30 mart 2019 20:52
441

Erməni təcavüzkarlığını inkişaf etdirən amillər: cinayət və cəzasızlıq

Ötən dövrdə dünyada çox şeylər dəyişib, o cümlədən Azərbaycan sıçrayışlı inkişaf yolu keçib. Ən əsası odur ki, dövlətimiz qüdrətlənib, təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə qarşı milli müqavimət konsepsiyası müəyyən edilib. Bu müqavimətin formalaşmasında ulu öndər Heydər Əliyevin müəyyən etdiyi fəaliyyət istiqaməti böyük gücə malikdir. Bu yerdə Ulu Öndərimizin hələ 1991-ci ildə ifadə etdiyi bir acı gerçəkliyi xatırlamaq əhəmiyyətlidir:“... Ermənistan həmişə qəsbkar siyasət aparıb, biz isə həmişə müdafiə olunma, bəzən isə geri çəkilmə mövqeyində dayanmışıq. İndi də bu mövqedəyik”.

...Hər bir xalqın özünün yaşam tərzində və inkişafında ideologiyanın rolu şəksizdir. Müasir dünyada milli ideologiya təhlükəsizliyin əsasıdır. Lakin ideologiyanın əsasları sağlam, ədalətli, həqiqətə uyğun və sülhməramlı olmalıdır. Əks halda o yalnız qarşı tərəflərə yox, məxsus olduğu tərəfə də fayda gətirə bilməz və gec-tez mütləq mənada ciddi iflasa səbəb olacaqdır. Haqqında söhbət açmaq istədiyimiz mövzu saxta “böyük Ermənistan” iddiası ilə bağlıdır. Hansı ki təxminən iki yüz illik zaman kəsiyində bu iddia əsasında Anadoluda, Qafqazda və indiki İran ərazisində türk-müsəlman əhaliyə qarşı böyük cinayətlər, soyqırımı və deportasiyalar həyata keçirilmişdir, dünyanın ayrı-ayrı ölkələrində Azərbaycan və Türkiyəyə, eləcə də görkəmli şəxsiyyətlərimizə qarşı terror aktları törədilmişdir. Erməni təcavüzkarlığını bu toplumda milli xüsusiyyət kimi inkişaf etdirən əsas amil cinayət və cəzasızlıqdır. Səbəb budur ki, XIX əsrin sonlarından başlayaraq Osmanlı dövlətinə qarşı daha fəal şəkildə erməni toplumundan istifadə edən böyük güclər Birinci dünya müharibəsində onları yaşadıqları və sakini olduqları dövlətə qarşı, sözün əsl mənasında, qısqırda bilmişlər. Erməni millətçi dairələri bu funksiyalarını saxlamaqla özlərini mühafizə edə bilirlər.

İndi isə fikir və mülahizələrimizi daha aydın təqdim etmək üçün əvvəlcə saxta “böyük Ermənistan” əsasları barədə ümumi məlumat verək. Saxta erməni etnokorporasiyasına aid cəhətlər bunlardır: yalanı erməni toplumuna həqiqət kimi təqdim etmək; olmayan məsələdən mövzu düzəltmək; saxta mövzu ətrafında müzakirələr aparıb cəlbedicilik yaratmaq; bütün erməniləri saxta “böyük Ermənistan” iddiasının büdcəsinə vəsait ödəməyə məcbur etmək; prosesdən kənarda qalan erməniləri nümayişkaranə şəkildə cəzalandırmaq; bu məsələdə bütün vasitələrdən istifadə etməklə tərəfdarlar toplamaq, uydurulan “erməni məsələsi” mövzusunda saxta mənbələr yaratmaq və s. Mövzunun geniş olduğunu nəzərə alaraq 1905-1907-ci il hadisələri üstündə dayanmadan 1918-ci ilin mart qırğınlarından bəhs etmək fikrindəyik. Məhz saxta “erməni məsələsi” əsasında təkcə 1918–1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir, Lənkəranla yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə amansız şəkildə davam etdirilməsi nəticəsində on minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilmiş, bir milyondan çox əhali öz doğma torpaqlarından didərgin salınmışdır. “1918–1920-ci illərdə indiki Ermənistan ərazisində yaşamış 575 min azərbaycanlının 565 min nəfəri öldürülmüş və doğma torpağından didərgin salınmışdır. Bu rəqəmi Z.Korkodyan özünün “Sovet Ermənistanının əhalisi 1831–1931” adlı kitabında təsdiq edərək yazır ki, “1920-ci ildə sovet hökumətinə daşnaklardan cəmi 10 min nəfərdən bir qədər artıq türk (azərbaycanlı) əhali qalmışdı. 1922-ci ildə 60 min qaçqın geri qayıtdıqdan sonra azərbaycanlılar burada 72 min 596 nəfər, 1931-ci ildə isə 105 min 838 nəfər olmuşdur”.

