23 avqust 2019 20:20
6336

Gündəlik normal qidalanma necə olmalıdır?

Düzgün qidalanma insanın sağlamlığı üçün ən vacib amildir. Gündəlik rasionda zülal, yağ, karbohidrat, mineral duzlar və təbii ki, vitaminlər olmalıdır. Bu üzvi maddələrin hər biri müəyyən miqdarda insan orqanizmi üçün çox vacib və faydalıdır.

 

Zülal

Zülallar hər bir canlı hüceyrədə olur. Onlar yeni hüceyrələrin yaranması, bütün orqanizmin toxumalarının bərpası və inkişafı üçün lazımdır. Zülal həm heyvan, həm də bitki mənşəli olurlar. Heyvan mənşəli zülallar ən çox süd, ət, balıq və yumurtanın tərkibində mövcuddur. Tərəvəzlər, yarmalar, çörək bitki mənşəli zülallarla zəngindir. Qidalanma üçün meyvələrin, kələmin və kartofun tərkibinə daxil olan zülallar xüsusi əhəmiyyət kəsb edir. Hər bir insan gündə 100-120 qram zülal qəbul etməlidir. Fiziki işlə məşğul olan insanla üçün gündəlik zülal həddi 150-160 qramdır. Bu miqdarın 60 faizini heyvan mənşəli zülallar təşkil etməlidir.

 

Yağ

Süd məhsullarının (kərə yağı, xama, kəsmik, qaymaq, süd) tərkibinə daxil olan yağlar insana daha çox xeyirlidir. Bu yağların tərkibində vitaminlər çoxdur və onlar asanlıqla həzm olunur. Bitki mənşəli yağlar isə yüksək qidalılığı ilə seçilir. İnsana bir gündə lazım olan yağların orta miqdarı 80-110 qramdır. Onların yarısı bitki, yarısı isə heyvan mənşəli yağlar olmalıdır.

 

Karbohidrat

Karbohidratlar da enerji mənbəyi hesab olunur. Onlar məhsulların tərkibinə şəkər və nişasta hüceyrələri şəklində daxil olur. Həm şəkər, həm də nişasta çox dəyərli qida məhsullarıdır. Onlar ən çox bitki mənşəli məhsulların (tərəvəzlər, giləmeyvələr, yarmalar, un, çörək) tərkibində olur. Karbohidratlar mədə-bağırsaq sisteminin düzgün işləməsi üçün lazımdır. zülal,karbohidratlar və yağlar

 

Mineral duzlar

Həyat üçün çox zəruri olan üzvi maddələrdir. Kalsium - sümüklərə, əzələlərin və ürəyin normal işinə; fosfor - sümüklərə, toxumalar və sinir sisteminin işi üçün; maqnium - qan damar sistemi; dəmir - qanın tərkibi üçün zəruridir. Mineral duzlara ən çox meyvə və tərəvəzlərin tərkibində rast gəlinir. Yarmalarda və süd məhsullarında da mineral duzlar var. Fosfor - ət, balıq, pendir, kələm, yumurta və çörəkdə; maqnium - yarmalarda, qara çörəkdə; dəmir - təzə göyərtidə, ətdə və çörəkdə var. Hər gün orqanizmə orta hesabla 0,8-1 qram kalsium, 1,5-1,7 qram fosfor, 0,3-0,5 qram maqnium, 1,4-1,6 qram dəmir lazımdır.

 

Vitaminlər

A vitamini orqanizmin ümumi fəaliyyətinə təsir edir, infeksion xəstəliklərə qarşı mübarizəni gücləndirir, görmə orqanının fəaliyyətinə kömək edir. Bu vitaminə süd, pendir, yağ, kəsmik, yumurta və qara ciyərdə rast gəlinir. Yerkökü, göy soğan, kahı, pomidor və əriyin tərkibinə olan keratin maddəsi orqanizmdə A vitamininə çevrilir. A vitamininin gündəlik miqdarı 1 milliqram olmalıdır.

B1 vitamini dözümlülüyü və iştahanı yüksəldir, sinir sisteminə yaxşı təsir edir, soyuğa davamlılığı artırır. Bu sözü gedən vitaminin çatışmazlığı zamanı iri döyülmüş undan hazırlanan çörək yemək məsləhət görülür. B1 paxlalılarda, qaraciyərdə, mayada da olur. Yetkin insanın gündəlik qidasında B1 vitamininin miqdarı 2 milliqram nəzərdə tutulur.

B12 viatmini gözlərin və dərinin sağlamlığı üçün vacibdir. Onun mövcudluğu qidanın orqanizm tərəfindən yaxşı həzm olunması üçün də lazımdır. Sutka ərzində 2 milliqram B12 vitamini qəbul etmək lazımdır. C vitamini orqanizmin infeksion xəstəliklərə qarşı mübarizə gücünü və immuniteti artırır, skorbutdan (diş ətinin xəstəliyi) müdafiə edir. S vitamininin gündəlik norması 50 milliqramdır.

D vitamini kalsium və fosforun sümüklərdə toplanması prosesini təmin edir. Bu maddə ən çox körpə uşaqlara lazımdır. Onun çatışmamazlığı körpələrdə raxit xəstəliyinin əmələ gəlməsinə səbəb olur. P vitamini kapilyarların divarlarını möhkəmləndirir.

P vitamini orqanizmi sinir sistemi xəstəliklərindən qoruyan vitamindir. Vitaminin gündəlik qəbul miqdarı 15 milliqramdır. Gərgin əməyin kəskin artması zamanı, hamiləlik dövründə və uşağa süd verərkən orqanizmin vitaminlərə tələbatı yüksəlir. Uşaqların inkişafı dövründə də vitaminlərin gündəlik norması artırılmalıdır. Yuxarıda sadalanan vacib maddələr orqanizmdə parçalanaraq kaloriyə çevrilir. Məsələn, 1 qram zülalın parçalanmasından 4,1 kalori, 1 qram yağın parçalanmasından isə 9,3 kalori ayrılır.

 

Hər bir insan üçün lazım olan gündəlik kalorinin miqdarı orqanizmin "daşıdığı yükdən" asılıdır. Əqli işlə məşğul olan insanlara gündə 3000, mexaniki fiziki işlə məşğul olanlara 3500, ağır fiziki əməklə məşğul olanlara 5000, idmançılara isə 6500-7000 kalori lazımdır.

 

Röya Rasimqızı,

“İki sahil”