu-izi  tanıyanlarla birgə gəldik Ordubada. Uşaqlardan ikisini götürmüşdüm, biri qaldı orada”. Nənəxanım nənə hər danışanda gözləri dolardı, elə hey o dağlara sarı baxardı, bayatı çəkərdi.  Öldüyü  günə kimi onun nisgilli qəlbini, yurd həsrətini kimsə ovuda bilmədi. Təkcə Nənəxanım nənə deyildi ki?! Kimi o dağlarda əzizlərini, kimi sağlamlığını itirmişdi. Dağların o biri üzündə isə bir yurd yeri vardı- ata-babalarının nəfəsi ilə yoğrulan, ana-nənələrinin əllərinin sığalı ilə gözəlləşən, tarixiləşən, müqəddəsləşən yurd yeri- Zəngəzur.

İtirilən torpaqlar

         Ermənistanda Sovet hakimiyyəti qurulandan çox keçməmiş, 1920-ci ilin dekabrında Zəngəzur Ermənistana verildi. 1929-cu il fevralın 18-də tarixən Azərbaycan torpağı olan Zəngəzurun İranla sərhədə çıxan sonuncu parça¬sı da Ermənistana peşkəş edildi.  Zaqafqaziya MİK-in 1929-cu il 18 fevral tarixli qərarı ilə Aran Qarabağın əraziləri – Azərbaycan SSR Cəbrayıl qəzasının Nüvədi, Eynadzor və Tuğut kənd-ləri, həmçinin Ordubad qəzasının Kərkivan kəndi və Kilid kəndi torpaqlarının bir hissəsi Ermənistana verilir və əhalisi azərbaycanlılar olan yeni “erməni” torpaqlarında süni yolla bu vaxtadək mövcud olmayan Ermənistan SSR-in Meğri qəzası yaradılır. Beləcə, Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvan Azərbaycandan ayrı düşmüş, onunla heç bir sərhəd xətti qalmamışdır. Elə həmin qərarla Naxçıvanın digər kəndləri – Qurd¬qulaq, Horadiz, Xaçik, Ağbin, Ağxaç, Almalı, Dağalmalı, İtqıran, Sultanbəy Ermənistana verilmişdir.

 

Qoruqlar kəndi necə yarandı?

         Qoruqlar Ordubadın Vənənd qolu üzərində yerləşir. Deyilənə görə, ərazi əvvəllər Vənəndin qoruğu olub. Ta zəngəzurlular bu yurda gələnə qədər. Kənddə ilk məskən salanlar 3 qardaş olub:  Alverdi, Mahmud, Qəhrəman Alverdiyevlər. 3 nəfər də  dayısının oğlanları.  Sonra hərəsi gedib öz qohumunu gətirib. 6 evdən 45 evə çatıb. Kəndi də elə Qoruqlar adlandırıblar.

84 yaşlı Rza Alverdiyevin dediklərindən: “Atam Alverdiyev Alverdi Oruc oğlu Zəngəzur mahalnın Buğacıq kəndindən idi. Kəndi ermənilər mühasirəyə alanda atam 5 nəfərlə müdafiəyə qalxır.  3  sutka müqavimət göstərirlər. Qüvvələr qeyri-bərabər olduğundan geri çəkilmək məcburiyyətində qalırlar.”

       Yazıçı Ənvər Məmmədxanlının “Buz heykəl” əsəri 1941-45-ci illər müharibəsinin dəhşətlərini təsvir etmək üçün yazılmış ən ideal əsərlərdəndir. “O gənc bir anadır, körpəsini bağrına basmışdır, yurdunu tapdayan yırtıcı düşmən əlindən baş götürüb qaçmışdır, namusunu qara əllərdən xilas eləmişdir, özünü və ciyərparəsini bu rəhmsiz gecənin ağuşuna atmışdır. Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf üz tutub Böyük torpağa tərəf gedir”.

      Əsəri əbəs yerə xatırlatmadım. Eyni epizod 1918-ci ildə də yaşanıb. Rza Alverdiyev: “Yanvar ayı olur. Hər tərəf qar, soyuq.  Yolda qucağında uşaq bir gəlinə rast gəlirlər. Baxırlar ki, tərpənmir. Yaxınlaşdıqda görürlər ki, uşağını bağrına sıxmış ana buz heykələ dönüb, uşaq isə sağdır. Uşağı da götürüb gəlirlər Ordubada”. 

