19 iyul 2019 19:50
1797

“Dünya dağılsa da, səhər qəzet çıxmalıdır...”

JURNALİSTLƏRİN PEŞƏ BAYRAMINA YUMORİSTİK HƏMKAR PAYI

Hər hansı sahənin mütəxəssisinin sevdiyi işi ilə bağlı peşə bayramı onun üçün çox önəmli günlərdən biri sayılır. Zarafat deyil, bütün ömrünü həsr e(tdiyin)dəcəyin bir peşənin heç olmasa ildə bircə gün ağırlanması fonunda bir az ərköyünləşmək hər bir zəhmətkeşin mənəvi haqqıdır desək, yəqin kimsə inciməz. İlin 365 günü hamıdan və hər şeydən yazan, jurnalistikanı bəzən peşə kimi yox, sözün həqiqi mənasında həyat tərzi kimi yaşayan həmkarlarımızın da heç olmasa, ildə bircə gün də özlərindən  yazmaq haqqı var.

22 iyul  Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günüdür, qısa desək, jurnalistlərin peşə bayramıdır. Məlum tarixin başlanğıcı oxucularımızın çoxuna bəllidir. Belə ki,  Azərbaycan mətbuatının banisi, mediamızın babası  Həsən bəy Zərdabi ta XIX əsrdə çox böyük çətinliklərdən sonra axır ki, maneələri aşaraq Bakıda doğmaca dilimizdə milli mediamızın gözünün ilki olan “Əkinçi” qəzetinin nəşrinə icazə ala bilmişdi. Bu gözümüzün ilki  isə 1875-ci il məhz iyulun 22-də ilk nömrəsi ilə informasiya dünyasına gözünü açdığına görə həmin tarix peşə bayramımıza çevrildi.

Aradan uzun zaman keçib,  144 il əvvəl kövrək addımlarını atan Azərbaycan mətbuatı dinamik inkişaf yolu keçərək, zamanın müxtəlif sınaqlarından keçərək, dövrün xəlbirindən ələnərək günümüzə gəlib çatıb.

Bu yazıda indiyədək haqqında cild -cild kitablar yazılan Azərbaycan mediasının Zərdabidən üzü bəri - çar Rusiyasının tabeçiliyində “Molla Nəsrəddin” qiyafəsindən çıxıb daha sonra qısamüddətli Cümhuriyyət dövrünə qədəm basmasından,  sovet rejiminin senzura ələyinin xırda gözündən keçirilməsindən, müstəqillik tariximizin başlanğıcındakı ictimai-siyasi təbəddülatların tribunası olmağından, daha sonra  Ulu Öndərin zamanında  yenidən formalaşıb inkişaf etməsindən və  dəfələrlə “Jurnalistlərin dostu” seçilən Prezident İlham Əliyevin 16 illik fəaliyyəti dövründə keyfiyyətcə yeni mərhələyə yüksəlişindən, eyni zamanda, dövlətin mediaya xüsusi diqqət və qayğısından təkrarçılıq etmədən, taftalogiyaya yer vermədən peşə bayramımıza  başqa aspektdən yanaşmaq istərdim. 

Jurnalistlərin peşə bayramı ərəfəsində yumorla desək- öz şərəfimizə yazdığım bu yazıda həmkarlarımın peşə fəaliyyəti boyu daha çox rastlaşdığı maraqlı nüansları və çətinlikləri təbəssümlə təqdim edərək həm oxucularımızda  təbəssüm yaratmağa nail olar, həm də  hər səhər qəzetlərdə oxuduqları yazıların “göydən düşmədiyi”, hansı “mətbəxdə bişdiyi” haqqında əyani təsəvvür yaratmış olarıq. 

“Təbəssüm bütün bağlı qapıları aça bilər” deyirlər. Jurnalistliyi başqa peşələrdən fərqləndirən ən mühüm cəhətlərdən biri də elə təbəssüm kimi bağlı qapıları açmaq gücünə malik olmasıdır.

Yazıda daha çox qəzet jurnalistliyi üzərinə vurğu salmaqla dövrün tələbi ilə çoxsaylı internet mediasında, efir məkanında  çalışan dəyərli həmkarlarımın zəhmətini azaltmaq niyyətində deyiləm . Ancaq  etiraf edək ki, klassik jurnalistika deyiləndə ilk yada düşən bu gün təkcə ölkəmizdə deyil, ümumiyyətlə dünyada artıq bütövlükdə aradan çıxmaq təhlükəsi ilə üz-üzə qalan ənənəvi qəzet jurnalistikasıdır. Tale elə gətirib ki, jurnalist kimi fəaliyyətim daha çox qəzetlərlə bağlı olub. Onu da etiraf etməliyik ki, bir jurnalistin  peşəkar kimi formalaşmasında qəzet məktəbi xüsusilə böyük rol oynayır.  Başlanğıcda qeyd etdiyimiz işin təbəssüm tərəfini bir kənara qoysaq, jurnalistika həqiqətən ağır, məsuliyyətli və şərəfli bir peşədir. Müasir dövrümüzdə də hər nə qədər  “O  olmasın, bu olsun” filmindəki  məşhur “jurnalist” obrazı kimi  “Həzərat, vallah, sabah bunu mən qəzetəmdə yazaram” tipində reketvari ultimatumlarla ara- sıra gözə görünüb yox olan “qələm adamları” olsa da, bütövlükdə Azərbaycan mediasında öz işini şərəflə, vicdanla yerinə yetirən, peşə etikasına sadiq həqiqi peşəkarlar kifayət qədərdir.

