KÖŞƏ

Taleh Bağırov

Əli Kərimlinin tərəfdarları nədən cin atına miniblər?

21 iyun 2019 10:16
3970

Özünə və yaxın dairələrinə məxsus internet televiziyalarda çıxış edərək demokratiyadan, insan hüquq və azadlıqlarından, mətbuat sərbəstliyindən dəm vuran AXCP sədri Əli Kərimlinin bu azadlıqları ən kobud formada pozanlardan biri olması bir daha təsdiq edildi. Məsələ bundadır ki, bu günlərdə ABŞ-da yaşayan azərbaycanlı jurnalist və bloqger İsmayıl Cəlilov AXCP-çi internet-trolların hücumundan şikayətləndiyi videomüraciətlə çıxış edib. Jurnalistin sözlərinə görə, ona qarşı kampaniya “Youtube” kanalındakı müsahibələrdən birində AXCP lideri Əli Kərimlinin ünvanına tənqidi fikirlərin səslənməsindən dərhal sonra İsmayıl Cəlilovun “Facebook” sosial şəbəkəsindəki səhifəsinə Əli Kərimlini dəstəkləyən internet trolları tərəfindən təhqirlər yağmağa başlayıb.

“Mənim “Youtube” kanalımda D18 hərəkatının lideri Ruslan İzzətli ilə müsahibə çıxdı və müsahibəsində o, AXCP lideri Əli Kərimlini yüngül formada tənqid edib. Həmin videoda təhqir olmayıb. Jurnalist olaraq, mən heç vaxt imkan vermərəm ki, efirimdə kiminsə ünvanına təhqir səslənsin. Lakin bundan dərhal sonra mənim səhifəmə AXCP-nin trolları hücum çəkdilər və təhqiramiz şərhlər yazmağa başladılar. Adi tənqidə şəxsiyyətin alçaldılması ilə cavab verən bu qrupa nə deyəsən?”, - deyə Cəlilov bildirib.

Bloqger bildirib ki, dəfələrlə dəvət edilməsinə baxmayaraq, Əli Kərimli onun efirinə qatılmaqdan imtina edib: “Çünki mənim kanalımı çox kiçik hesab edir. 4 min nəfərlik auditoriyam onun üçün çox balacadır. Amma əgər məndə belə az tamaşaçı varsa, nəyə görə Əli Kərimlinin tərəfdarları kanalımdan belə qorxurlar? Əli Kərimli, mən sizə müraciət edirəm, tərəfdarlarınıza deyin ki, media nümayəndələrinə hücum etmək olmaz. Onları yığışdırın. Məndə belə bir qorxu yaranır ki, siz hakimiyyətə gəlsəniz, nə baş verər? Müxalifətdə olduğunuz halda tərəfdarlarınız jurnalistlərə hücum edir. Əgər real hakimiyyət qazansanız, jurnalistlərin vəziyyəti necə olacaq? Budur sizin Azərbaycanın gələcəyinə baxışınız?”

İ. Cəfərov Əli Kərimliyə çoxlu sualları olduğunu, amma onlara cavab almağa ümid etmədiyini bildirib. Buna səbəb kimi isə Ə. Kərimlinin müstəqil mətbuata açıq olmaması ilə əsaslandırıb: “Sizə çoxlu suallarım var, lakin onlara cavab almağa ümid etmirəm. Mən sizi artıq müstəqil jurnalistlərin dostu hesab etmirəm. Baxın, ünvanınıza bircə tənqidi cümləyə görə tərəfdarlarınız necə təhqirlər yağdırırlar. Axı özünüzü lider adlandırırsınız, tərəfdarlarınızın bu biabırçılığını dayandırın”.

Videoçarxın sonunda İsmayıl Cəlilov Əli Kərimlinin tərəfdarlarını çobana ehtiyacı olan sürü adlandırıb. Çox ehtimal ki, bu ifadədən sonra İ.Cəlilova hücumların sayı daha da artacaq və Əli Kərimlinin “demokratiyası” var qüvvəsi ilə üzə çıxacaq. Azərbaycan xalqı da bir daha şahid olacaq ki, belə kəslərlə heç bir gələcək ola bilməz.