Əvvəla, qeyd etməliyəm ki, müasir dövrdə müsəlman-türk aləminə qarşı təcavüzkar Ermənistanın və erməni millətçiliyinin fəaliyyəti aktiv şəkildə mövcuddur və bunlar bir-birinə bağlı olsalar da qarışdırılmamalıdırlar. 1918-ci ilə qədər, yəni qədim Azərbaycan torpaqlarında Ermənistan dövləti qurulana kimi bu funksiyanı erməni millətçi dairələri idarə ediblər və burada erməni kilsələrinin imkanlarından məharətlə istifadə olunub. Həmin dövrdən bu tərəfə isə Ermənistan dövləti ilə erməni millətçi dairələrinin fəaliyyəti birləşdirilib. Məsələnin mahiyyətini açmaq məqsədi ilə erməni cinayətlərini statistika üzərində yox, siyasi mahiyyəti baxımından təhlil etmək niyyətindəyik. 1917-ci ildə çar Rusiyası hökumətinin bolşevik inqilabı nəticəsində devrilməsi uzun illərdən bəri hərbi zülm altında olan xalqlara, o cümlədən Azərbaycana öz dövlət müstəqilliyini qurmaq şansı verdi. Lakin Anadolunun şərqindən, Cənubi Azərbaycan ərazilərindən və Qafqazdan çəkilən çar Rusiyasının hərbi birləşmələri silah və sursatlarını üç dəniz arasında dövlət qurmaq xülyası və iddiasında olan ermənilərə verməklə müsəlman-türk əhali üçün yeni bir təhlükə mənbəyi yaratdılar. Beləliklə, 1905–1907-ci illərin qanlı hadisələrinin ardınca, təxminən on bir illik fasilədən sonra 1918-ci ilin mart və aprel aylarında yenidən kütləvi qırğınlar başladı. Birmənalı olaraq bu qırğınların əsl məqsədi uzun illər çar Rusiyasının əsarətində olan Azərbaycanın dövlət müstəqilliyinin yaranmasının qarşısını almaq olmuşdur. 1918-ci il mayın 28-də Tiflis şəhərində bir qrup görkəmli ziyalımız tərəfindən şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə bağlı İstiqlal Bəyannaməsinin imzalanması regionda vəziyyəti dəyişdi. Azərbaycanda milli ordunun olmaması, ara verməyən tətillər, iqtisadiyyatın pozulması, kütləvi savadsızlıq, bolşevizm ideyasının sürətlə yayılması Cümhuriyyət hökumətinin qarşısında dayanan ən böyük problemlər idi. Lakin bundan da təhlükəlisi erməni silahlılarının Azərbaycanda tüğyan etdirdiyi qırğınlarının başa çatmaması, əksinə erməni silahlı dəstələrinin xarici qüvvələrin köməyi ilə sürətlə silahlanması və azğınlaşması idi. Birinci dünya müharibəsində Osmanlıya qarşı olan elə bir dövlət tapılmazdı ki, bölgədə ermənilərin silahlanmasına yardım etməsin.

Bu barədə mühüm bir tarixi fakt: 1919-cu ilin yanvarında Naxçı¬va¬na vali təyin olunan ingilis polkovnik-leytenant Fre¬derik Eastfield Laughton, eləcə də bir müddət son¬ra Laughtonu əvəz edən polkovnik-leytenant John Chal¬mers Simpson yerli mülkədarlardan israrla tələb edirdilər ki, mütləq ermənilərə taxıl satsınlar. Göründüyü kimi, ermənilər silahla təmin olunsalar da, ərzaq təchizatında problemlər mövcud idi.

Belə bir şəraitdə çevik diplomatik manevrlər edən Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci ilin mart qırğınlarını araşdırmaq üçün yaratdığı Fövqəladə Tədqiqat Komissiyası və 31 Mart tarixinin Azərbaycanlıların soyqırımı günü elan edilməsi erməni vəhşiliyinin ifşa olunması istiqamətində ilk mühüm uğurlu siyasi addım kimi tarixə düşdü. Hökumətin məxfi üsulla Ermənistandakı diplomatik nümayəndə M.X.Təkinskiyə xüsusi tapşırıqlar göndərmişdir. Tələb olunurdu ki, İrəvan quberniyasında və Qars vilayətində erməni silahlı dəstələrinin müsəlman-türk əhaliyə qarşı törətdikləri cinayətlərə dair məlumatlar təfərrüatlı şəkildə araşdırılsın. O cümlədən müsəlmanların əhali itkisi, mülkiyyətlərinə dəyən ziyanın məbləği, viran qalan yaşayış yerlərinin, həmçinin öldürülən və yaralanan insanları adı və digər məsələlər haqqında statistik məlumatlar toplayıb Xarici İşlər Nazirliyinə göndərsin. Mənbələrdə bildirilir ki, M.Təkinskinin yardımı ilə İrəvan Müsəlman Milli Şurası təcili şəkildə İrəvan Quberniyasında yaşayan azərbaycanlıların dözülməz vəziyyəti haqqında böyük dövlətlər üçün məlumat hazırlayıb Xarici İşlər Nazirliyinə göndərməyə nail olub. Nazirlik operativ olaraq həmin məlumatı Versalda olan nümayəndələrinə çatdırıb. Məlumatda xüsusi olaraq qeyd edilirdi ki, mübahisəli əraziləri nəzərə almadan azərbaycanlılar Ermənistan əhalisinin ən azı yarısını təşkil edirlər.

