10 noyabr 2020 18:52
1986

Gözün aydın, Azərbaycan! Gözün aydın, Azərbaycan xalqı!

Dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti, xalqımızın iradəsi, ordumuzun rəşadəti nəticəsində Dağlıq Qarabağ münaqişəsinin həllində  tarixi qələbəyə imza atdıq

Bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlıda qürur hissi var. 30 ilə yaxın müddətdə Azərbaycan dövlətinin diplomatik mübarizədə uğurları   döyüş meydanında tarixi qələbəni yazmağa stimul verdi. Ordumuz gücünü, qüdrətini nümayiş etdirdi. Ən əsası Azərbaycan istər döyüş meydanında, istərsə də diplomatik müstəvidə  qalibiyyəti ilə işğalçı Ermənistanın münaqişənin «diplomatik həlli yoxdur», ona dəstək verən dövlətlərin isə «hərbi yolu yoxdur» fikirlərinin nə qədər yanlış olduğunu təsdiqlədi.  Ordumuz döyüş meydanında böyük şücaət göstərərək 300-ə yaxın yaşayış məntəqəsini, 5 şəhərimizi, 4 qəsəbəmizi, xeyli sayda strateji yüksəkliklərimizi işğaldan azad etdi, Ermənistanın «yenilməz  erməni ordusu» mifini dağıtdı, qələbə əzminin, döyüş ruhunun nə qədər yüksək olduğunu təsdiqlədi. Noyabrın 8-də  Qarabağın döyünən ürəyi Şuşamız, onun ardınca 9 noyabr- Dövlət Bayrağı Günündə 71 yaşayış məntəqəsi, 1 qəsəbə, 8 strateji yüksəklik işğaldan azad edildi. Məhz döyüş meydanındakı bu uğurlarımız noyabrın 10-da Azərbaycanın siyasi qələbəsinin təsdiqi olan Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin bəyanatını şərtləndirdi. Bu sənəd, eyni zamanda,  Ermənistanın məğlubiyyətinin etirafıdır. Münaqişənin həllində Azərbaycanın qələbəsi ümumilikdə regionda yeni  əməkdaşlıq formatının inkişafını təmin edəcək. Hazırda Rusiya və qardaş Türkiyə arasında yaxın münasibətləri nəzərə alsaq,  yeni əməkdaşlıq formatının uğurlu olacağını deyə bilərik. Cənab İlham Əliyev xalqa müraciətində də bu məsələyə diqqət yönəldərək bildirmişdir ki, bəyanatın beşinci bəndində münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılması qeyd olunub. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək. Beləliklə, Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaq: «Mən videokonfrans formatında imzalama mərasimindəki çıxışımda həm Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın, həm Rusiya Prezidenti Vladimir Putinin səylərini yüksək qiymətləndirdim. Çünki onlar doğrudan da bu 44-45 gün ərzində böyük səylər göstərmişlər ki, məsələ sülh yolu ilə həll olunsun. Eyni zamanda, mən çox şadam ki, artıq münaqişənin dayandırılmasında bu iki lider öz müsbət rolunu oynayıb. Hesab edirəm ki, bu, eyni zamanda, bölgədə gələcək əməkdaşlıq formatını da böyük dərəcədə müəyyən edir. Çünki Türkiyə ilə Rusiya arasındakı əlaqələr bu gün tarixə baxsaq, hesab edirəm ki, ən yüksək səviyyədədir. Hər iki ölkə bizim üçün dost, qonşu ölkədir. Beləliklə, hesab edirəm ki, gələcəkdə bu əməkdaşlıq formatı daha da çoxşaxəli ola bilər.»

  Cənab İlham Əliyev xalqa müraciətində qələbəni şərtləndirən amillərdən də  geniş bəhs etmişdir. Reallıq budur ki, son 17 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin yürütdüyü  müstəqil siyasət nəticəsində Azərbaycan  həm regionda, həm də dünyada söz sahibinə çevrilib. Dövlətimizin başçısının da vurğuladığı kimi, bu gün Azərbaycanın sözü imzası qədər əhəmiyyətlidir. İkitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin qurulması və inkişaf etdirilməsi həqiqətlərimizin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasına öz töhfəsini verir. Ulu öndər Heydər Əliyevin siyasətinə sadiqlik onun xarici ölkələrə hər bir səfərində, eyni zamanda, keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə əsas diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə yönəltməsində də özünü qabarıq şəkildə göstərir. Cənab İlham Əliyev erməni yalanlarını faktlar əsasında ifşa edərək, Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu, bu faktın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində öz əksini tapmasını bəyan etməklə yanaşı, dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara ikili standartlardan əl çəkib məsələyə ədalət, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində yaşamağa çağırışlar edir. Son 17 ilin reallıqlarına diqqət yetirdikdə beynəlxalq münasibətlərdə hüquq probleminin yaşandığını, cənab İlham Əliyev böyük qətiyyətlə belə bir problemin mövcudluğunu bütün çıxışlarında bəyan edir.   Ölkəmizin mövqeyinin möhkəmlənməsi münaqişə ətrafında yaranan vəziyyətin məhz bizim xeyrimizə dəyişməsinə rəvac verdi.  Münaqişənin həllində möhkəm hüquqi bazanın mövcudluğu Azərbaycanın diplomatik mübarizədə qələbəsinin tərkib hissəsidir.