Zəngəzur, zəngim haray

Qoruqlar kəndinin girişində kiçik bir qəbiristanlıq sanki yoldan ötənləri səsləyir. Hasara alınmış qəbiristanlıqda girişə vurulmuş bir lövhədən oxuyuruq:  “Ey yoldan ötənlər! Bir anlıq ayaq saxlayın. Bu məzarlıqda yatanlar qaçqın düşən insanlardır. Zəngəzur mahalının Qafan bölgəsinin  Oxçu, Şabadin, Buğacıq, Atqız, Pirdavdan kəndlərindəndir.  1918-ci ilin payızında Qapıcıqdan aşıb gəliblər. İndiki gənclər, qan yaddaşınıza yazın bunları”.

 

Zəngəzur, zəngim haray

Döyüşüm cəngim, haray

Yurd həsrəti çəkəndən

Açılmır rəngim, haray.

Qazan gölün qazanı

Qaytara yol azanı

Yurdu məndən ayıran

Allah versin cəzanı!

İkinci  qəbiristanlıq kəndin yuxarısında salınıb. Yurd həsrətlilərin başdaşında belə yazılıb: Şirin Camalov, 1884-1973. Qafan-Şabadin-Ordubad-Qoruqlar, Şamxal Bayramov-1909-1990. Qafan-Buğacıq-Ordubad-Qoruqlar. Əzizləri tarixi yaddaşı saxlamaq üçün məzar daşlarında doğulduqları yurd yerinin adını həkk ediblər!

Vətən bağı al-əlvandır

Yox üstündə xarı bülbül…

Xarı bülbül deyən kimi Qarabağ yada düşür. Çünki qeyri-adiliyi ilə seçilən bu çiçək daha çox Qarabağ zonasında yayılıb. Deyilənə görə, Qarabağ xanının qızı Ağabəyim ağanı sevindirmək üçün Fətəli şah Tehranda böyük bir bağ saldırır. Qarabağda, Şuşada bitən bütün ağac, gül-çiçəyi burada əkdirir ki, Ağabəyim doğma yerlərin havasını bu bağdan ala bilsin. Amma, bağbanların cəhdlərinə baxmayaraq Ağabəyimin Qarabağda tez-tez gördüyü xarıbülbül bitkisini bu bağda salmaq olmur. Ağabəyim ağa bu kədərini bu misralarla ifadə edir :

 

“Vətən bağı” al-əlvandır,

Yox üstündə Xarı bülbül.

Nədən hər yerin əlvandır,

Köksün altı sarı, bülbül.

        Qoruqlarda xarı bülbülün yetişdiyini bildirdilər. İlin elə vədəsidir ki, hələ torpaqdan yeni baş qaldırıb. İnşallah, qismət olar, yolumuzu bir də may ayında salarıq Qoruqlardan. Deyirlər, xarı bülbül hər yerdə bitmir. Bu kənddə bitməsini möcüzə adlandırırlar. Məncə, möcüzə deyil, bir əlamətdir, nişanədir. Xarı bülbül yurd həsrətini çəkənlərin yanında olmaq üçün vardır, az da olsa, yurd həsrətini ovutmaq üçün.  Qarabağın, Zəngəzurun havasını özüylə gətirib.

          İllər keçib, nəsillər dəyişib. O zaman Zəngəzurdan gələnlər və min bir müsibətlə üzləşənlər artıq dünyalarını dəyişiblər. İndi onların övladları, nəvə-nəticələri yaşayır onlara qucaq açan bu torpaqlarda. Hərəsinin özünə görə yaşayışı. Lakin yurd həsrəti bitməz. Ata-babaları yalnız baş vermiş hadisələri, tarixi gerçəkləri deyil, həm də övladlarına yurd həsrətini miras buraxıblar. İnşallah o  həsrət o torpaqlara qovuşanda bitəcək!..

 

Ruhiyyə Rəsulova,

Naxcıvan Televiziyasının baş redaktoru