Burada “Böyük Ermənistan” ideyasının daha bir istiqamətindən bəhs edəcəyik. Bu dəyişən ictimai-siyasi şəraitlərə uyğun olaraq hədəfə çatmaq üçün taktikanı dəyişməkdir. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin süqutu, daha dəqiq ifadə etsək, 1920-ci il aprelin 28-də Azərbaycanın sovet Rusiyası tərəfindən yenidən hərbi işğalı ölkədə bütün sahələr üzrə tənəzzül yaratdı. Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 113.9 min kvadrat kilometr, o cümlədən mübahisəsiz ərazisi 97.3 min kvadrat kilometr, mübahisəli torpağı isə 16.6 kvadrat kilometr olmuşdur . Hazırda Azərbaycan Respublikasının ərazisi 86.6 min kvadrat kilometrdir . Təcavüzkar Ermənistan bu ərazinin iyirmi faizini işğalda saxlayır. Göründüyü kimi, Cümhuriyyətimizin süqutundan sonra Azərbaycan ərazisi olan torpaqlara zaman-zaman Ermənistanın xeyrinə qəsd edilmişdir. Bu torpaq qəsbkarlığı ancaq və ancaq dəyişən ictimai-siyasi şəraitlərdə baş tutmuşdur. Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvan Muxtar Respublikası coğrafi baxımdan Azərbaycandan ayrıldı. Ermənistan ərazisindəki müsəlman-türk əhaliyə qarşı repressiyalar və deportasiya siyasəti həyata keçirildi. Bolşevik maskası ilə cildini dəyişən erməni millətçiləri bütün imkanlardan istifadə edərək Kremldə köklənməyə və sovet qanunlarından istifadə edərək Azərbaycan xalqına qarşı müxtəlif təcavüz aktları həyata keçirməyə başladılar. Beləliklə, 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul edir. Həmin qərarda göstərilirdi ki, 1948–1950-ci illərdə könüllülük prinsipi əsasında Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün . Ermənilərin 1905–1907, 1918–1920-ci illərdə törətdikləri cinayətləri, həmçinin Zəngəzurun işğalını və 1948–1953-cü illərdə həyata keçirilən amansız deportasiyanı sovet dövründə unutdurmağa çalışsalar da, tarixdə olanları xalqın yaddaşından silmək mümkün olmadı. Azərbaycanı qan içində sovetləşdirən bolşeviklər keçmiş SSRİ-nin süqutu illərində də bu yolu seçdilər. Dağlıq Qarabağ münaqişəsini yaratmaqda məqsəd keçmiş SSRİ-ni yeni formada bərpa edənə qədər “Azərbaycanın başı dərddə gərək” prinsipini işə salmaq idi. Ötən əsrin əvvəlində olduğu kimi, sonunda da dövlətçiliyimizə qarşı köklənən bəd niyyətlərin həyata keçirilməsində yenə də ermənilərdən istifadə etdilər. Ermənistan və Azərbaycanla hərtərəfli münasibətlərdə olan ermənilər XX əsrin sonunda növbəti dəfə xəyanət yolu tutdular.

1987-ci ilin payızında ermənilər tərəfindən səsləndirilən Dağlıq Qarabağa ərazi iddiası iki tərəfi yenidən üz-üzə qoydu. Keçmiş SSRİ rəhbərliyi bu tərəflərin hər ikisinin haqqını ədalətlə qurumağa, eyni zamanda, günahkar tərəfi, yumşaq desək sakitləşdirməyə borclu idi. Lakin burada erməni tərəfi iddialı və hücumçu, Azərbaycan isə yalnız qışqır-bağırla müdafiə olunmaq yolunda idi. Bu prosesdə erməni hiyləgərliyi yenə də öz təsirli rolunu oynaya bildi. Əvvəlcə Azərbaycanın Sumqayıt şəhərində hər iki tərəfin itkisi ilə nəticələnən münaqişə yaratdılar. Milliyyətcə erməni olan İsveçdən gəlmiş video-operator Artaşes Qabrielyanın lentə aldığı Sumqayıt hadisələri elə həmin gecə bir sıra Avropa ölkələrinin televiziya kanallarında efirə çıxarıldı. Artaşes Qab-rielyanın lentə aldığı Sumqayıt hadisələrinin həmin gün gecə Avro¬pa ölkələrinin televiziya kanallarında efirə çıxması bu hadisə¬nin Azərbaycan xalqına qarşı düzəldilmiş məqsədyönlü siyasi-ideoloji təxribat olmasını əsaslandırmağa heç bir qaranlıq məqam sax¬lamır. Artaşes Qabrielyanın hansı məqsədlə, Avropa ölkələri ilə gediş-gəlişin çətin olduğu bir vaxtda SSRİ-yə (Sum¬qa-yı¬ta – S.Ş) necə gəlməsi barədə suallar indiyədək cavabsız qalır. Avropa mətbuatı münaqişə zamanı guya minlərlə erməninin qətlə yetirilməsindən bəhs etsə də, ha¬disə ilə bağlı araşdırma aparan istintaq qrupunun rəsmi məlu¬matında ölənlərin sayı 32 nəfər göstərilirdi ki, onların da təxminən yarısı azər¬baycanlılar olmuşdur . Digər bir fakt isə Sumqayıt hadisə¬lə¬rin¬də iştirak edən, amansız qətllər törətməkdə təqsirli bilinən, eyni zamanda zərərçəkən mil¬liy¬yətcə erməni olanların istintaqa verdikləri ifadələrdir. Məh¬kə¬mə¬də zərərçəkmiş erməni xanım L.Məjlumyan Sumqayıtda er¬mə¬niləri qətlə yetirən Eduard Qriqoryan tərəfindən zorlan¬dığını bildirmişdir. Eduard Qriqoryanın iğtişaş zamanı adamlara pulsuz narkotik maddə paylamasına dair istintaq sübutları vardır. Sumqayıt hadisələri mahiyyət etibarilə özündə iki təhlükəli məqsədi birləşdirmişdir. Birincisi, Azərbaycan və Ermənistan arasında münaqişəni qızışdırmaq, ikincisi saxta “Böyük Ermənistan” iddiası üçün üzvlük haqqı verməyən erməniləri cəzalandırmaq.