   Azərbaycan müharibə şəraitində yaşayan ölkə olaraq ordu quruculuğu sahəsində də mühüm addımların atılmasına nail olub ki, bu da özünü son 44 gündə Silahlı Qüvvələrimizin qəhrəmanlığında  qabarıq şəkildə göstərdi. Hərbi imkanlarını genişləndirməklə  döyüş meydanında qələbə qazanan Azərbaycan  həm də diplomatik cəbhədə diktə edən tərəfə çevrildi. Azərbaycan Ordusu ədaləti bərpa edərək, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etdi. Ordumuz bu reallığı bir daha dünyaya göstərdi ki, beynəlxalq hüququn norma və prinsipləri mövcuddur, lakin bəzi dövlətlər bu  prinsiplərdən məkana və zamana görə istifadə edərək özlərinə yaxın olan dövlətlərə maraqlarına uyğun tətbiq edirlər. Ona görə Azərbaycan 30 ilə yaxındır ki, bu qətnamələrin icrasını gözləyir. Ermənistanın baş naziri müharibə getdiyi bu ərəfələrdə verdiyi müsahibələrində hətta beynəlxalq hüquqdan nəinki xəbərsiz olduğunu, ümumiyyətlə, mövcudluğunu inkar edir. Məhz Azərbaycanın diplomatik uğurları işğal altında olan torpaqlarımızı azad etməyə geniş imkanlar yaratdı. Döyüş meydanında uğurlu əks-hücum əməliyyatları isə bu gün xalqımızın sevincinə səbəb olan tarixi qələbəmizə yol açdı.

   Son günlərə qədər işğalçı dövlət  Şuşa ilə bağlı yalan informasiyalar yayaraq həm öz ictimaiyyətini, həm də beynəlxalq ictimaiyyəti aldatmağa cəhd edirdi. Amma şanlı Azərbaycan Ordusu Şuşanı öz tarixi  sahibinə qaytardı. İşğaldan azad edilmiş torpaqlarımızda ermənilərin törətdikləri vəhşiliklər, dağıntılar da bu reallığın təsdiqidir ki, onlar bu ərazilərin sahibləri deyillər. Bu torpaqların gec-tez öz sahibinə qayıdacaqlarını bilirdilər.

    Azərbaycan  haqq işi uğrunda illərdir apardığı ədalətli mübarizənin uğurlu nəticəsini yaşayır.  Qələbəmizi şərtləndirən amillər sırasında   xalqımızın milli birliyi, həmrəyliyi də əsas yer tutur. Əks-hücum əməliyyatları başladığı gündən siyasi əqidəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq,  bütün Azərbaycan xalqı yumruq kimi birləşdi.  Ölkədə fəaliyyət göstərən siyasi partiyalar da dövlətimizin başçısının ətrafında sıx birləşərək, dəstəklərini ifadə etdilər. Cənab İlham Əliyev xalqa müraciətində bu məsələyə də xüsusi diqqət yönəldərək bildirmişdir: «Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Bu illər ərzində bizə qarşı aparılan qara piar kampaniyası, qarayaxma, şər-böhtan kampaniyasının da əsas məqsədi o idi ki, bizi əsas vəzifəmizdən uzaqlaşdırsınlar, biz uzaqlaşaq, daxili problemlər içində boğulaq və işğal edilmiş torpaqlar işğalçıların əlində əbədi qalsın. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi.»
   Azərbaycan işğal altındakı torpaqlarını azad etmək üçün uğurlu hərbi əməliyyatlara davam etdiyi zaman Ermənistan və onun havadarlarının ölkəmizə təzyiq cəhdləri məhz informasiya savaşının da sərkərdəsi olan Müzəffər Ali Baş Komandanımızın diplomatik bacarığı, beynəlxalq münasibətləri doğru dəyərləndirməyi, məntiqli arqumentləri sayəsində qısa zamanda iflasa uğradı. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu müddət ərzində onun  xarici mətbuata 30-a  yaxın müsahibəsinin hər biri informasiya müharibəsində Azərbaycanın uğurunun göstəricisidir.   Prezident İlham Əliyev faktlarla sübut etdi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır, əsrlər boyu burada azərbaycanlılar yaşayıb. Dövlətimizin başçısının uğurlu xarici siyasəti sayəsində bütün aparıcı dünya təşkilatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barəsində ədalətli qətnamələr qəbul edib. Həmin sənədlər birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi kimi tanıdır ki, bu da münaqişənin həllində möhkəm hüquqi bazadır.