22 iyul da məhz onların peşə bayramıdır. Bu, məsələnin ciddi tərəfi.

İşimizin yumor tərəfinə gəlsək- “Dünya dağılsa da, səhər qəzet çıxmalıdır...”  Bu ifadənin də maraqlı tarixçəsi var. Yəqin  oxucularımızın yadına gələr, 2012-ci il dekabrın 21-də bəşəriyyətin sonunun olacağı ilə bağlı absurd bir şayiə mətbuatda yayılmış və bütün dünyanı çulğalamışdı. Ərzaq alıb soyuducunu dolduran kim, işindən bir həftə məzuniyyət  alıb evə qapanan kim... Elə həmin il dekabrın 20-də vaxtilə çalışdığım qəzetdə dünyanı lərzəyə salan bu mövzu ilə  bağlı hərə öz fərziyyəsini irəli sürürdü. Yəni, jurnalist olanda nolar, işimiz elə həmişə yazmaq deyil ki, həmin gün hamı sabahkı günün vahiməsi ilə özünü dedi-qoduya qapdırmışdı. Səs-küyə otağa gələn qəzetin redaktoru yazmağa yox, çənəsinə güc verən jurnalistləri özününmü, yoxsa başqasınınmı müəllifi olduğu bircə ötkəm  cümlə ilə susdurdu: “Dünya dağılsa da, səhər qəzet çıxmalıdır!...”

Bildiyiniz kimi,  səhər dünya dağılmadı, amma qəzet çıxdı. Təbəssüm doğuran məqamlar çoxdur. Amma bu məqamda  istərdim ki, nə qədər yumorlu nüanslar olsa da , jurnalistləri hansısa məqamda qınayan, bəzən göydə qanadı sınan quşun da, yerdə ayağına ilişən daşın da günahını jurnalistdə görən bir para insanların nəzərinə çatdırım ki,  həmin redaktorun sözü olmasın, jurnalist həm də hətta dünya dağılsa da səhər qəzeti çıxarmağa mükəlləf olan peşə sahibidir.  İqlimin şıltaqlıqları, müsahiblərin ərköyünlüyü, tədbir və toplantıların  seçilmə zamanı, bir sözlə, heç nə jurnalistin bəhanəsi ola bilməz. Çünki... səhər qəzet  çıxmalıdır.

Bəzən deyirlər ki, jurnalistlik peşə deyil, həyat tərzidir. Haradasa baş verən haqsızlıq da bizim təkcə insan olaraq deyil, həm də jurnalist olaraq vicdanımızın ələyindən keçir, heç nəyə biganə qala bilmirik. Bəlkə də buna görə jurnalistika dünyadakı beş ən təhlükəli peşədən biri hesab olunur.

Amma bayram tendensiyasına uyğun olaraq bu yazıda bu və bu kimi məqamları bu gün keçəcəyik. Lazım gələrsə, jurnalist təhlükəyə də gülüb keçməyi bacarmalıdır...

Jurnalistlik fəaliyyətimiz boyu yaxşı - pis yaşadığımız hər şey- savadına, intellektinə heyran qaldığımız müsahiblərimiz də, iki cümləni ard -arda düzüb -qoşmağa çətinlik çəkən həmsöhbətlərimiz də, illər boyu başımıza gə(tiri)lən kuryoz olaylar da,  əlbəttə ki, qiymətli peşə təcrübəmizin tərkib hissəsidir və hər bir nüansı  ilə bizim üçün dəyərlidir.

...Amerikan yazıçısı Natanael Uels yazırdı  ki, jurnalist hər gün  boşluğu sözlə doldurmaq istedadı olan adamdır.  Amma boşluğu sözlə dolduracam deyib mətləbi hədsiz uzatmaq fikrindən uzağam, iş gününün sonunadək  başa çatdırdığım yazımı  həmkarlarıma ünvanladığım təbriklə yekunlaşdırıb bir an öncə redaktora təhvil verməliyəm. Bayramınız mübarək əziz jurnalistlər! 22 iyul bizim bayramımızdır deyib də rahat oturmaq bizlik deyil, bunu da unutmayın. Çünki... Artıq çünkisini siz də bilirsiniz:  Dünya dağılsa da, səhər qəzet çıxmalıdır!

Sevinc Abdullayeva, “İki sahil”