SSRİ-nin hüquq-mühafizə, həmçinin dövlət təhlükəsizlik orqanlarının gözü qarşısında törədilən Sumqayıt hadisələri əsasında Azərbaycan tərəfi tam şəkildə informasiya blokadasına alındı. Moskva tabeliyində olan KİV-lər saxta “məzlum erməni” obrazı yaratmağa başladılar. Qızışdırılmış münaqişəni bəhanə gətirən Ermənistan SSR rəhbərliyi bu ölkədəki türk-müsəlman əhalini zor gücünə öz ata-baba yurdundan və qədim torpaqlarından amansızcasına qovulmasını təşkil etdi.

1991-ci il sentyabrın 3-də Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi beynəlxalq ictimaiyyətin, xüsusilə nəhəng siyasətçilərin nəzər-diqqətini Naxçıvana yönəltdi. Ulu Öndərimizin siyasi fəaliyyətinin çoxşaxəliliyi və dəqiq hədəfləri Naxçıvanın gələcək işıqlı həyatını təmin etdi, işğal təhlükəsi arxada qaldı. Heydər Əliyev 1992-ci il yanvarın 19-da qardaş Türkiyənin, aprelin 1-də ATƏM-in (hazırda ATƏT), mayın 27-də Birləşmiş Millətlər Təşkilatının Naxçıvana göndərdiyi xüsusi nümayəndə heyətlərini, iyunun 17-də ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili R.Maylsı, iyulun 23-də Rusiya Prezidentinin xüsusi tapşırıqlar üzrə səfiri, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla aradan qaldırılması üzrə rusiyalı vasitəçi nümayəndəliyinin rəhbəri Vladimir Kazimirovu, 1993-cü il martın 5-də Böyük Britaniyanın Azərbaycandakı daimi nümayəndəsi Harold Fomstoku və Fransanın Azərbaycandakı səfiri Jan Perreni qəbul etdi.

Bu görüşlərin hər birində Naxçıvanın təcavüzkar Ermənistan tərəfindən tam blokadaya alınması, işğalçı dövlətin hərbi hücumlarının yaratdığı təhlükələr Heydər Əliyev tərəfindən qabardılır və beynəlxalq KİV vasitəsilə dünya birliyinin diqqətinə çatdırılırdı. Ulu öndər Heydər Əliyev Naxçıvana rəhbərlik etdiyi dövrdə özünün uzaqgörən siyasəti ilə muxtar respublikanın başı üstünü almış işğal təhlükəsini əzmlə aradan qaldırır, əhalinin minimum tələbatını təmin etmək üçün qonşu ölkələrin və beynəlxalq təşkilatların yardımlarını bölgəyə cəlb edirdi. Ulu Öndərin keçirdiyi görüşlər və imzalanmış sənədlər muxtar respublikada ictimai-siyasi vəziyyətin sabitləşməsinə və mürəkkəb sosial-iqtisadi məsələlərin həllinə şərait yaratdı. Naxçıvanı Bakı ilə birləşdirən yeganə nəqliyyat yolu – Naxçıvan hava limanı yenidən quruldu. Türkiyədən, İrandan Naxçıvana ərzaq yardımları gəldi, Heydər Əliyev Türkiyədə və İranda rəsmi səfərlərdə oldu. Dövlət və hökumət başçıları ilə görüşdü, əməkdaşlıq protokolları imzalandı. Türkiyədən və İrandan Naxçıvana elektrik enerjisi verildi. Naxçıvanda Türkiyənin və İranın baş konsulluqları açıldı. Azərbaycanla Türkiyə arasında yeganə birbaşa əlaqə olan “Ümid” körpüsünün istifadəyə verilməsi Naxçıvanda həyat tərzini sıçrayışla dəyişdi, muxtar respublikanın müdafiə qüdrətinin artmasına əhəmiyyətli təsir göstərdi. Heydər Əliyev Naxçıvanı qorumaq üçün “Qars” müqaviləsinin əsaslarından məharətlə bəhrələndi. XX əsrin əvvəllərində qazı Mustafa Kamal Atatürk, Kazım Qarabəkir Paşa, Behbud bəy Şahtaxtinski və digərlərinin Naxçıvanı xilas etmək kimi şərəfli missiyalarını ötən əsrin sonunda ulu öndər Heydər Əliyev təkbaşına həyata keçirib. Naxçıvanın xilasında Türkiyə dövləti, hökuməti və xalqı yaxından iştirak edib. Əgər Heydər Əliyev 1993-cü ildə doğma xalqının imdadına çatmasaydı, Azərbaycan bir dövlət kimi yox ola bilər və bu arzuolunmaz hal Türkiyəyə də problemlər gətirərdi. 1991-ci il dekabrın 19-da isə ermənilər bütün vasitələrdən, o cümlədən irimiqyaslı silahlı basqınlardan istifadə edərək Azərbaycanla Ermənistan arasındakı dəmir yolunda hərəkəti dayandırdılar. Bununla da, Naxçıvan Muxtar Respublikasını tam blokadaya saldılar. Prezident İlham Əliyevin dediyi kimi: “...O vaxt naxçıvanlılar Heydər Əliyevin rəhbərliyi altında böyük qəhrəmanlıq və şücaət göstərmişdilər. Ermənistan tərəfindən edilən bütün hücumlara çox layiqli cavab verilmişdi və düşmən yerinə oturdulmuşdu. O anlarda, o aylarda, o illərdə Naxçıvanın taleyi həll olunurdu və bir daha o tarixə nəzər salaraq görürük ki, əgər Heydər Əliyev o vaxt Naxçıvanda olmasaydı, yəqin ki, Naxçıvanın taleyi çox acınacaqlı ola bilərdi”.