  Bugünümüzün reallıqları ulu öndər Heydər Əliyevin  “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!» tezisinin təsdiqidir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu transmilli layihələr regionda tamamilə yeni mənzərə yaratdı. Biz regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdik. Ölkəmizin  təşəbbüsü ilə  reallaşan layihələr təkcə bizim deyil, bir çox ölkələrin maraqlarını təmin edir. Azərbaycan regional iqtisadi inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib. Qonşu ölkələrlə  həm ikitərəfli, həm üçtərəfli əməkdaşlıq formatları mövcuddur.  Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunu  gücləndirdi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, əgər bu nailiyyətlər olmasaydı, problem dondurulmuş vəziyyətdə qala bilərdi: “Biz güc toplayırıq, məqsədyönlü şəkildə, yorulmadan, bütün təzyiqlərə baxmayaraq, güc toplayırıq və toplamışıq. İqtisadi güc. Əgər iqtisadi gücümüz olmasaydı, bu Qələbəni əldə etmək mümkün olmazdı”.

  Azərbaycan bu illər ərzində bir çox ölkələrlə səmimi işgüzar münasibətlər qurub.  Bir çox ölkələr Azərbaycanı strateji tərəfdaş hesab edə bilir. Bütün qonşu ölkələrlə səmimi dostluq əsasında, qarşılıqlı inam, hörmət əsasında münasibətlər qurulub. İkitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin coğrafiyasının günbəgün genişləndirilməsi öz müsbət nəticəsini verir. Azərbaycan böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqələr qurmaqla siyasətində müstəqil olduğunu bir daha nümayiş etdirir. Bu siyasət Dağlıq Qarabağ münaqişəsinin həllində də özünü qabarıq şəkildə büruzə verir. Rəsmi Bakı ən yüksək tribunalardan bəyan etdi ki, Azərbaycanın mövqeyi dəyişməzdir, ərazi bütövlüyümüz danışıqlar mövzusu ola bilməz və olmayacaq. Dövlətimizin qətiyyətli mövqeyi bu gün qazandığı tarixi qələbədə böyük rol oynadı.

Müqəddəs vəzifəsini layiqincə icra edən Ali Baş Komandan İlham Əliyev Şuşanın azad olunması müjdəsini verməklə həm bir xalqın illərlə həsrətində olduğu arzusunu, həm də bir övlad olaraq ata vəsiyyətini yerinə yetirmiş oldu. O, Şuşanın azad olunduğu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdi, Ümummilli Liderin ruhu qarşısında baş əydi: «Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!»

Dövlətimizin başçısı İlham Əliyevin bu müddətdə müsahibələrinin birində  «Cənab Prezident, bu müharibə öz qəddarlığına görə artıq tarixə düşüb və Siz artıq bu müharibənin tarixinin bir hissəsisiniz. Siz tarixdə necə qalmaq istərdiniz» sualına cavabını bir daha yada salmaq istərdik. «Hər bir müharibə qəddarlıq, qurbanlar, insanların iztirabları, yaxın adamların itirilməsi deməkdir. Fərq ondadır ki, Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq müharibəsidir» söyləyən cənab İlham Əliyev tarixdə rol məsələsinə gəldikdə isə «bilirsiniz, mən əvvəllər heç vaxt, indi isə xüsusən bu barədə düşünməmişəm» söyləyərək əlavə etmişdir ki, mənim əsas amalım Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğum bütün illər ərzində verdiyim vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir: «Mənim rolumun gələcəkdə necə qiymətləndiriləcəyi isə artıq bizim nəyə nail olacağımızdan, Azərbaycan xalqının iradəsindən asılı olaraq müəyyən ediləcək. Ona görə düşünürəm ki, bu məsələni o adamların mülahizəsinə saxlamaq lazımdır ki, onların fikri məndən ötrü bu və ya digər qərarların, o cümlədən Dağlıq Qarabağ məsələsi ilə bağlı qərarların qəbul edilməsində həmişə əsas olub.»

Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, dövlətimizin başçısı, Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarix yazaraq, onun səhifələrini qələbələrlə, ədalətin bərpa edilməsi ilə zənginləşdirdi. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, sentyabrın 27-də nə baş verib, onu tarixçilər deyəcək.

Yeganə Əliyeva, «İki sahil»