KÖŞƏ

Azər Həsrət
Mətbuat Şurası İdarə Heyətinin üzvü
[email protected]

Əməllərinizi hara yozaq, Əli Kərimli?..

24 aprel 2019 10:33
446

Bakıda “Formula 1” keçirilir, bu adam narahatdır. Küçədə hansısa təsadüfi adam kiməsə nəsə edir, bu adam yenə narahatdır. Azərbaycan Avropa Birliyi ilə saziş imzalamağa hazırlaşır, yenə də narahatdır bu adam. Hələ biz ötən il Gəncədə dövlətə qarşı terror əməlinə görə həbs edilmiş şəxslərin məhkəməsini demirik. Bu adam həmin məsələdə də təqsirləndirilən şəxslərə görə narahatdır. Yaxud da bir jurnalist öz TV proqramında nəsə deyəndə də narahat olur bu hərşeyşünas böyük “siyasət adamı”. Və bütün bunları hakimiyyətin ayağına yazıb öz ağlınca siyasi kampaniya aparır…

Yəqin fərq etdiniz. Əli Kərimlidən danışırıq. Özünün siyasi fəaliyyətini büsbütün Facebook üzərinə daşımış bu şəxs gecəli-gündüzlü çalışır, gündə bir neçə dəfə istənilən məsələyə reaksiya verib ətrafında cəm etdiyi trol dəstəsinin vasitəsilə qaşınmayan yerdən qan çıxarmağa çalışır. Tanımayan, bilməyən olsa, deyər ki, bu, peyğəmbər övladıdır. Görün, insanların bütün dərd-sərini öz dərdi kimi qəbul edir, ona görə də biganə deyil. Elədirmi?

Təbii ki, elə deyil. Elə olması heç mümkün də deyil. Onun məqsədi sadəcə suyu bulandırıb balıq tutmaq üçün əlverişli şərait yaratmaqdır. Biz bu adamı yaxşı tanıdığımız üçün belə deyirik. Yoxsa bir sıra saf insanlar kimi biz də onun ürək “yanğısıyla” yazdığı statuslara aldanardıq. Hər nə qədər olmasa da biz səmimi insanlarıq, hər kəsin də şəxsimiz kimi səmimi olduğuna inanmağa meylliyik…

İndi bu “cəfakeş” siyasət adamının özünə və yaxınlarına bir nəzər salsaq, bəlli olacaq ki, heç də iddia etdiyi kimi vətənpərvər, canıyanan deyilmiş…

Adi bir örnək verək. Bir müddət öncə dostlarımızdan Niyaməddin Orduxanlı Əli Kərimlinin oğlunun əsgərlikdən yayınması haqqında qeyd paylaşmışdı. Açığı, vətənpərvərlikdən bu qədər dəm vuran siyasət adamının övladının niyə əsgərlikdən yayınması bizi düşündürməyə bilməzdi. Hətta dostumuz Niyaməddin bəyin qeydinə bir az da şübhə ilə yanaşacaqdıq ki, o, dediyini rəsmi şəkildə təsdiqlətdi. Bəlli oldu ki, ölkənin səfərbərlik xidməti Əli Kərimlinin oğlunun əsgərliyə cəlb edilməsi üçün tədbirlər görür, lakin uğur qazana bilmir. Səbəbsə odur ki, bu adam oğlunu xaricdə gizlədir. Bəli, məhz gizlədir. Düzdür, həmin “igid” hamının gözü önündədir. Lakin Azərbaycana gəlmir ki, birdən əsgərliyə apararlar…

Hətta o da bəllidir ki, Əli Kərimli ailəsini Azərbaycandan kənarda saxlamağa üstünlük verir. Sual yaranır: necə olur ki, siz öz ailənizi ölkədən kənarda tutduğunuz halda millətin gənc və təcrübəsiz övladlarını qızışdırıb meydanlara çıxarır, radikallaşdırır, qanun pozmağa belə sövq edib həbsxanaya göndərirsiniz? Niyə bütün bunları sizin öz oğlunuz etmir də başqalarının övladlarının etməsini istəyirsiniz, Əli Kərimli?