Ulu öndər Heydər Əliyev Naxçıvanda siyasi hakimiyyətə gələndən xeyli əvvəl, ermənilərin Dağlıq Qarabağa olan əsassız iddiasının yaratdığı təhlükə barədə Azərbaycan parlamentinə bəyanat vermiş, sonrakı dövrlərdə dəfələrlə KİV-ə müsahibəsində milli müdafiə konsepsiyasına ehtiyac olduğunu əsaslandırmışdı. Bu konsepsiyaya həm hərbi müdafiə, həm informasiya blokadasını yarmaq, həm də ideoloji mübarizənin istiqamətlərinin yaranması daxil idi.

Azərbaycan xalqının 1993-cü ildə təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ermənilərin Azərbaycanı müstəqil dövlət kimi məhv etmək planlarını pozdu. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Azərbaycan parlamenti 1990-cı il 20 Yanvar faciəsinə, ondan ardınca isə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən soyqırımına hüquqi-siyasi qiymət verəndən sonra Azərbaycanda əsassız erməni iddialarına qarşı müəyyən bir mübarizə istiqaməti yaradılmışdı. Lakin bu qərarlar erməni təcavüzkarlığına qarşı mübarizədə bütövlüyü təmin etmirdi. Çünki erməni millətçi dairələrinin əsası XX əsrin ilk illərindən başlayaraq və yarandığı gündən Azərbaycan və Türkiyəyə (Osmanlı dövləti də daxil olmaqla), müsəlman-türk əhaliyə qarşı düşmənçilik mövqeyində olan təcavüzkar Ermənistanın əsl mahiyyətini göstərmək üçün, ilk növbədə, təcavüzkar dövlətin xislətini öyrənmək və bilmək tələb olunurdu. Nəhayət, ümummilli lider Heydər Əliyev ”Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərman imzalamaqla, tarixdə ilk dəfə olaraq “Böyük Ermənistan” ideyasına qarşı ümumtürk fəaliyyət proqramının əsasını yaratdı. Bu Fərman əsasında 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı Günü müəyyən edilmişdir. Məhz bu tarixi sənəd əsasında görülən işlər, aparılan tədqiqatlar, o cümlədən arxiv materiallarının ictimailəşməsi, eləcə də xarici mütəxəssislərin mövzu ətrafında fəaliyyətə cəlb olunmasını təmin etdi. Qeyd etmək lazımdır ki, Ulu öndər Heydər Əliyev 1993–2003-cü illərdə Azərbaycan parlamentində Dağlıq Qarabağa həsr olunan müzakirələrdə dəfələrlə bir tarixçi dəqiqliyi ilə saxta “Böyük Ermənistan” ideologiyası və onların hədəfə çatmaq üçün istifadə etdikləri metodlarla bağlı fikir və mülahizələrini faktlar əsasında bölüşmüşdür. Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev “1918-ci ildə azərbaycanlıların soyqırımının 100 illiyi haqqında”18 yanvar 2018-ci il tarixli Sərəncam imzalamış və bu sənəd əsasında ötən il tarixi əhəmiyyətli işlər görülmüşdür. ”Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın günümüzə qədər ortaya çıxardığı işlərə müraciət etməzdən əvvəl saxta “böyük Ermənistan” iddiasının ən təhlükəli cəhəti “məqsədə çatmaq üçün hər şey etmək olar” prinsipini erməni toplumunda formalaşdırmasıdır ki, bu hal toplumun genealogiyasındakı mənfi cəhətləri daha da ağırlaşdırır. Nəticədə hiyləgərlik, yalan, şayiə yaymaq, casusluq, saxtakarlıq, qətl və qarət kimi xüsusiyyətlər cinayətkar ermənidə adi bir fəaliyyət yoluna çevrilir. Bunları təsdiq edəcək bir neçə fakt sadalayaq:

– XX əsrin əvvəllərində əsasən indiki İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərində mövcud olan “Cilovluq” silahlı hərəkatının əsas məqsədi Araz çayı ətrafındakı türk-müsəlman əhalini qırmaq və qovmaq, bu yerlərdə erməni və assuriləri məskunlaşdırmaq olmuşdur . Bəzi tarixi mənbələrdə yazılır ki, ermənilər törətdikləri soyqırımın tarixi və hüquqi məsuliyyətindən yaxa qurtarmaq üçün İrandakı assuriləri də özlərinə qoşmuşdular. Tarixçilər yazır ki, ermənilər assuriləri sərxoş vəziyyətə qədər içirdib əllərinə silah verirmişlər. Belə bir vəziyyətdə assurilər çox vaxt nə etdiklərini, niyə müsəlmanları qırdıqlarını dərk etmək, düşünmək iqtidarında olmurmuşlar.

– 1918-ci ilin martında erməni silahlıları indiki İranın Xoy şəhərinə hücum edirlər. Yerli qüvvələr şəhəri təhlükədən qurtarmaq üçün əhalini şəhər qalasına çəkib darvazaları bağlayırlar. Bu vaxt Osmanlı ordusunun zabiti paltarında olan üç nəfər gələrək şəhər rəhbərliyi ilə danışmaq istədiklərini bildirirlər. Onları içəri buraxırlar. Gələnlər bildirirlər ki, şəhər kənarında xoylulara köməyə gələn Osmanlı ordusunun qoşunları var. Söhbət əsnasında şəhər ağsaqqalları çağırılmamış qonaqlardan şübhələnirlər. Xəlil adlı cəsur bir şəxs şəhər qapılarının açılmasına qarşı çıxır. O, kəndirlə divardan sallanaraq qaladan o tərəfə düşür və erməni silahlı dəstələrinin hücuma hazır dayandıqlarını öyrənir. Məlum olur ki, rus silahları ilə yaraqlanmış erməni quldurların hətta pulemyotları da vardır. Onlar Osmanlı hərbçilərinin paltarını geyinməklə əhalidə Osmanlı ordusuna qarşı inamsızlıq yaratmaq və bu hiylə ilə əhalini qırmaq istəyirdilər. Xəlilin bu barədə xəbəri vaxtında çatdıra bilməsi nəticəsində yaranmış təhlükənin qarşısı alınır.

– 1905–1907-ci illərdə Şamaxıda kütləvi qırğınlar törədən ermənilər şayiə yayırdılar ki, guya daşnaklar sünnü müsəlmanlara toxunmurlar . 1918-ci ildə Bakıda soyqırımına məruz qalan müsəlman əhalinin köməyinə gələn Dağıstan könüllülərini geri qaytarmaq məqsədi ilə ermənilər şayiə yaymışdılar ki, guya Bakı rəsmi olaraq ingilis qoşunlarına təhvil verilib. Belə şəraitdə Bakıya köməyin əhəmiyyətsiz olduğunu düşünən dağıstanlılar Xırdalandan geri qayıtmışlar. Ermənilər sovet hakimiyyətinin süqutu illərində Azərbaycana qarşı başladıqları növbəti ərazi iddialarının gerçəkləşdirilməsində də şayiə yaymaq metodundan geniş istifadə etmişlər.

– Xocalı soyqırımı törədilən günün səhəri, yəni fevralın 26-da hava işıqlaşanda meşədə köməksiz qalan azərbaycanlılar qarşıda bir dəstə silahlı görürlər. Silahlılar Azərbaycan türkcəsində onları çağırmış və azərbaycanlı olduqlarını deyərək aldatmışlar. Beləliklə, silahsız daha bir dəstə Xocalı sakini erməni quldurlarının hiyləsinə inanaraq əsir düşmüşdür.

– 2009-cu ildə İranın Qərbi Azərbaycan vilayətində ABŞ vətəndaşı Sara Şroud həbs edilib. Milliyyəti erməni olan Sara Şroudun xüsusi təlim görmüş təcrübəli casus olduğu təsdiq olunub. O, topladığı casus materiallarının bir qismini həbs olunana qədər lazım olan ünvana çatdıra bilib. Casus qadın İran ərazisinə Ermənistan vasitəsilə qaçaq yolla daxil olub. S.Şroud 2010-cu ildə 500 min ABŞ dolları müqabilində azadlığa buraxılır. 2011-ci ildə daha bir amerikalı erməni casus qadın İran ərazisinə soxula bilir. İran Culfasında yaxalanan 34 yaşlı Hol Taleyanın xüsusi tapşırıqlar əsasında bu ölkəyə Ermənistandan qaçaq yolla keçməsi aşkarlanır. İranın xüsusi xidmət orqanlarının əməkdaşları casus H.Taleyanın yuxarı diş protezində videoçəkiliş aparmaq və səsyazma imkanına malik olan unikal cihaz aşkar edirlər.

– 2012-ci ilin yanvarında Yerevanda ASALA-nın yaranmasının 37-ci ildönümü təntənəli qeyd olunub. Mərasimdə terrorçu təşkilatın xarici dövlətdə yaşayan üzvlərinin bir neçəsi iştirak edib. Onlardan beş nəfəri müxtəlif illərdə ayrı-ayrı ölkələrdə qanlı terror törətmiş və aldıqları cəza müddətlərindən əvvəl azadlığa buraxılmış şəxslər olublar.

– 2016-cı ilin fevralında əksəriyyəti Ermənistan vətəndaşı olan ermənilərdən ibarət quldur dəstə İstanbulda yaşayan erməni ailəsinin 85 yaşlı üzvü Yakup Dəmirçini amansızlıqla qətlə yetirib, onun həyat yoldaşı 79 yaşlı Ayda Dəmirçini ağır yaralayıblar.

A.Dəmirçi jurnalistlərə açıqlamasında məlumat verib ki, onların Şişli rayonunda yerləşən evinə girən quldur dəstənin üzvləri ərlə arvadın əl-qulunu donuz ipi ilə bağlayıblar. Ağır işgəncələrdən sonra Y.Dəmirçi quldurlar tərəfindən məhz donuz ipi ilə boğularaq öldürülüb. Quldurlar evdən təxminən 33 min ABŞ dolları məbləğində türk lirəsi və külli miqdarda qızıl-zinət əşyaları götürüblər . Zərərçəkənlərin nə üçün köpək ipi və yaxud quzu ipi ilə yox, məhz donuz ipi ilə bağlanılması çoxlu suallar yaradır. Bu fakta daha bir əlavə: Ermənistan vətəndaşı Stella və oğlu Varlam evində təmizlik işləri gördükləri Vedat Yöngelü qarət məqsədi ilə İstanbuldakı mənzilində öldürüblər (18 fevral 2019). Türkiyə polisi qatil ana və oğlunu İnterpol vasitəsilə axtarışa verib. Bildirilir ki, qatil ana-bala cinayəti törədəndən sonra İstanbuldan Qarsa uçub, oradan Gürcüstana keçərək Ermənistana gediblər.