Yaxud, necə olur ki, siz illər uzunu heç bir gəlir gətirən işlə məşğul olmadığınız halda ailə üzvləriniz dünyanın ən bahalı ölkələrində bəy balası kimi yaşayır, əsgərlikdən yayınmış oğlunuz gününü hətta eyş-işrətdə, bahalı əyləncə mərkəzlərində keçirə bilir? Bunu hansı pulların hesabına edə bilirsiniz? Doğrudanmı cəmi bir illik hakimiyyətinizin qısa dönəmində dövlət katibi olduğunuz zaman o qədər varidat toplaya bilmisiniz ki, az qala otuz ildir xərcləyirsiniz bitmir? İşin içində korrupsiya filan olmaya, Əli Kərimli? Yaxud da bir ucu ermənilərə gedib çıxan xarici fondların sizi maliyyələşdirməsi haqda deyilənlərin doğru olduğuna inanaq bəlkə? Bəs ABŞ-ın NED fondunun kimə – hansı təşkilata verdiyini inadla gizləydiyi pulların sizə də gəlməsi necə, variant ola bilərmi?

Əli Kərimlinin oğlunu əsgərlikdən yayındırıb şübhəli fondlardan maliyyə alması haqqında deyilənləri nəzərə alsaq, vətənpərvərlik və dövlət maraqları üçün irəli sürdüyü iddiaların səmimi olmadığını deməyə, əlbəttə haqqımız var!

Bu adam bir zamanlar öz siyasi liderinə – Əbülfəz Elçibəyə çamur atma kampaniyası aparırdısa, bu gün qara işlərə bulaşması, sadəlövh gəncləri qızışdırıb siyasi mübarizə aparma görüntüsü yaratması da bizim üçün anlaşılmaz deyil. Adamın həyat fəlsəfəsi bunun üzərində qurulub. Biz onu daim hətta müxalifətin parçalanmasında baş rol almış gördük, görməyə də davam edirik. Öz işidir, qarışmırıq. Bizi narahat edən sadəcə saf, təmiz, sadəlövh və həqiqədən də Azərbaycanın faydası üçün çalışmaq istəyən gənclərin bu adam tərəfindən yanlış yönə sürüklənməsidir. Yoxsa kiminsə, lap elə Əli Kərimlinin siyasi müxalifətçilik etməsindən niyə narahat olaq ki? Ümumiyyətlə, bizə görə ölkədə sağlam və milli maraqlara söykənən müxalifət nə qədər güclü olarsa, bir o qədər yaxşıdır. Lakin təəssüf ki, Kərimli və başının dəstəsi belə iddia ilə beyinləri qarışdırır, sağlam və güclü müxalifətin formalaşmasını illərdir ki, əngəlləyir…

Hər şey bir yana, bu adam illərdir Azərbaycanın Avropaya inteqrasiyasının vacib olduğunu təbliğ edir, hakimiyyəti bu məsələdə gecikməkdə ittiham edir, günü bu günsə öz mövqeyinə tam əks mövqe sərgiləyir. Azərbaycan Avropa Birliyi ilə saziş imzalamaq ərəfəsindədir, Əli Kərimli də əlindən gələni edir ki, bu, baş tutmasın. Sual olunur: kimin əlinə oynayırsınız, Əli Kərimli? Azərbaycanın Avropaya inteqrasiyasını istəməyən dövlətlər hər kəsə bəllidir. Həm də o dövlətlər mərhum lideriniz Əbülfəz Elçibəyin heç vaxt qəbul etmədiyi, barışmadığı, Azərbaycanın bəlalarının səbəbkarı kimi gördüyü dövlətlərdir. Sizin həmin dövlətlərlə eyni sırada yer almağınızı hara yozaq, necə yozaq?…

Əmrah Fəqanoğlu
Vicdan yoxlaması
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...
Məhərrəm Ağalaroğlu
Dəlləklər