Faktlar sübut edir ki, erməni cinayətkarlar davamlı olaraq “Böyük Ermənistan” ideyasına maddi yardım etməyən erməniləri bu kimi üsullarla cəzalandırıblar. Yəni, erməni terrorizmi ermənilərin öz nümayəndələrindən də yan keçməməkdədir. Məhz erməni terrorçu təşkilatlarına maliyyə yardımı göstərməkdən imtina etdiklərinə və erməni millətçilərinin separatçı və silahlı cinayətlərinə zidd mövqedə olduqlarına görə, 1903-cü ildə bankir Camqarov Moskvada, 1907-ci ildə gəbə ticarətçisi Tavşancyan Nyu-Yorkda, 1908-ci ildə inqilabçı-yazıçı Arpiar Arpiaryan Kairdə, 1914-cü ildə Amayak Aramyan, 1915-ci ildə Mkrtıç Arutyunyan və Vaqe İxsan (Esayan) Türkiyədə terrorçu ermənilər tərəfindən amansızlıqla qətlə yetirilmişlər. 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində törədilmiş terror aktı da daxil olmaqla, bu siyahını davam etdirmək mümkündür. Müasir dövrdə dünya şöhrətli müğənni və diplomat Şarl Aznavur, tədqiqatçı Kristofer Qann, siyasətçi Paruyr Hayrikyan, Moldovanın parlament vəkili (ombudsman) Aureliya Qriqoriu və digər şəxslər dəflərlə erməni terrorizminin təhdidləri ilə üz-üzə qalıblar. Bir sıra tədqiqatçılar əsaslandırır ki, erməni əsilli jurnalist Hrant Dinkin qətlinin sifarişçisi məhz “böyük Ermənistan” ideologiyasıdır.

– 2011-ci ilin aprel ayında ASALA Türkiyəyə meydan oxuyan bir elanla yenidən üzə çıxmışdır. Elanın sonunda bir ifadə isə erməni millətçilərinin iç üzünü tamamilə açır: “Hakop Hakopyan yaşayır, biz hamımız Hakopyanıq”. Adına istinad olunan erməni terrorçusu Hakopyan ABŞ-da Qurgen Yanikyan tərəfindən iki türk səfiri öldürüldükdən sonra bir sıra erməni ziyalılarının dəstəyi ilə ASALA-nı yaradıb və bu terrorçu qruplaşmanın xaç atası hesab olunur. 1951-ci ildə Mosulda (İraq) anadan olub, 1988-ci il aprelin 28-də Afinada öldürülüb. Bu o terrorçu Hakopyan Hakopdur ki, – uzun illər həm də Miqranyan Miqran və Takoşyan Arutyun adları ilə yaşamışdır. Nəhayət, 1988-ci il aprelin 28-də Afinada, aeroporta getmək üçün taksi gözləyərkən öz silahdaşları tərəfindən qətlə yetirilmiş Hakopyanın üzərindən cənubi Yəmən vətəndaşı Abdul Mohammed Kasim adına pasport tapılmışdır.

– 2011-ci il iyulun 11-də Küveytin hüquq-mühafizə orqanları tərəfindən ermənilərdən ibarət mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsinə dair məlumat yayılıb. Bildirilir ki, bu ölkənin Daxili İşlər Nazirliyinin kriminal hallar idarəsinin əməkdaşları böyük villalardan və qızıl-zinət mağazalarından külli miqdarda qızıl məmulatları və bahalı əşyalar oğurlayan Rusiya vətəndaşı olan altı ermənidən ibarət peşəkar cinayətkar dəstəni həbs ediblər. Tərkibində iki erməni qadının da olduğu soyğunçu və quldur dəstə son dörd il ərzində bir milyon Küveyt dinarı (təxminən 3 700 000 ABŞ dolları) məbləğində qızıl-zinət əşyaları oğurlaya biliblər. Onlar əsasən, yay mövsümlərində kommersiya məqsədli viza ilə Küveytə gələrək zəngin insanların villalarını soymaqla məşğul olublar. İlkin istintaq nəticəsində məlum olub ki, ermənilərdən ibarət bu quldur dəstə oğurluq və soyğunçuluqla əldə etdiyi qənimətlərin bir hissəsini ərəb ölkələrində fəaliyyət göstərən erməni diaspor təşkilatları ilə bölüşürmüş.

– 2009-cu ilin avqustunda PKK tərəfdarları Yerevanın mərkəzi meydanında Türkiyə əleyhinə mitinqlər keçirib. Bu barədə ən son məlumatlara görə, Ermənistan PEJAK yaraqlıları üçün öz ərazisində və bu dövlətin işğal altında saxladığı Azərbaycan torpaqlarında hərbi təlim düşərgələri yaradıb . Xatırladaq ki, PKK Türkiyəni, PJAK isə İranı parçalamağı qarşısına məqsəd qoyub. İran ərazisində ələ keçirilən PJAK üzvləri Ermənistan ərazisində hərbi təlim keçdiklərini etiraf ediblər. Qeyd edə bilərik ki, bu terrorçu təşkilatlardan heç birinin fəaliyyəti kürd xalqı üçün faydalı sayıla bilməz.

Yuxarıda sadaladığımız və çox əsaslı faktlarla daha da davam edə biləcəyimiz bu siyahıda göstərilənlər erməni mütəşəkkil dəstələrinin transmilli cinayətlərinin yalnız bir hissəsidir. Bu cinayətlərin təhlili, onların mahiyyət və sahələr üzrə müxtəlifliyi onu deməyə əsas verir ki, saxta “Böyük Ermənistan” iddiası bölgədə sabitliyi, inkişafı, tərəqqini, qarşılıqlı xoş münasibətləri pozan bir fəaliyyət istiqamətidir. Haqqında bəhs etdiyimiz Fərman bu saxta ideologiyanın ifşası üçün konkret vəzifələr müəyyən edib. Onlardan biri də məhz erməni millətçi dairələrin və Osmanlı dövlətinin parçalanmasında maraqlı olan böyük güclərin yüz ildən artıq zaman kəsiyində türk xalqına qarşı iddia etdikləri saxta “erməni soyqırımı” məsələsinin yalan olduğunu dünya ictimaiyyətinə çatdırmaqdır. Saxta “erməni soyqırımı” iddiası müasir Türkiyə dövlətinə qarşı siyasi təzyiq vasitəsidir. Hər dəfə dünyanın siyasi xəritəsində dəyişiklik olanda ayrı-ayrı dövlətlər, o cümlədən ABŞ bu hadisə ilə bağlı fərqli mövqe nümayiş etdirib. Məsələn, ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın hüquq məsələləri üzrə müşaviri Bryuz Felin bildirib ki, Ağ Evin araşdırması nəticəsində 1915-ci ildə ermənilərin iki milyon Osmanlı türkünü qətlə yetirdiyi müəyyən olunub. 1981-ci ildə həmin məsələ Ağ Ev tərəfindən araşdırılmış və saxta erməni iddialarının əsassız olduğu sübut edilib. Təəssüf ki, ABŞ tərəfi arxiv materiallarına əsaslanan bu mövqeyini həmişə eyni ruhda sərgiləmir.

Yuxarıda qeyd etdiyimiz vəzifələrdən biri və daha əsaslısı saxta “erməni məsələsi” ilə bağlı xarici tədqiqatçıları məlumatlandırmaqdır. Bu mənada müasir dövrdə erməni təcavüzünün ifşası istiqamətində yazılan ən dəyərli əsərlərdən biri görkəmli almaniyalı tədqiqatçı Jonnos Rounun “Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi: yığcam tarixi eskiz” kitabıdır. Litvalı alim İmantas Melyanasın məşhur “Azərbaycan xalqına qarşı soyqırımı (1905–1994)” adlı tarixi oçerki, ABŞ-lı alim Samuel A.Uimz “Ermənistan terrorçu “xristian” ölkənin gizlinləri" əsərlərini göstərmək mümkündür. Bu sıraya Fayql Erix və Quram Marxuliya və başqlarının araşdırmalarını da əlavə edə bilərik.

Qeyd edək ki, ABŞ-lı tədqiqatçı Samuel A.Uimz diplomatik pərdə altında ABŞ, Avropa ölkələri və Rusiyanın Osmanlı dövlətinə qarşı həyata keçirdiyi casusluq fəaliyyəti barədə çox tutarlı faktlar təqdim edib. Müəllifin qələmə aldığı “Ermənistan – terrorçu “xristian” ölkənin gizlinləri” əsəri (Samuel A. Weems “Armenia: Secret of a “Chiristian” Terrorist State”, St. John Press, Texass, 2002) beynəlxalq aləmdə sensasiya yaradıb. Dəfələrlə ermənilərin hədəsinə düçar olan alim yolundan dönməsə də, başladığı işi tam şəkildə axıra çatdıra bilməyib. Adı çəkilən kitabın nəşrindən az sonra ABŞ də öz evində müəmmalı şəkildə dünyasını dəyişən Samuel A.Uimzin ölümünün əsl səbəbi barədə indiyədək rəsmi açıqlama verilməyib. Bəhs etdiyimiz kitabın ikinci cildinin əlyazması tədqiqatçının evindən oğurlanıb.

Son illər bu sahədə görülən işlərin nəticəsi olaraq Rusiyanın siyasi və elmi ictimaiyyətlərini təmsil edən tanınmış şəxslər də sağlam mövqe nümayiş etdirməyə başlayıblar. Belə ki, Rusiyanın tanınmış tarixçisi və siyasi analitiki, tarix elmləri doktoru Oleq Yuryeviç Kuznetsov 2017-ci ilin martında Xocalı soyqırımının tanınması üçün petisiya keçirib. Alim hələ 2017-ci il yanvarın 7-də Rusiya Federasiyası Ali Məhkəməsinin sədrinin adına erməni terrorçuları tərəfindən 40 il əvvəl (1977) ermənilər tərəfindən Moskvada törədilən silsilə terror aktları haqqında cinayət işinin məxfilikdən çıxarılmasını tələb edən petisiya tərtib edib.

Sonda heç bir şərh vermədən mühüm bir tarixi hadisə barədə kiçik bir arayış yazmaq niyyətindəyik. 2018-ci il fevralın 20-də Türkiyənin Kayseri şəhərinin Talas bələdiyyəsi ərazisində Xocalı parkının və Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılış mərasimi keçirildi. Mərasimdə Rusiya Federasiyası Dövlət Dumasının deputatları İrina Rodnina, Dmitri Savelyev, Oksana Puşkina və Dumanın məsul əməkdaşı Ramin Qasımov çıxış ediblər. Rusiyalı deputatlar həmin gün məhz Türkiyədə ucaldılan Xocalı soyqırımı abidəsi önünə gül-çiçək düzərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqına qarşı törədilən cinayətin soyqırımı aktı olmasını bəyan ediblər....